Gözəl pişiyim, sadaqətli qadınım və güclü istedadım var
Tarix: 10.04.08// Tərcümə: Barat Talıbzadə
- Murakami-san, caz-barınızın axırı necə oldu?
- Bağlandı. Heç təsəvvürümə də gətirməzdim ki, bu caz-barı düz 7 il işlədəcəyəm. Hərdən dostlarım soruşur ki, niyə belə tez bitdi hər şey: axı hər axşam ora yığışıb əylənərdik. Bəzən də darıxıram o günlər üçün. Amma yadıma bizim sərxoş müştərilər düşəndə fikirləşirəm ki, yaxşı ki, "Murakaminin caz evi" daha fəaliyyət göstərmir. Bu da bir təcrübə idi.
- Sərxoş müştərilərlə ünsiyyət?
- Xeyr, barmenlərlə iş. Mən onların işinə baxdıqca düşünürdüm ki, insan hər hansı bir işin ustası olmaq üçün mütləq istedadlı doğulmalıdır. Bu fikir yazıçı olmaq istəyənlərə də aiddir. Bəzən məndən soruşurlar ki, yaxşı yazıçı olmaq üçün nə etmək lazımdır. Mən də cavab verirəm ki, bu dünyaya istedadlı gəlmək gərəkdir. İnanın, belə olmasa, "yazıçıyam" deyib yazdığınız hər şey lazımsız, bu işə sərf etdiyiniz vaxtsa hədərdir. Hərdən mənə elə gəlir ki, ümumiyyətlə, yaşamağın özü vaxt öldürmək kimi bir şeydir.
- Deməli, yaşamaq-zamanı boşuna sərf etməkdir?
- Məncə, bu belədir. Amma məsələn, mənim "vaxt öldürməkdən" xoşum gəlir. Gözəl bir pişiyim, sədaqətli qadınım, cazı dinləyib anlaya biləcək qədər səviyyəli "qulağım" və istedadım var. Bütün bunlara baxmayaraq, elə bilirəm ki, zamanı səfeh-səfeh şeylərə xərcləyirəm.
- Tənqidçilər qeyd edir ki, Murakami özündən savayı heç bir yazıçını bəyənmir, bu doğrudur?
- Tənqidçilərə bunu kim deyib, mən belə şey deməmişəm (gülür). Xeyr, əslində belə deyil, əsərlərini çox bəyəndiyim yazıçılar var: Heminqueyi, Hüqonu sevə-sevə oxuyuram. Amma Dostoyevski yaradıcılığına qibtə edirəm. Onun "Karamazov qardaşları"nda izhar etdiyi fikirlər Allahın öz bəndəsinə bəxş etdiyi ən böyük istedadın təzahürüdür. Romanı belə yazarlar! Dostoyevski mənim aləmimdə "absolyut yazıçı", "Karamazov qardaşları" isə "absolyut romandır". Bütün ömrüm boyu belə bir əsər yaratmağı arzulamışam. Zənnimcə, "Qurulma quşun xronikası" romanı ilə mən bu arzuma bir addım yaxınlaşmışam. Lakin, Dostoyevski aləminə yaxınlaşdıqca, o uzaqlaşır, məni həmişə arxada qoyur. Ömür də gedir axı... Bəs mən nə zaman ona yetişərəm. Heç vaxt...
- Bir neçə ildir ki, yenidən Yaponiyada yaşayırsınız. ABŞ-a niyə köçmüşdünüz?
- Yaponiyada hər şeydən bezmişdim. O qədər problemim vardı ki... ABŞ-da beş il yaşadım. Çox qəribədir ki, məhz yad ölkədə öz vətənim barədə, yaponlar haqqında yaza bildim. Bilirsiniz vətən barədə, qürbətdə daha yaxşı yazılar yazmaq olur. Məsafə böyüdükcə ölkən daha aydın görünür, olduğu kimi. O vaxta qədər mən yalnız özüm və öz aləmim barədə yazırdım.
-Yaponiyada Kansay və Kanto rayonları açıq-aşkar rəqabət aparır. Sizinsə əsərlərinizdə bu rəqabət barədə cümlə belə yoxdur. Axı siz, Kansayda boya-başa çatıb Kantoya köçənlərdənsiniz.
