Qabriel Qarsiya Markes: "Lənətə gələsən, Kafka"
Tarix: 28.03.08// Tərcümə: Cavid Cəfərzadə
- Maestro, ilk müəlliminiz kim olub?
-Şəxsiyyət kimi formalaşmağımda, bacarıqlarımın inkişafında xüsusi əməyi olan hər kəsi özümə müəllim bilirəm. Həyatımda belə adamlar çox olub. Babam rəhmətlik, palkovnik Nikolas Rikardo Markes Mexiya əla kişiydi. Həm də əla zərgəriydi, qızıldan nə desən hazırlardı; üzükdən tutmuş qarmağacan... Onun evində böyümüşəm. Mənə iştirakçısı olduğu vətəndaş qarşıdurmasından danışardı, nəyin necəliyini izah edərdi. Mən də bir-birinin ardınca suallar yağdırardım. Palkovnik Markes məni anlayan yeganə yaxınım idi. Uşaqlıq və yeniyetməlik illərində xeyli fantaziyalar qurardım, hadisə uydurardım, özümü xəstəliyə vurardım. Bunları etməkdə yalnız bir məqsədim vardı: həyatı daha maraqlı etmək və ona çalar qatmaq. Əvəzində məni yaxşıca söyürdülər, “gopçusan” deyirdilər. Təkcə babam, bu fantaziyalara görə məni heç vaxt məzəmmət etməzdi. Görünür, balaca gopçuda gələcəyin yazıçısına xas əlamətlər sezibmiş. O, rəhmətə gedəndə səkkiz yaşım vardı. Nə qədər qəribə görünsə də sizə bir məsələni açmaq istəyirəm: indiyədək yazdığım bütün əsərlər həmin vaxt mənimlə və məni əhatə edən dünyayla nə baş verdiyini təsvir etməkdən başqa bir şey deyil.
...Bu sırada liseydə mənə ispan dili və ədəbiyyatından dərs demiş don Karlos Xulio Kalderon Ermidanın da adını çəkməliyəm. Məhz onun sayəsində mən ilk şeirlərimi yazmağa başlamışam. Sonradan yenə də onun köməyilə “El Tempo” qəzetində şeirim çap olundu.
- Şeiri xatırlayırsınızmı?
- Çox təəssüf ki, indi o şeir yadımda deyil. Amma dəqiq bilirəm ki, liseydə sevdiyim bir qıza həsr etmişdim. Yadımdan çıxmamış onu da deyim ki, ilk kitabımın ilk nüsxəsini don Karlosa hədiyyə etmişəm.
- Bəs ədəbiyyatda don Markesə "ipucu" verənlər kimlər idi?
- Bəziləri bunu açıqlamaqdan çəkinir, amma mən burda qəbahətli bir şey görmürəm. Ümumiyyətlə ədəbi təsir çox düşündürücü bir şeydir. Çoxdandı ki, bu barədə düşünməkdəyəm. Yadımdadı, hələ çox gənc yaşlarımda Kafkanın “Metamorfozlar” adlı hekayələr toplusunu əldə etmişdim. Kitabı oxudum və xeyli müddət özümə gələ bilmədim, şok olmuşdum. Fikirləşirdim ki, “Budur! Və əgər ədəbiyyat bunun özüdürsə, onda yazmağa dəyər.” Kafka mənə ədəbiyyatın sirlərini açdı, o zamanadək ədəbiyyatda qəbuledilməz və qadağan olunmuş saydığım bir çox nəsnələri alt-üst etdi. Hərdən (gülür) zarafatyana deyirəm ki, “Lənətə gələsən, Kafka”. Amma mən ona çox şey borcluyam. Kafkanın təsiri ilə mən ilk dəfə nəsrdə özümü yoxlamağa başladım. Deyə bilmərəm, həmin hekayələr necə alınıb, amma bu bir faktdır ki, ədəbiyyatçılar əsərlərimin külliyyatına o hekayələri hər zaman daxil ediblər. Lakin mən həmin əsərləri ciddi hesab etmirəm, çünki insanlara demək istədiklərim yoxuydu o yazılarda.
Folkner də mənə çox şey öyrədib. Anadan olduğum Arakataka kəndilə Folknerin yaşadığı yer, mühit, adət-ənənələr arasında oxşarlıqlar çoxdur. Mən də Folkner kimi qatar stansiyası yaxınlığında böyümüşəm. Onun yaradıcılığı mənim üçün hər zaman doğma olub. Virciniya Vulf adlı bir şairə vardı, bilmirəm onu tanıyırsınız, ya yox? Onun da yaradıcılığıma kifayət qədər təsiri olub. Və ən nəhayət Nikaraqua şairi Ruben Darionun adını çəkməliyəm. Onun şeirləri, Qəraib Amerikasının mifik, sirli dünyası haqqındakı fikirləri olmasaydı “Patriarxın payızı”nı yaza bilməzdim.
