Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







28.11.09/Jalə İsmayıl/Nikolae Labişin "Cüyürün ölümü" şeiri

Nikolae Labişin "Cüyürün ölümü" şeiri ®

Tarix: 28.11.09// Tədqiqatçı: Jalə İsmayıl

Nikolae Labiş

   1950-ci ilin noyabrı. Yassı şəhərində gənc yazıçıların forumu keçirilir. İştirakçılar arasında 15 yaşlı bir lisey tələbəsi də var. O, tədbirdə özünün "Güclü ol və döyüş, Nikolae!" şeirini oxuyur. Şeir dinləyicilərin xüsusi rəğbətini qazanır. Bir ay sonra "İasul nou" ("Yeni Yassı") qəzeti bu şeiri çap edir. Sonralar da sözügedən qəzetdə Nikolae Labiş və Nikolay Malin imzaları tez-tez görünməyə başlayır. Beləliklə, rumın ədəbiyyatına yeni bir imza gəlir. Bu imzanın ömrü cəmi 6 il olsa da, hələ də tənqidçilərin müzakirə obyektidir.
   Nikolae Labiş 1935-ci il, dekabrın 2-də müəllim ailəsində anadan olub. O, məktəbdə yaxşı oxuması, rəssamlıq qabiliyyəti, gözəl qiraət bacarığı ilə müəllimlərinin diqqətini çəkmişdi. İstedadlı gənc elə ilk şeirlərindən başlayaraq ədəbi ictimaiyyət tərəfindən qəbul olunmuşdu. Tanınmış ədəbiyyatçılar şairi müdafiə edir, gənclər onun ətrafında olmağa can atırdılar. Ancaq qəfil qəza bu istedadın ömrünü yarıda kəsir. İlk və son kitabının çap olunmasından bir neçə gün sonra 21 yaşını yenicə qeyd etmiş şairi küçədə tramvay vurur. Xəstəxanada Labişə kəllə-beyin və onurğa sütununun travması diaqnozu qoyulur. O, tərpənməz halda yataqda can verərkən dostu Aurelu Kovaça son 11 şeirini diqtə edir.

Rubin dimdikli quş məni öldürdü
Sabah bu quşun balalarının
dimdikləri haqqında
xoş xatirələr qalacaq.
Nikolae Labişin qalıqlarını tapacaqlar*

