 |
Pablo Neruda-Mənim 100 ilim
Mən çox qəribə bir həyat yaşamışam...Həyatımda o qədər maraqlı hadisələr olub ki, hansını yadıma salsam həyəcanlanıram. Nobel mükafatı isə ömrümdə özünəməxsus yer tutur. Mənim Nobel mükafatımın uzun tarixçəsi var. Neçə illər adım mükafata namizədlərin sırasında çəkilirdi, amma bundan heç bir nəticə hasil olmurdu. 1963-cü ildə isə hər şey daha ciddi oldu. Radio bir neçə dəfə xəbər verdi ki, mənim namizədliyim Stokholmda müzakirə olunur və mən Nobel mükafatını almağa ən real namizədəm. Bax, məhz onda Matildayla mən evimizin müdafiəsi üzrə üç nömrəli planı həyata keçirməyə başladıq. Köhnə darvazamıza iri bir qıfıl vurub, ərzaq, qırmızı şərab ehtiyatımızı tutduq. Mən Simenonun belə vəziyyətdə karıma gələ biləcək bir neçə detektiv romanını da tapdım. Jurnalistlər o dəqiqə gəldilər, amma darvazanın qabağında dayanmalı oldular; bürüncdən düzəldilmiş əla asma qıfıl maneçilik törətdi. Onlar daş hasarın başına yaquar kimi hərlənirdilər. Ümidləri nəyə idi? İsveç akademiklərinin dünyanın o başında keçirdikləri danışıqlar barədə onlara nə deyə bilərdim? Amma jurnalistlər «yumurtadan yun qırxmaq» ümidlərindən əl çəkmirdilər.
***
O il Sakit okeanın cənub sahillərinə bahar gec gəlmişdi. Tənhalıq içində keçən günlər məni bahara yaxınlaşdırdı. Bahar isə gec də olsa, özünün kimsəsiz bayramına ən yaxşı libasını geyindi. Yay vaxtı bura bir damcı da yağış düşmür, torpaq kələ-kötür, daşkəsəkli, gillidir, bircə dənə də göy ot gözə dəymir. Qışda dəniz küləkləri öz qeyzinə sərbəstlik verir, əzəmətli dalğaların duzlu köpüyünü azadlığa buraxır. Qış fəslində bu yerlərdə təbiətin gözəlliyi onun əzabındadır. O dəhşətli təbii qüvvələrin qurbanına çevrilir.
***
Elə bu dəqiqələrdə radio ilə elan etdilər ki, Nobel mükafatını yunan şairi alıb. Jurnalistlər bir anda buxarlandılar. Matildayla mən yenidən sakitlik tapdıq. Köhnə darvazadan qıfılı təntənəli surətdə çıxardıq ki, bütün dünya yenə də içəri xəbərdarlıqsız kirə bilsin. Bahar kimi! Axşam İsveç səfiri öz xanımıyla bizə gəldi. Mənim Nobel mükafatı laureatı adı almağıma arxayın olduqlarından özləri ilə bir zənbil şərab və mer-meyvə gətirmişdilər ki, qələbəmi bayram edək. Şam yeməyimiz heç də qəmgin keçmədi və hərəmiz yüksək mükafata layiq görülmüş yunan şairi Seferisin şərəfinə bir qədər şərab içdik. Gedərkən səfir məni bir kənara çağırıb soruşdu: -Yəqin ki, jurnalistlər məndən müsahibə alacaqlar. Başa salın görüm, bu Seferis kimdir axı? -Bilmirəm-deyə gizlətmədən boynuma aldım. Düzünü desəm Yer adlı planetimizin hər bir yazıçısı Nobel mükafatı almaq istəyir. Bu barədə susanı da, lap bunu inkar edəni də.