- Dünən 80 yaşınız tamam oldu. (6 mart 2008). Özünüzü necə hiss edirsiniz?
-80 yaşlı qoca kimi. Kim sizə desə ki, adamın səksən yaşı olanda da “cavan” ola bilər, inanmayın, yalandı. İndi mən necə deyim ki, “hər şeyi yenidən başlamağa hazıram”? Necə deyim ki, “gəncliyimdə olduğum kimiyəm”?. Belə şeyləri Fidel Kastro yaxşı bacarırdı, Allah ona kömək olsun, bir az naxoşlayıb. Əslində, sizə bir şey demək istəyirəm: mən elə əzəldən, lap cavan vaxtlarımdan qocalığa hazır idim, özümü ən başdan elə 90 yaşlı kişi kimi aparmışam. Gənclik illərimdə bəzən mənə elə gəlirdi ki, lap babam kimi danışıram. Amma uzun müddət ədəbiyyata gəlməkdən çəkinmişəm. Düzdü, mən mahir gopçu idim, amma düşünəndə ki, budəfəki gopu babama, valideynlərimə deyil, yüzlərə, minlərə sırımalıyam, qələmi bir tərəfə atmağım gəlirdi. Lakin həyat bizim diktəmizlə dövran etmir. Əsil Markes “Həyatı anlada bilmək üçün yaşamaq” adlı əsərimdəki Markesdir. Həmin əsərdə bir cümlə var: “Həyat yaşanılmış deyil, onun haqqında xatirələrindir, onu izah etmək bacarığındır.” Mənim həyatım da bundan ibarətdir.
-Deyirlər sizin başınıza xeyli maraqlı iş gəlib.
-Kim deyir?
-Elə həmin maraqlı işləri quranlar (gülür)
-Hə, indi sizi anladım... Demək, günlərin birində səhər süfrəsi arxasında adəti üzrə qəzetləri çaparaq oxuyurdum. Birdən səhifədə inanılmaz bir şey gördüm. Müxbir ədəbiyyatla bağlı bir konfransı təsvir etmişdi. Özü də yazmışdı ki, guya konfransa sədrliyi mən etmişəm. Halbuki konfrans keçiriləndə mən evdə oturub televizora baxırdım. Əvvəl istədim redaksiyaya zəng edib məsələni aydınlaşdırım, amma Mersedes imkan vermədi. Dedi “görünür bu məşhurluğun bizə bəlli olmayan tərəfləridi”. Sonralar belə şeylərə alışdım: bir də görürdün budur, dostum Norveçdən zəng edir ki, Osloda olmuşam bunu axtarmamışam, nə bilim, iş yoldaşımın biri zəng edir ki, o günlərdə Çin Universitetində mühazirə oxumuşam amma buna xəbər verməmişəm, gərək gedəndə deyəydim, bu da mənə qoşulaydı, orda professorlarla tanış olaydı. Mən başa düşə bilmirdim ki, jurnalistlər belə şeyləri necə uydurur. Ən maraqlısı da müsahibələr idi... Mənim cavablarımı elə düzüb-qoşurdular ki, oxuyanda “əhsən” deyirdim. Çünki mən yüz il də qalsa elə səlis, məntiqli, anındaca düşünülmış cavablar verə bilməzdim. Sağ olsunlar (gülür).
-Bəs, dostunuzla olan əhvalat? Bəlkə onu da xatırlayaq?