   1956-cı il, dekabrın 22-də dostları onun ölüm xəbərini eşidirlər. Dekabrın 24-də Yazıçılar Evindəki vida görüşündə gənc şairlərdən Eucen Jebelyanu, Corce Tomozey və Paul Corcesku çıxış edirlər. Paul Anqel isə "Cüyürün ölümü" şeirini oxuyur. Labiş böyük rumın şairi Emineskunun da dəfn olunduğu Bellu qəbirstanlığında torpağa tapşırılır.
   Sağlığında yalnız bir kitabı nəşr olunmuş şairin ölümündən sonra, 1958-ci ildə "Ətalətlə mübarizə" kitabı çap edilir. Bir il sonra "Cüyürün ölümü" oxuculara təqdim olunur. 1962-1985-ci illər ərzində isə 12 kitabı işıq üzü görür.
   Labişin yaradıcılığına keçmədən öncə onun dünyasını dəyişməsilə bağlı  fərziyyələr üzərində dayanmaq istərdik. İstedadlı şairin ölümü bu gün də ən azı onun yaradıcılığı qədər müzakirə olunan mövzudur. Ölüm faktı ilə bağlı əsasən üç variant üzərində dayanılır. Birincisi rəsmi versiyadır - təsadüfi qəza. Sinif yoldaşı Georgi İonisa yazır: "O, rejim üçün o təhlükəli deyildi. Əksinə, onu öz tərəflərinə çəkə bilərdilər. Çünki, o, hamıdan istedadlı idi" (www.nordlitera.ro). İkinci versiya intihardır. 80-ci illərdə dostları yazırdılar ki, o, artıq istedadının qəbul olunduğunu söyləyir, həyatının qalan hissəsini bu adın kölgəsində yaşamaq istəmədiyini bildirirdi. Buna görə də tramvayın altına atılmaqla özünə qəsd edib. Sonuncu və çoxlarının bölüşdüyü versiya isə onun Sekuritate (xüsusi xidmət orqanı) tərəfindən öldürülməsidir. Qəzanın ertəsi günü şair özü dostuna deyib ki, tramvay yoluna yıxılandan sonra üç dəfə belinə dəyib qayıdan təkər görüb (www.gds.ro).
   Dostları hesab edirlər ki, Labişi həmin vaxt qəsdən öldürməyiblərsə də belə, onun rejim üçün təhlükəli olduğu artıq məlum idi. 1989-cu il inqilabından sonra Georgi Tomozey Labişi ilk rumın dissident şairi adlandırmışdı: "O, poeziya və ideologiya arasında sərhəd çəkirdi. Əlbəttə ki, həbsxana o qədər də uzaqda deyildi" (www.supercarti.ro). Dostlarının xatirələrinə əsasən, Labişin aktiv siyasi fəaliyyət göstərdiyini söyləyə bilərik. O, Bessarabiya məsələsində hökumətə qarşı kəskin mövqe tutmuşdu. 1956-cı il, noyabrın 3-də iştirak etdiyi toyda kral Rumıniyasının himnini oxumuşdu. Həmin ay Macarıstandakı inqilab ərəfəsində keçirilən antisovet toplantısında qəfil ayağa qalxıb Emineskunun qadağan olunmuş "Doyna" şeirini söyləmişdi. O, həmçinin sonradan repressiyalarla nəticələnmiş tələbə hərəkatının yığıncaqlarında da iştirak edərdi. Onun gənclər arasında populyarlığı durmadan artırdı. Bütün bunlar isə özünə güclü müxalifət arzulamayan rejim üçün kifayət qədər ciddi faktlar idi.
   Labişin şeirləri, məqalələri, novellaları bir-birindən fərqlənsə də, onların hər birində gənc insanın ədalət axtarışları özünü göstərir. O, istər çox uzaqda olmayan uşaqlığından, istərsə də görmək istədiyi gələcəyindən eyni ehtirasla yazır. Onun şeirləri şairin həyat haqqında düşüncələrinə işıq salır və biz görürük ki, gənc yaşına baxmayaraq, Labiş necə böyük müşahidəyə və dərin düşüncəyə sahibdir. O özünü təkrarlamır. Demək olar ki, bütün şeirləri insanı emosiyalar burulğanına salmaq iqtidarındadır. Eyni zamanda bütün yaradıcılığı onun şəxsi həyatı ilə vəhdət təşkil edir, sanki şair yalnız özünü yazır. Bununla belə, şair öz səsini dünyaya çatdırmaq, hamını özünün, ölkəsinin durumundan xəbərdar etmək istəyir. Ədəbiyyatşünas E.Lovinesku hesab edir ki, Labiş şimal moldovan incəsənət məktəbinə – incəsənətin qızıl meydanına məxsusdur və onun öhdəlikləri var: "Şimal moldovan dialekti müdafiə və susqunluq məkanı ola bilər, ancaq o, tamamilə gizlənmək üçün deyil. İnsan bu məkandan çıxmalı və səsini dünyaya yaymalıdır" (Simion Eugen. Fragmente critice. Craiova: Scrisul românesc, 1997, səh. 341).
   Labiş öz əsərlərində müasirlərinin problemlərindən yazmağa üstünlük verir. Onların yeni həyat simvollarını tapmağa çalışır. Yaradıcılığının ilkin mərhələsindəki pafos, çoxlu ritorika gündəlik qayğıların realist təsvirilə birləşib maraqlı bədii mənzərə yaradır. Daha sonra həyatın təsviri, yaşam məqsədinin axtarışları ön plana keçir.
   Haqqında danışacağımız "Cüyürün ölümü" şeiri Labişin rumın poeziyasında özünəməxsus yeri olan əsərlərindən biridir. Şeir ilk baxışda bir uşağın ov təəssüratlarından başqa bir şey deyil. O, atasıyla ova çıxıb. İsti hava şəraitində çətinliklə hərəkət etmələrinə baxmayaraq, onlar ov tapmaq ümidlərini itirmirlər. Ata xəstə qızına yemək aparmaq üçün mütləq ov vurmalıdır. Nə qədər istəməsə belə, o, bulağa su içməyə gəlmiş cüyürü öldürməli olur. Uşaq heyvanın ölümündən sarsılsa da, aclıq güc gəlir və o, ağlaya-ağlaya cüyürün ətindən yeməyə başlayır.
   Şeirin əvvəlində ölümdən öncəki ab-hava təsvir olunur. Şair belə bir mühitin ölümə yol açdığına inanır - ölüm üçün münbit məkan. Əsər boyu biz olduqca dolğun təsvir olunmuş təbiət mənzərələrinə rast gəlir, bütün çılpaqlığı ilə oxucunu heyrətə salan insan yaşantıları ilə qarşılaşırıq. Şeiri oxuduqca istər-istəməz gözümüz qarşısında mükəmməl bir peyzaj canlanır: Qızmar Günəş ətrafdakı hər şeyi yandırıb külə döndərib. Ağacların yarpaqları tamamilə quruyub. Küləyin belə nəfəsi kəsilib. Su içmək üçün vedrə salınmış quyudan su əvəzinə palçıq çıxır. Uşaq əziyyətə dözməyərək ağlayır. Göz yaşları ağzına dolub. Uşaq özünü hələ insan tərəfindən kəşf olunmamış, sahibsiz bir yerdə hiss edir. Karpat dağlarında dözülməz bir vəziyyət yaranıb.
    Ov axtara-axtara bulağa çatsalar da, atası uşağa su içməyə icazə vermir. Çünki onlar ovu hürküdə bilərlər. Ov gözləyərkən uşaq yenə də havanı təsvir edir. O, alatoranı qırmızı rəngdə görür və paltarındakı qırmızı rəngi başqasının yanıb sönməkdə olan qanı hesab edir. Ac olmasına baxmayaraq, uşaq cüyürün bulağa gəlməməsini arzulayır.

