Gözəllər
Məclislərdə dəstə ilə düzülər,
Qaş altından qara gözlər süzülər.
Hər baxanda ürək dözməz üzülər,
Nazlanıb özlərin öyər gözəllər.
Səhər, axşam bulaq üstdən keçəndə,
İçlərindən bir nazənin seçəndə.
Əllərindən kuzə alıb içəndə,
Yazıq nə yanıbdır, deyər gözəllər.
Sabiri əzəldən salıblar dərdə,
Sızlayan ürəyi sağalmaz birdə.
Hər il bahar gəlcək bizim bu yerdə,
Lalədən don biçib, geyər gözəllər.
Cənnətdir yerim
Yolumu gözləyir Kəlbəcər, Laçın.
Neçə il bağlanmış yolları açın!
Muştuluq almağa qarşıma qaçın.
Qəlbimi çıxarıb mən sizə verim,
Bilim ki, rahatdır, cənnətdir yerim.
Qubadlı, Zəngilan, ay gözüm Şuşa,
Sizi itirənlər dönəydi daşa.
Gün olsun ki, verib baş-başa,
Torpağından öpüb, gülündən dərim,
Bilim ki, rahatdır, cənnətdir yerim.
Ağdamım, Füzuli, bir də Zəngilan,
Daşnaqlar əlində olubdur talan.
Atamın, babamın yatağı qalan,
Torpağım alınsın,yox olsun sərim,
Bilim ki, rahatdır, cənnətdir yerim.
Qarabağım qəriblikdən sıxılır,
Azadlığı danışıqla baxılır.
Sabirəm, ürəyim yanıb – yaxılır.
Gözlərəm xoş xəbər, Allaha kərim,
Bilim ki, rahatdır, cənnətdir yerim.