Latın Amerikasına gəlincə isə onun ölkələrinin öz namizədləri, öz taktikaları və həsrətini çəkdikləri mükafatı almaq üçün öz planları var. Yəqin ki, elə bu səbəbdən mükafata layiq olanlar belə onu ala bilməyiblər. Məsələn, Romulo Qalyeqos. Onun zəngin ədəbi irsi ən yüksək mükafata layiqdir. Ancaq Venesuela neft ölkəsidir. Başqa sözlə desək, pullu ölkədir və venesuelalılar məhz pulun köməyilə mükafatı almaq istəyirdilər. Venesuelanın İsveçdəki səfirlərindən biri Romulo Qalyeqosu Nobel laureatı eləməyi özü üçün əsas vəzifə sayırdı. O dəbdəbəli qəbullar düzəldir, Stokholm mətbəələrində İsveç akademiklərinin əsərlərini ispanca çap etdirirdi. Yəqin ki, belə canfəşanlıq ehtiyatlı, soyuqqanlı isveçliləri şübhəyə saldı. Romulo Qalyeqos heç bilmədi ki, bəlkə də Venesuela səfirinin həddindən ziyadə canfəşanlığı çoxdan layiq olduğu mükafatı almaqda ona maneçilik törətdi. Nə vaxtsa Çilidə, bilmirəm nə münasibətləsə mənə qəddar yümor donu geydirilmiş kədərli hadisə danışmışdılar. Hadisənin qəhrəmanı Pol Valeri idi. Onun barəsində Nobel mükafatına ən real namizəd kimi söhbət gedirmiş. İsveç akademiyasının qəti qərar qəbul edəcəyi gün səhər ertə Pol Valeri bilmirmiş ki, başını nəylə qarışdıra. Nəhayət, əsasını əlinə götürüb itini çağırır və şəhər kənarındakı evindən gəzməyə çıxır. Evə ancaq günorta, nahara qayıdır. Qapıya çatan kimi katibəsindən xəbər alır: -Zəng vuran olmayıb mənə? -Olub, müsyö. Bir neçə dəqiqə bundan qabaq Stokholmdan zəng çalmışdılar. -Nə deyirdilər?-deyə o sevincini gizlətmədən soruşur. -Bir İsveç jurnalisti qadınların hüquq bərabərliyi hərəkatına münasibətinizlə maraqlanırdı. Valerinin özü bu hadisə haqda yüngül ironiya ilə danışırmış. Amma hər halda kamilliyin zirvəsinə çatmış bu görkəmli fransız şairi Nobel mükafatını almadı. Mənə gəlincə isə Nobel mükafatı məsələsinə həmişə ayıq beyinlə, soyuqqanlı yanaşmışam. Bizim sərt həmvətənimizi- Qabriela Mistralı ucaltmaq məqsədini qarşısına qoymuş bir Çili eruditinin kitabında şairənin müxtəlif yerlərə yola saldığı çoxlu məktublarla tanış oldum. Onun nəcib soyuqqanlığına baxmayaraq bu məktublar tamamilə təbii bir arzudan- məlum məqsədə-Nobel mükafatına yaxınlaşmaq arzusundan doğurdu. Bu məktublar mənə ehtiyatlı olmağı öyrətdi. Mənim adım namizədlər sırasında çəkiləndən (bu isə bir-iki dəfə olmamışdı) İsveçə ayağımı basmırdım. Hərçənd ki, lap yeniyetməlik çağlarımdan-Tomas Laqo ilə mən iftixarla özümüzü kilsədən kənar edilmiş keşiş, möhkəm içki düşkünü Yost Berlinqin şagirdi adlandırdığımız vaxtdan oralar məni cəzb edərdi. Ümumiyyətlə, demək olar ki, hər il namizəd adlandırıldığım lap zəhləmi tökmüşdü. Hər il keçirilən bu yarışlarda adımdan elə istifadə eləyirdilər ki, sanki cıdır atıydım. Bu da məni əsəbiləşdirirdi. Amma Çili yazıçıları, ümumiyyətlə, hər yerindən qalxan İsveç akademiyasının hərəkətini öz ünvanlarına təhqir hesab edirdilər. Bir sözlə belə bir vəziyyətdə gülünc hala düşmək heç də çətin deyildi. Nəhayət, hamıya məlum olduğu kimi, 1971-ci ildə məni Nobel mükafatıyla təltif etdilər. Adım qəzetlərdə yenidən gözə dəyməyə başlayanda Çilinin səfiri kimi Parisə təzəcə gəlmişdim. Buna nə Matilda sevindi, nə mən. Hər il keçirdiyimiz peşimançılıq hissi hər ikimizi bu mükafatla əlaqədar olan bütün şeylərə qarşı biganə etmişdi. Bir dəfə oktyabr axşamlarının birində səfarətxananın mədəniyyət üzrə müşaviri, yazıçı Xorxe Edvards yemək otağına daxil oldu. Özünə xas olan ehtiyatla mənə kiçik bir şeydən mərc qoşmağı təklif elədi. Şərti beləydi: Əgər mükafatı mən alsam Parisin ən yaxşı restoranında nahar təşkil edib onu da, arvadını da ora çağırmalıyam. Əgər almasam Matildayla mənim iştirak elədiyim naharın pulunu özü verəcək. -Razıyam-deyə cavab verdim.