Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...


Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







03.06.08/Oqtay Əhmədov/Xrebtovı küçəsində aşura

Xrebtovı küçəsində aşura

 Tarix: 03.06.08// Yazar: Oqtay Əhmədov 

Oqtay Əhmədov     Zülfiyyə divanda gözləri yumulu uzanıb ara-sıra zarıyır, nənəsi Xatın qarı uzunsov otağın qapısı ağzındakı sınıq-salxaq çarpayıda əyləşib dizlərinə döyür, qardaşı Səid hirsli-hirsli siqaret tüstülədərək evin onsuz da kəsif olan havasını öz "Prima"sıyla daha da ağırlaşdırırdı. Qızının dərdindən bir yerdə duruş gətirə bilməyib qızdırmalı adamlar kimi büzüşərək otaq boyu hey ağır-ağır var-gəl edən Həlimə acı taleyindən, kor baxtından incik, ağlar səslə tez-tez fəryad qoparırdı:
  - Ay Allah, ay Allah, bu lap Kərbəla müsibətindən də betərmiş ki!..
   Zülfiyyənin qəfil, növbəti azarlamasından xəbər tutan qohum-qardaş, qonum-qonşu evə doluşub xəstəni əhatəyə almışdılar. Piyli qarnını qucaqlayıb durmuş Umxanım Molla Mirumgülsümü çağırtdırıb qızı "çildaq" elətdirməyi məsləhət görür, qonşu kişilərdən Bahadırla Akif naxoşu pirə, Adil Ətağanın qəbri üstə aparmağı tövsiyə edirdi. Qara dəsmalla bağladığı ağrıyan başını tutmuş Sona bacısının xəstəliyini cadulanmasıyla əlaqələndirirdi. Bayaq qonşuda səs-küy eşidib pulsuz tamaşa həvəsinə bura təşrif gətirmiş, illər uzunu bu evdə oynanılan bütün məzhəkələrin ən fəal tamaşaçısı olan Seva orijinal "retsept" dedi:
   - Nado yeyo pokazat ekstrasensu!
   Heç kəs bu sözə reaksiya vermədi, çünki ömürlərində ilk dəfəydi ki, belə qəliz söz eşidirdilər. Baxışlarını naxoşdan ayıra bilməyən Fatı arvadın hökmü qətiydi:
  - Yox, balam, bununku ancaq dualıqdır!
  Sonanın əri Göyüş "dua" sözünü eşidən kimi əlüstü dilləndi:
  - Fatı nənə, kişinin oğlu - qardaşı Səidi deyirəm e, srağa gün o boydana yolu basa-basa durub gedib Dərbəndə, filan qədər dua yazdırtdırıb, götürüb gəlib abratnı, bu da, - Zülfiyyəni göstərir, - bu qanmaz qızı qanmaz da cırıb atıb tualetin qanosuna...
Fatı arvad əlini o biri əlinin üstünə vurub təlaşla dedi:
  - A, a, a! Balam, belə də iş olar?! Odu helə düşüb bu günə də! Hələ yaxşıdır ki, ağız-burnu əyilməyib!
   - Əşi, heç nə yoxdur, - Səid dilləndi. - Prosta ürəyi gedib, kak budto birincə kərəmdir...
  Umxanım təəccübləndi:
   - Yarım saatdır qızın ağlı başından çıxıb, belə də ürəkgetməsi olar?!
   - Obaşdan atasıyla böyük qardaşı Pirverdiiçib dava-dalaş salmışdılar, qardaşı bıçaq çəkmişdi atasının üstünə, yəqin bu da görüb bərk qorxub... - Göyüş bu evdə böyük nüfuz sahibiydi. Ailə üzvlərindən hansının başını kəssəydi, qanını halal edəcəkdilər, təkcə əyyaş qıyınatasıyla bacara bilmirdi, bir də yoldaşının nənəsiylə. Bu günsə qarı lap zəhər tuluğuna dönmüşdü, öz tikanlı atmacalarıyla tez-tez sancırdı onu. Özü demişkən, "çibin təkin əzərdi bu kaftar ifritəni", amma qorxurdu ki, əlindən xəta çıxa, zibilə düşə, onsuz da qarının bir ayağı burdaydı, o biri ayağı gorda. Elə buna görə də səhər baş vermiş, bu həyətdə çoxunun azı min dəfə şahidi olduğundan adiləşmiş bir hadisəni xatırlamaqla izi azdırmağa çalışan Göyüş, Xatın qarıdan çəkindiyinə görə astadan danışırdı, çünki qarı Göyüşün nağılını eşidən kimi, bu qədər camaatın arasında nəvəsinin ərinin üstünə düşüb onu suçlandıra bilərdi ki, "duanı cırıb qanoya atdığı üçün" baldızını sən xurd-xəşil eləyib yorğan-döşəyə salmısan! Hə, buyur indi çıx bu zırıltının altından! Göyüş daxili narahatlıqla oğrun-oğrun arvadının nənəsinə baxdı. Qarının zəhrimar tökülən qırışıq sifətində qəzəbi, kini görcək, sövq-təbii baxışlarını çölə açılan qapının üstündəki lax mıxa sancılmış nala yönəltdi və birdən ağlına gəldi ki, xatalı mbvzunu dəyişib araya söz qatmaqdan ötrü əlverişli fürsətdir. - Ə, min yol demişəm ki, o mıxı bərkidin, bir gün o nal düşüb nallayacaq təpənizi!