Dünyanın ən gözəl qurbanı,
Gəlmə! İnanma susuzluğuna!
 
   Su içmək üçün gəldiyi yerdə cüyürü ölüm gözləyir. Bütün rəsmi qadağalara,  xeyirxah qəlbə sahib olmalarına baxmayaraq, cüyürü öldürməyə məcburdurlar:

Bizim qanunlar çox sərtdir
Xeyirxahlıq da qəddarlaşıb artıq
Bacım ölümcül xəstədir
Evdə yeməyə bir tikə çörək yoxdur

   Şeirdə bir neçə ziddiyyətli məqam vardır. Yaşamaq üçün su içməyə məcbur olan Cüyür əslində öz ölümünə doğru gəlir. O ölməlidir ki, başqa biri yaşaya bilsin. Burada həyatın davamediciliyinə işarə edilir. Birinin yaşamağı o birinin ölümündən keçir. Uşaq da cüyürün ətini ağlaya-ağlaya yeyir. Aclıq hissi bütün mənəvi dəyərləri öldürüb. İnsan yalnız özünü düşünür, nəyin bahasına olursa, olsun, bu həyatda qalmaq istəyir. Uşaq eyni zamanda da cüyürdən bağışlanmasını diləyir:

Mən yaşamaq istəyirəm!
Mən acam!
Ah gözəl-cüyür,
sən əbədi bağışla məni...