-Doğru deyirsiniz, 18 yaşımdan Kantoda yaşayıram. Tokio Universitetinə qəbul olduğum zaman ən böyük problemim Kansay dialekti idi. Yaponiyadan canımı qurtarmaq istədiyim qədər bu dialektdən də qurtulmaq istəyirdim. Təxminən 1 ilə Kansay ləhcəsini "tərgitdim". Mənim həyat yoldaşım Tokiodandır, Tokionun mərkəzindən. Onu çox sevirəm, tokiolulara ehtiramım var, amma mən indi başa düşmüşəm ki, onlar həmişə kansaylılardan aşağı pillədə olublar. Və indi dialektimi dəyişmək üçün vaxt sərf etdiyimə peşmanam.
- Tokiolular mədəniyyətlərilə zəifdir?
- Bəli. Kansaylılar daha intellektlidirlər.
- Siz həm də kifayət qədər təcrübəli tərcüməçisiniz. Nə verib tərcümə sizə?
- Tərcümə sənəti qələmimi itiləyib. Mən Truman Kapoteni, Reymond Çandleri, Frensis S. Fitsceraldı, Reymod Karveri tərümə edə-edə onların yazı manersına, bu və ya digər şeyə yanaşma tərzinə bələd olmuşam. Tərcümə edə-edə saatsaza çevrilmişəm, istənilən əsəri saat kimi söküb yenidən yığa bilirəm.
- Amma sizin yazı maneranız fərqlidir.
- Təbii, mən əsasən "sisyö-sesu" (yap. gündəlik, "özün barədə roman"-B.T) janrında yazıram. İlk romanın işıq üzü görəndə məni iki-üç tənqidçidən savayı heç bir məsləkdaşım dəstəkləmədi. Onların arasında mənə indiyədək nifrətlə yanaşanlar da var. Amma şükürlər olsun ki, oxucularım peyda oldu. Deyrilər, oxucun varsa yaşayacaqsan. Zaman keçdikcə onların sayı artdı. "Norveç meşə"sindən sonra oxucularım say etibarilə milyonu keçdi. Bu böyük rəqəmdir. Belə auditoriya ömürdə bir dəfə olur. Hər yeni romanım dərc olunduqca yaşayışım da düzəlir.
- Nə mənada?
- Axı siz bilirsiniz ki, mən ayda iki roman yazan yazıçılardan deyiləm. Beş ilə bir roman yaza bilsəm böyük şeydi. Bu beş ildə nəsə yemək də lazımdı axı (gülür). Ona görə də mən romanlarımın gəlir gətirdiyini görəndə sevinirəm.
- Bəs hekayə yazmaq üçün nə qədər vaxtınız gedir?
- Təxminən bir həftə.
- Nə az...
- İlk üç günü müəyyən qeydlər edirəm. Sonrakı iki günü hekayəni bitirirəm. Daha sonra hekayəni bir günlük redaktorlarıma verirəm. Sonuncu gün bir daha əl gəzdirib atıram kompüterimdəki xüsusi qovluğa, nə vaxt dərc olunar, olunar. Vəssalam.
- Bu sizin üçün adi tempdir?
- Xeyr, xeyr. Mən bir neçə aydır ki, bu templə yazmağa başalmışam. İndi ayda 3-4 hekayə yazıram. Mən bunu özünü tam təsdiqləməmiş, kifayət qədər oxunmayan, tənqid olunmayan, qəbul edilməyən yazıçılara məsləhət görmürəm. Bu çox təhlükəli olar, yazarsan, yazarsan bir də onda ayılarsan ki, yazdıqların kimsəyə lazım deyil. Buna görə də il ərzində iki-üç normal hekayə yazmaq pis olmazdı.
- Hər gün qaçaraq 40 kilometr məsafə qət edirsiniz. Bundan sonra hekayə yazmaq olur?
- Niyə olmur?. Adamlar elə bilir yazıçının damağında siqardan, müştükdən nəsə olmasa əsil yazıçı ola bilməz. Bu gülməlidir. Mən bunu 33 yaşımda başa düşdüm və tütünlə birdəfəlik vidalaşdım.
"Letterpress" jurnalı (Avstriya)
Həmsöhbət: Rupert Tellman
çap versiyası
poçtla göndər
© Lit.az