-Biz sənin hesabına məmnuniyyətlə nahar edərik. Ertəsi gün Edvardsı mərcə qoşmağa sövq edən səbəbin nədən ibarət olduğunu öyrəndim. Sən demə, ona Stokholmdan bir jurnalist tanışı zəng çalaraq deyib ki, görünür, bu dəfə Nobel mükafatını Pablo Neruda alacaq. Beləliklə, bitib-tükənməyən telefon zəngləri başlandı. Buenos-Ayresdən, Meksikadan, ələlxüsus da bunu artıq real fakt hesab edən İspaniyadan jurnalistlər mənə zəng çalmağa başladılar. Mən, təbii ki, hər cür izahatdan boyun qaçırırdım, amma dəruni narahatlığım özümdən asılı olmayaraq artırdı. Həmin axşam dostluq elədiyim yeganə İsveç yazıçısı Artur Lundkvist bizə qonaq gəldi. Üç-dörd il qabaq o da Akademiyaya seçilmişdi. Parisdən yolüstü keçirdi, səfəri Fransanın cənubuna idi. Şam yeməyindən sonra məni artıq Nobel mükafatı laureatı “eləmiş” jurnalistlərlə danışmağın nə qədər çətin olduğunu ona dedim. -Mənim səndən bir xahişim var, Artur. Əgər hər şey həqiqətən belə olsa mətbuat xəbər tutmamışdan mənə de. İstəyirəm uzun sürən ağır mübarizə yollarında birgə addımladığım Salvador Alyendeyə özüm xəbər verim. Mükafatım barədə xəbəri birinci almasına sevinər. Akademik və şair Lundkvist mənə öz İsveç gözlərilə baxıb son dərəcə ciddi bir tərzdə dedi: -Mən sənə heç bir şey deyə bilmərəm. Əgər bir şey olsa ya İsveç kralı, ya Parisdəki İsveç səfiri sənə o dəqiqə xəbər verəcək. Bütün bunlar oktyabrın 19 və 20-də baş verdi. 21-də səhər isə səfarətxananın salonlarına jurnalistlər doluşmağa başladı. İsveç, alman, fransız televiziyalarının operatorları, Latın Amerikası ölkələrinin televiziya işçiləri səbirsizliklərini gizlətmirdilər. Və bu səbirsizliyin mənim inadlı sükutumun əleyhinə çevrilmiş üsyana dönəcəyi təhlükəsi vardı. Mən isə susurdum, çünki heç nə bilmirdim. On ikinin yarısında İsveç səfiri mənə zəng çalıb onu qəbul eləməyimi xahiş etdi. O, gəlişinin məqsədi barədə bircə kəlmə də demədi. Səfirin zəng çalması ehtirası azaltmadı, çünki görüşümüz iki saat sonra olacaqdı. Telefon isə elə hey özünü yırtırdı. Birdən Parisin radio mərkəzlərindən biri son dəqiqənin məlumatını efirə verdi: «1971-ci ilin Nobel mükafatı Çili şairi Pablo Nerudaya verildi». Mən o dəqiqə aşağı endim ki, çoxsaylı jurnalistlər, fotoqraflar, televiziya işçiləri ordusu ilə üz-üzə görüşəm. Xoşbəxtlikdən mənim köhnə dostlarım Jan Marsenak və Lui Araqon da səfarətxanaya gəlmişdilər. Fransız şairi, mənim qardaşcasına sevdiyim Marsenak sevincindən çığırırdı. Elə Araqon da mənim özümdən artıq sevinirdi. Onların ikisinin köməyi ilə jurnalistlərin öhdəsindən gələ bildim. Cərrahiyyə əməliyyatından təzəcə çıxmışdım, hələ zəif idim, ayaq üstə zorla dayanırdım, addımlarımı inamsız atırdım. O axşam şam yeməyinə dostlarım yığışmışdı. Matta İtaliyadan gəlmişdi, Qabriel Qarsia Markes Barselonadan, Sikeyros Mexikodan, Migel Otero Silva Karakasdan, Arturo Kamaço Ramires Parisin özündən, Kortasar öz gizli sığınacağından. Bir də ki, çilili Karlos