   - A balam, məhərrəmiliydə bu nə piyaniskəlikdü belə?! - Fatı arvadı qəzəbləndirən başqa məsələydi. - Qiryetli kişilər bu dəyqə məsciddə sinə vurur, zəncir döyür, bu kafər ata-bala əyyaşlıqla məşğuldu!
  Seva dəqiqləşdirdi:
  - Tem bole bu gən - qətl günü! Ujas!
  - Hələ odu də, odu dərd-bəla bu öydən əskilmir də!
  - Sözünə qüvvət, ay Fatı nənə, - Göyüş asta səslə özünə haqq qazandırmağa çalışdı, - bu gün obaşdan Səidlə hazırlaşırdıq ki, gedək məscidə, bu qız hoppadan tirləndi pastelə, savabdan elədi bizi!
   "Qiryetli kişilər məsciddə sinə vurur" sözlərindən pərt olmuş digər kişilər də Zülfiyyənin xəstəliyini bəhanə gətirdilər, yoxsa özlərini çoxdan Allahın evinə yetirmişdilər!
   Züfiyyə ucadan zarıdı və hamı birdən: "Sakit, danışmayın!" deyib susdu, dodaqlarını aralayıb nəfəs belə çəkmədən gözləməyə başladılar: bəlkə xəstə ağzını açıb vacib bir söz deyə, öz sirli mərəzinin əsl səbəbindən onları agah edə... Sona bacısının üstünə əyilib ustufca-üstufca onu silkələyirdi:
  - Zülfiyyə, Zülfiyyə, eşidirsən məni?
  Hamı: "Zülfiyyə, eşidirsən!" təkrarlayıb xəstəni ayıltmağa çalışırdı. Həlimə otağın o başında durub sısqa qollarını taxta sinəsində çarpazlayaraq, özünü ağır-ağır yırğalaya-yırğalaya ağlar səslə zarıyırdı:
   - U-u-uyy! Bədbəxt balam, gəlinlik paltarı görməyən balam! Göz yaşıyla böyüyən Zülfiyyəm! - Sonra öz bəyaz başını qapazlayıb fəryad qopardı. - İmamlar kimi yezidlər əlində şəhid olan balam! Yuxusu çin olan balam vay! U-ü-ü-yy!
   - Əşi, noldu bu "skorı pomoş" zaraza?! - Səid donquldandı, əslində öz replikasıyla, güclə də olsa, Həlimənin əsəbiləşdirici "ulartısına" cavab verməkdən yayınırdı. Deyəsən Fatı arvadın yanında anasını "beyquş" adlandırmağa daha cürət eləmirdi, çünki bayaq Həliməyə acıqlanan da ki, beyquş kimi ulama, Fatı arvad yaman təpinmişdi ona.
   Bu zaman çöldçn bir dəstə oğlan uşağının "iskorı gəldi!", "iskorı pomış gəldi!" çığırışları eşidildi və heç bir dəqiqə keçməmiş otağa tibb ləvazimatlarıyla daxil olan ağ xalatlı, kök, qarabuğdayı şəfqət bacısı evdəkiləri görcək yerində heyrətlə donub qaldı, nəfəsini dərməyə macal belə tapmamış, Sona şığıdı üstünə:
   - Bayaqdan əlli dənə vızov vermişik, belə də şey olar, harda itib-batmısız?!
   Akifi təəccübləndirən bu tibb işçisinin köməkçisiz, tək gəlməsiydi:
   - Tavariş medsestra, bəs sənin medbratın hanı?
   İndi Səid hücuma keçdi:
   - Vot tibe na, bir sahatdır gözləyirik! Belə şeylərçün Urusyetdə adamın atasını lişni dalına səriyərdilər!
   Bahadır yaşlı şəfqət bacısını yersiz hücumlardan xilas elədi:
   - Ay doxtur, praxadite pajalusta! Ağəz, həkimin altına bir ustul qoyun!