- Bu da çox qəribə əhvalatdı. Bir gün uzun illərdən bəri görmədiyim köhnə bir dostumla rastlaşdım, mənimlə elə görüşdü ki, elə bil dünən ayrılmışıq. Sözün düzü bir az incidim də. O da hiss etdi ki, nəsə birtəhərəm. Dedi “Niyə belə bikef oldun, heç bir həftə bundan əvvəl belə deyildin”. Mən də qaldım məəttəl. O da bir az çaşdı. Xeyli fikirləşəndən sonra çantasını açdı, içindən yenicə nəşr olunmuş bir kitabımı çıxardı. Mən kitabın titul səhifəsində qara mürəkkəblə öz imzamı görəndə dəhşətə gəldim. Onun deməyindən belə bir nəticə hasil oldu ki, guya mən bir həftə əvvəl İspaniyada olmuş, imza günü təşkil etmiş və buna da bir kitab hədiyyə etmişəm. Sözün düzü, mən məsələnin üstünü vurmadım. Heç sonralar da belə şeyləri açıb-ağartmadım. Qoy elə bilsinlər ki, imza mənimdi, könülləri şad olsun. İndiyədək də Meksikaya gedəndə Mexikonun adlı-sanlı, çox alicənab, kübar bir sakini mənim görüşümə gəlir. O çox zəngin adamdı. Hər dəfə də mənə yaxınlaşıb “Akapulkolu Umbertoya salamlarımı və hörmətlərimi yetirin. Onun zəhmətlərini unutmamışam” deyib gedir. Demək məsələ belədi, kimsə özünü mənim qardaşım kimi təqdim edir və müəyyən imtiyazlar əldə etməyə çalışır. Adı da guya ki, Umbertodu. Hər dəfə həmin senyoru görəndə ha çalışıram deyəm ki “mənim qardaşım-filan yoxdu” amma deyə bilmirəm. Axı həmin Umberto ona yaxşılıq edib. Mənim başıma belə şeylər çox gəlib. Bir məqalə yazmışdım, “Mənim ikinci “Mən”im”, bax, orda buna bənzər bir neçə məsələyə toxunmuşdum. İndi jurnalistlər lap ağını-bozunu çıxarıblarI iki günün biri qəzetdə, televiziyada elan edirlər ki, bəs, ədəbiyyata ağır itki üz verib- Qabriel Qarsiya Markes bu səhər tanrı dərgahına qovuşub.
- Həmkarlarınız sizə qarşı tez-tez ittihamlar irəli sürürlər, bunlar nəilə bağlıdır?
- Mən bəyan etmişəm ki, İspaniya hökuməti Kolumbiya vətəndaşları üşün viza rejimini aradan qaldıramayanadək, həmin ölkəyə gedən deyiləm, mən bəyan etmişəm ki, sonadək Kuba hökumətini dəstəkləyəcəm, mən bəyan etmişəm ki, son günlərimədək hökumətimizlə partizanlar arasında vasitəçi olacağam və s. və i.a. Bütün bunlar mənə qarşı irəli sürülən ittihamların əsasını təşkil edir.
- Maestro, planlarınız varmı?
- Planlarım tükənməzdir. Və indi Allahdan arzum budur ki, mənə bir az da ömür versin. Ən böyük arzum isə odur ki, (köks ötürür) köhnə dostlarımı qaytarım. Onlar üçün çox darıxmışam. Hərdən, axşamlar Mersedeslə oturub saatlarla zəng gözləyirik. Dost zəngi... Düşünürük ki, indicə kimsə zəng vurub bizi harasa dəvət edəcək, yaxud indicə kimsə bizə qonaq gələcək. Amma dostlardan nə zəng edən var, nə harasa dəvət edən...Bilirsiniz niyə? Çünki onlara elə gəlir ki, həmişə olduğu kimi zəng etdikləri yerdə canlı korifey, başı ciddi əsərlər yaratmağa qarışdığından dostlarını çoxdan unutmuş Qabo, yenə də dəvəti rədd edəcək... Axı mən həmişə bu səhvi etmişəm, axı mən həmişə elə bilmişəm ki, hər şeyə vaxt çatacaq... Əfsus, çox əfsus...Mən hər zaman əsərlərimdə ilahi tənhalığı vəsf etmişəm, bunu aliliyin son zirvəsi kimi qələmə almışam. Demə qələmim mənə gor qazırmış...İndi mən sutkanın 24 saatı öz məşhurluğu ilə tək-tənha qalmış birisinə çevrilmişəm. Sentimentallığa varmadan, sonda bir şey demək istəyirəm, tale mənimlə çox pis zarafat edib.
- Son sualım: müsahibələrinizin birində “sehrbaz” doğulduğunuzu demişdiniz. Doğrudan da belə olmuş olsaydı nə edərdiniz.?
- Əvvəla canımı almağa başlayan bu xəstəlikdən qurtulardım. İkincisi də “Yüz il tənhalıqda” romanını yaradıcılığımdan silərdim. Mən bu romana görə xəcalət çəkirəm, inanın mənı. Hər dəfə kitabı vərəqlədikcə ən azı beş-on məntiqsizlik aşkar edirəm. Əgər bu pulgir naşirlər olmasaydı və məni tələsdirməsəydi belə rəzalət də olmazdı.
"Columbia" jurnalının materialları əsasında (ixtisarla)
çap versiyası
poçtla göndər
© Lit.az