Vasalyo. Stokholma onunla bir yerdə getməliydik. Stolun üstündə təbrik teleqramlarından düzəlmiş təpə isə elə hey ucalırdı (İndiyədək onların hamısını oxuyub cavab verə bilməmişəm). Saysız-hesabsız məktublar arasında bir dənə çox maraqlısı və olduqca təhlükəlisi vardı. Əkər məktuba əlavə olunmuş qəzet parçasına inansaq onu hollandiya Qvianasından zənci mənşəli, sifətinin cizgiləri kobud olan bir cənab göndərmişdi. Məktub təxminən bu məzmunda idi: «Mən Corcstaundakı müstəmləkə əleyhinə hərəkatın nümayəndəsiyəm. Xahiş etmişdim ki, Sizə Nobel mükafatının təqdim olunması münasibətilə Stokholmda keçiriləcək yığıncağa məni də dəvət eləsinlər. İsveç səfərətxanasında mənə xəbərdarlıq etdilər ki, qayda-qanuna körə bu məclisə frak geymək vacibdir. Mənim frak almağa pulum yoxdur və onu kirayə götürmək fikrində də deyiləm. Azadlıq qazanmış amerikalı özünü alçaldıb əyninə burovuz paltar keçirə bilməz. Bununla əlaqədar olaraq, Sizə bildirmək istəyirəm ki, yığdığım cüzi pulla Stokholma gəlib mətbuatda çıxış edərək dünyanın ən xəlqi şairi şərəfinə keçirilən mərasimin imperialist xarakterini ifşa edəcəyəm». Noyabr ayında Matildayla mən Stokholma getdik. Köhnə dostlarımız da bizimlə yola düşdülər. Bizi dəbdəbəli «Qrandotel»də yerləşdirdilər. Pəncərələrimiz önündə gözəl, soyuq şəhərin, kral sarayının mənzərəsi açılırdı. Bu ilin digər laureatları-fiziklər, kimyaçılar, həkimlər və sairə də «Qrandotel»də qalırdılar. Onlar xaraktercə çox müxtəlif adamlar idi. Bəziləri təmtəraqlı danışan, dəbdəbəbaz, digərləri isə təsadüfən öz sexlərindən kənara düşmüş fəhlələr kimi, mexaniklər kimi sadə. Villi Brandt oteldə yox idi, o öz Nobel mükafatını-sülh mükafatını Norveçdə almalıydı. Mən buna çox təəssüfləndim, çünki məhz onunla tanış olub söhbətləşmək istəyirdim. Sonralar onu rəsmi qəbullar zamanı görürdüm, amma həmişə kənar adamlar bizi ayırırdı. İsveç qaydasına əsasən təntənəli mərasimdən qabaq elə mükafatlar təqdim olunan zalda məşq keçirilirdi. Bizim-tamamilə ciddi adamların təyin olunmuş vaxtda saraya çatmaq üçün yataqdan qalxan kimi mehmanxananı tərk etməyə tələsməyimiz, lazım olan pilləkənlərlə dırmaşaraq heç nəyi səhv salmadan vaxtında sağa, yaxud sola dönüb sonra da səhnəyə çıxmağımız, mükafat təqdim ediləcək gün əyləşməli olacacağımız kresloda oturmağımız kənardan çox gülməli görünürdü. Özü də bütün bunlar televiziya kameraları qarşısında, kralın boş taxtı və kral ailəsi üçün ayrılmış fəxri yerləri olan nəhəng, bomboş zalda baş verirdi. Heç anlaya bilmədim ki, belə səfeh aktyorlar oynayan tamaşanı lentə çəkmək İsveç televiziyasının nəyinə gərək idi... Mükafatı müqəddəs Lusiya günü təqdim edirdilər. Səhər mən səsdən oyandım: dəhlizdən incə mahnı sədaları qulağıma dəyirdi. Sonra başlarında çələng, əllərində yanan şamlar olan ağbəniz skandinav qızları otağıma daxil oldular. Onlar mənə səhər yeməyi və hədiyyə gətirmişdilər-üzərində dəniz şəkli çəkilmiş böyük, çox gözəl bir tablo. Sonra da bütün Stokholm polisini çaxnaşmaya salan bir hadisə baş verdi. Növbətçi inzibatçı mənə bir məktub verdi. Məktubu Hollandiya Qvianasından elə həmin ipə-sapa yatmayan ziddmüstəmləkəçi imzalamışdı. Məktubda deyilirdi: «Mən Stokholma elə indicə gəlmişəm. Mətbuat konfransı təşkil edə bilmədim. Amma inqilabi hərəkat nümayəndəsi kimi başqa tədbirlər nəzərdə tutmuşam. Yol vermək