   Şəfqət bacısı iri gövdəsini Sevanın ötürdüyü stulun üstünə yayaraq, üz-gözünü turşudub nəhayət ki, dilləndi:
   - Fu, kak duşno, kak v bani!
   Ağ xalatlı qadının bütün hərəkətlərini diqqətlə izləyən Fatı arvad astadan Umxanımdan soruşdu:
   - Bu nə deyir, balam!
   Umxanım çiyinlərini çəkdi:
   - Nə bilim, neysə hamamdan danışır...
   Fatı arvad şəfqət bacısını mənalı-mənalı bir də süzdükdən sonra aıçıldadı:
   - Yox, balam, mənim bu duxturdan gözüm heç su içmir...
Şəfqət bacısı xalatının yaxasının bir düyməsni açıb qara, ətli sinəsini üfürməyə başladı:
  - Fu, kak duşno! Otkroyte okna, koy vozdıx dayışsın, neçem dışat. - Sonra tibb çantasını açıb üzünü qadınlara tutdu. - Na olub buna! Kız niya xasta, ha?
  Qadınlarsa Zülfiyyəni ayıltmağa çalışırdılar:
  - Zülfiyyə, ay qız, doxtur gəlib, aç gözlərini!
  Sona ağlar səslə şəfqət bacısına Zülfiyyənin xəstəlik tarixini - sevimli ərinin rəvayətini danışmağa başladı:
  - Qorxub, doxtur, qorxub. Atasıyla qardaşı səhər-səhər dava eləmişdilər, bu da qorxub, ürəyi gedib...
  - Heç ataölmüşlə qardaş dava eləyəndə Zülfiyyə öydəydi bəyəm? - Xatın qarı nəvəsinə etirazını bildirdi. - Duanı cırıb zaxodun qanosuna atdığına görə Göyüş onu...
  Göyüş bağırıb qarının sözünü ağzında qoydu:
  - Ay ifritə qarı, yenə böhtan?! Mən heç ona əl qaldırmışam? Ona əl qaldırmışamsa əllərim qurusun!
   Bu yerdə hamı bir ağızdan: "Allah eləməsin" dedi. Xatın qarı əl çəkən deyildi:
   - Yalançını da görüm yıxılsın yorğan-döşəyə Zülfiyyəm kimi!
   Siqaretin tüstüsünü yenicə sinəsinə çəkmiş Səid yeznəsinin çətin vəziyyətə düşdüyünü görcək, nəsə demək istəyən nənəsinə aman vermədən qışqıra-qışqıra ağzından parça-parça boz duman buraxdı:
   - Bəsdü də, ay imanına it bağladığım!
   Xatın qarı bu qələbəliyin içində yeganə mənəvi dayağı olan Fatı arvada müraciət eləyib özünə dəstək istədi:
   - Ay Fatı, sən Allah şahidisən ki, bu öydə mənim bir itcən də hörmətim yoxdur, üzüm dönüb söyüşqabıya!
   Sona özündən çıxdı:
   - Bu vaxtacan bu xarabada heç sənə güldən ağır söz deyən olub, ay səni görüm heç o raskladuşkonnan durmayasan! Yox, gərək saçlayam bu böhtançı ifritəni! - Nənəsinin üstünə hücum eləmək istəyirdi ki, qadınlar tökülüşüb onu saxladılar. Sona arvadların qolları arasında çırpınırdı: Yox, buraxın cırım bu böhtançı qurbağanın cəhəngini!
   Aləm bir-birinə qarışmışdı. Sonanı heç cürə sakitləşdirmək olmurdu. Nə arvadların yalvarışlarından, nə kişilərin minnətindən, nə Səidin hədələrindən kar aşmadığını görən Göyüş qəzəblə bar-bar bağırdı:
- Di bəsdirin!!!
   Göyüşün bağırtısından Zülfiyyə də diksindi. Yalnız bu heyvani bağırtıdan sonra səs-küy kəsildi. Hətta, çöl tərəfdən sifətlərini iri pəncərələrin şüşələrinə dayayıb hırıldaşan çolma-cocuqlar da kiridilər. Hamıdan çox şəfqət bacısı qorxmuşdu. Hər iş növbəsində şəhərin müxtəlif yerlərində müxtəlif  millətlərdən olan onlarca xəstəyə, onlarca mədəni ailəyə baş çəkən bu qadın hələ heç bir evdə belə qəzəbli, davakar adamlarla rastlaşmamışdı! Köməkçisiz, tək-tənha bu çağırışa gəldiyinə görə indi ürəyində özünü hey danlayırdı. Zalım sürücünün də dalını oturacaqdan ayırmaqla heç arası yox idi, bir gəlib maraqlanmırdı ki, bəlkə bu arvadı yıxıb-sürüyürlər...