    Şair hesab edir ki, Cüyür gözəl bir qızdır. Bu, mifologiyada özünə yer almış bir inancdır. Ona görə də Cüyürün ətini yeyərkən məhz qızdan üzr istəyir. Yeyə-yeyə həm də düşünür ki, görəsən, cüyürü yarmaqla məşğul olan atası nə fikirləşir. Uşaq aclıq hissi ilə əzab çəkən vicdanı arasında vurnuxur. Əzab çəkə-cəkə də yeməyə davam edir. Ölüm-həyat qarşılaşdırmasından başqa atanın qəddarlığı ilə uşağın xeyirxahlığı da ziddiyyət təşkil edir. Ata və oğul tamamilə bir-birinin əksi olan obrazlar kimi meydana çıxır. Qəddarlıq və çarəsizlik eyni vaxtda təsvir olunur.
    Cüyürün bulağa yaxınlaşması zamanı onun burun deşiklərindən çıxan zərif nəfəsin suyu necə titrətməsi də şairin diqqətindən qaçmır. Ümumiyyətlə, biz bu şeiri "detallar vəhdəti" kimi dəyərləndirə bilərik. Havanın, susuzluğun, qürub etməkdə olan Günəşin təbiətə, insanlara təsiri, güllə dəymiş cüyürün başını sonuncu dəfə göyə qaldırıb dizi üstə yerə çökməsi, zərif kirpiklərini yumması,  güllə səsindən uşağın diksinməsi, atanın sevinclə qışqırması və digər detallar mənzərənin mükəmməliyinə öz töhfəsini verir. Uşağın dilindən hətta bir qətldən sonra meşənin dəyişməsi də olduqca inandırıcı səslənir.

Tüfəngin bir lüləsi tüstülənir
Meşə necə dəyişib
Bircə qətl! Və yarpaqlar
Quşlar kimi çarpaz uçur.

    "Cüyürün ölümü"nü II Dünya müharibəsini arxada qoyaraq yeni siyasi idarəetmə yolu tutmuş Rumıniyanın təsviri kimi də təhlil etmək olar. Küləyin hər nəfəsini öldürən quraqlıq, susuzluq, ac uşaqlar, ədalətsiz həyat, birinin yaşaması üçün digərinin ölmək zərurəti və ümumilikdə bu haqsızlıq içində yaşayıb nəyisə dəyişməyə gücü çatmayan aciz insanlar. Bu insanlar gözləri qarşısında baş verən bütün haqsızlıqlara sadəcə müşahidəçi mövqeyindədirlər. Onlar yalnız sağ qalmaq uğrunda yaşayırlar, bu yolda başqasının haqqını tapdalamaqdan, başqasını öldürməkdən çəkinmirlər, onların mənəviyyatı aşılanmış, böyük idealları ölmüş və yalnız ağlaya-ağlaya dərd çəkməyi bacarırlar. Cüyürün ölümü insanlığın ölümüdür. Belə bədbinlik Labiş poeziyası üçün xarakterik olmasa da, yaşadığı dövrün real əksi yalnız belə idi. "Karpat dağlarındakı ağır vəziyyət" məhz Rumıniyanın vəziyyəti idi. Fikrimizcə, "Cüyürün ölümü" öz sətiraltı mənalarına görə rumın poeziyasının ən gözəl nümunələrindən biridir. Labişin dəfni zamanı məhz bu şeirin oxunması da təsadüfi deyildi.
    "Cüyürün ölümü"nün özünə belə nüfuz qazanmasında onun mükəmməl dilinin də xüsusi rolu vardır. Ümumiyyətlə, Labişin şeirləri özünün zəngin rumın dili ilə seçilir. Rumın dilindən çox səxavətlə istifadə edildiyini gördükdə, oxucuya elə gəlir ki, dilin zənginliyini qabartmaq şairi əsərin bədii keyfiyyətlərilə eyni dərəcədə narahat edir.
    Əminik ki, Labişin mükəmməl əsərlərindən olan "Cüyürün ölümü" bədii keyfiyyətləri, fəlsəfiliyi və möhtəşəm dili ilə bundan sonra da özünə oxucu qazanmağa davam edəcək.

* (România Literară № 51-52, 2006, səh. 17;  Şeirlərin rusca və rumıncadan sətri tərcüməsi məqalə müəllifinə məxsusdur )

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107