olmaz ki, təhqir və istismar olunmuşların şairi Pablo Neruda mükafatı frakda qəbul etsin.» Elə buna görə də məktub sahibi özünə yaşıl qayçı alıb ki, hörmətli publikanın gözü qabağında frakımın ətəklərini və digər sallanan şeylərini kəssin. «Sizi bu barədə xəbərdar etməyi özümə borc bilirəm ki, zalda əlində böyük yaşıl qayçı olan qaradərili bir nəfərin ayağa qalxdığını görəndə, nə baş verəcəyini qabaqcadan biləsiniz». Bu qəribə məktubu protokol şöbəsindən məni müşayiət eləyən diplomata verdim və təbəssümlə ona dedim ki, bu qəribə şəxsin birinci məktubunu hələ Parisdə ikən almışam və məncə onun sayıqlamalarını ciddi qəbul eləmək lazım deyil. Cavan isveçli isə mənimlə razılaşmadı: -Bizim gərgin zəmanədə ən gözlənilməz hadisələr belə baş verə bilər. Mənim borcum Stokholm polisini xəbərdar etməkdir,-deyib özünə borc bildiyi vəzifəni yerinə yetirmək üçün otağımı tərk etdi. Yada salmalıyam ki, mənimlə Stokholma tanınmış Venesuela yazıçısı və gözəl şair Migel Otero Silva da gəlmişdi. Bu şəxs mənim üçün təkcə bizim qitənin vicdanı və zəkası deyildi, həm də yaxın dost və sadiq yoldaş idi. Təntənəli mərasimə bir neçə saat qalırdı. Nahar vaxtı dedim ki, isveçlilər Corcstaunda yaşayan bir şəxsin mənə göndərdiyi məktuba görə yaman narahatdırlar. Migel Otero Silva-o da bizimlə nahar edirdi-alnına bir şapalaq vurdu: -O məktubu mən yazmışam, Pablo, sənə sataşmaq üçün. İndi polisə nə deyək? Axı onlar xəyali insanı axtarırlar? -Səni tutacaqlar. Belə zarafat ancaq vəhşilərin əlindən gələr, sən layiq olduğun cəzanı alacaqsan-deyə ona cavab verdim. Elə bu vaxt mənim isveçli hamim qayıtdı. O getmişdi ki, rəislərinə məktub barədə məlumat versin. Çox düşünüb-daşınmadan hər şeyi boynumuza aldıq: -Bu çox yersiz və şit zarafatdır. Məktubun müəllifi bizimlə bir stolun arxasında əyləşib. Yazıq yenə də harasa cumdu. Axı Corcstaundan gəlmiş zəncini axtaran polis artıq Stokholmun bütün mehmanxanalarına baş çəkməyə macal tapmışdı. Bütün ehtiyat tədbirlərinə riayət olunurdu. Biz Matildayla mərasimin keçirildiyi zala daxil olanda, bal verilən zaldan çıxanda adət etdiyimiz portyelərin əvəzinə bizə sarısaçlı, hündür qamətli qarovulçular yaxınlaşırdı. Onlara tapşırmışdılar ki, əlində yaşıl qayçı olan şəxsi mənə yaxın buraxmasınlar. Nobel mükafatının təqdim edilməsi mərasimində ancaq lazım olan yerdə nəzakətlə əl çalan intizamlı və yaxşı tərbiyə almış publika vardı. Qocalmaqda olan monarx hər birimizə əl uzadır, diplom, medal və çek verirdi. Biz də gül-çiçəklə bəzədilmiş, məşq günlərində olduğundan daha ürəyəyatan görünən səhnəyə qayıdırdıq. Kreslolarda bütün Nobel laureatları əyləşmişdilər. Deyirlər ki, (bəlkə də sadəcə olaraq Matildanı sevindirmək istəyirdilər) İsveç kralı mənə başqalarından artıq vaxt sərf etdi, əlimi onlarınkından çox sıxdı və ümumiyyətlə, mənə xüsusi münasibət göstərdi. Yəqin ki, bu uzaq dövrlərin-kralların trubadurlara nəvaziş göstərdiyi dövrlərin əks-sədası idi. Hər halda başqa bir kral mənim əlimi daha heç vaxt nə tələsik, nə də ehtiramla sıxmayıb. Bu ciddi mərasim, heç şübhəsiz, çox təntənəli idi. Görünür, bu təntənə insanlara lazımdır. Amma hər halda mən hiss etdim ki, Nobel laureatlarının paradı ilə kiçik əyalət şəhərciyində şagirdlərə mükafat təqdim olunması arasında çox maraqlı bir bənzəyiş var.
çap versiyası
poçtla göndər
© Lit.az
|