Göyüş qəzəbdən fısıldaya-fısıldaya qaşqabaqlı üzünü şəfqət bacısına tutub soruşdu:
- Sən bu gün bu qıza baxacaqsan, ya yox?!
Hələ də özünə gələ bilməyən şəfqət bacısı bu dəfə bürküdən yox, qorxudan tərləmiş alnını silib, ətrafdakıları bərəlmiş gözlərilə süzdükdən sonra pıçıldadı:
- Enastvats, gijanotsa... (ermənicə: Allah haqqı, dəlixanadır)
İndi Umxanım cinlənmişdi:
- Bura bax, ağəz, öz dilündə nə mırıldayırsan, nə salmısan "gij", "gij", gic də varsan, beş də artıq! Qıza baxacaqsan, ya yox?!
Zarıya-zarıya otaqda gəzişən Həlimə şəfqət bacısına yaxınlaşıb ağlar səslə yalvarmasaydı ki, ay doxtur, əllərüvə qurban olum, qızımı sağalt, yəqin ki, ağ xalatlı qadının qorxudan həqiqətən dili tutulacaqdı. Akifin "tavariş medsestra, ismatri devuşkə pajalusta" deməsindən bir az toxdadı, hələ də titrəyən əllərilə xəstənin biləngindən tutub "xexç axçik, xexç axçik" (yazıq qız, yazıq qız) pıçıldaya-pıçıldaya nəbzini yoxlamağa başladı:
- Ay qız, Zulya, matağa, xaran ağrıyır, hay?
Fatı arvad təəccüblə donquldandı:
- Balam, bunun harası doxturdur? İki sahatdır gəlib, hələ heç bilmir qızın harası ağrıyır. Taxsır bunda döyül e, buna duxturluğ kağızı verəndədür!
Umxanımın dərdi açıldı:
- Həri, Fatı xala, həri, düz deyirsən! İndiki doxturların hamısı belədü. Yazıq Süleymanın başına nə oyunlar açmadılar? Sappasağ uşağımın belinnə mazginoy sokunu çəkib, başıhavalı eləmədilər bəyəm Süleymanımı?
Fatı arvad heyrətləndi:
- Neyini, neyini çəkdilər?!
- Mazginoy sokunu də, beyin şirəsini...
- Peyin şirəsini?!.
- Əh...
Şəfqət bacısı Zülfiyyəni müayinə edib qurtarandan sonra:
- Korkulu xeç na yok, - deyəndə, əslində camaatı sakitləşdirməyə, bununla da işini bitirib bu xatalı yerdən tezbazar əkilməyə çalışırdı. - Kızdırma da yok, davleni da v norme. Prosta bir balaca pripadkaydı, uspakayitelni vurram i vsyo!
Fatı arvad çənəsini həkimə tərəf uzadıb heyrətlə soruşdu:
- Nə vurarsan?
- Uspakayitelni qovoryu! Korxma, koca, niçeqo straşnoqo...
"Qorxma" sözündən savayı heç nə anlamayan Fatı arvad qəzəbləndi:
- Kafər qızı, biz nədən qorxacağıq?! Sən qorx ki, qızın başına bir iş gəlsə atovu daluva səriyərik!
"Mazginoy sok"u çəkilib havalanmış Süleymanından ötrü qazancını illər uzunu dava-dərmana, xəstəxanalara sərf eləmiş Umxanım məhəllədə tibb mütəxəssisi kimi tanınırdı, buna görə də indi o, qonum-qonşunun yüksək etimadını doğrultmaq üçün əlinə keçmiş bu gözəl fürsəti fövtə verən deyildi və naşı şagirdinin səhvindən əsəbiləşmiş təcrübəli həkim tək şəfqət bacısına təpindi:
- Uspakayitelni nöş vurursan, elə bilirsən burdakılar avamdılar, elə bilirsən bizim başımız çıxmır?! Gül kimi uşağımın mazginoy sokunu çəkdüz belinnən, başıhavalı elədüz balamı, indi də bu qıza əl atmaq istəyirsüz? Səninləyəm, ağəz, bizi avam sayırsan? Pripatkaya da uspakayitelni vurarlar?!
- Nə vurmaq istəyir? - kimsə soruşdu. "Mütəxəssis" aydınlaşdırdı:
- At iynəsi! - Türkəçarə Fatı arvad yaxşı başa düşsün deyə əlilə də göstərib: - İndi, - dedi, - zollayacaq qıza bu boydana at iynəsini, olan-qalan ağlını da çıxaracağ başınnan. Uspakayitelni dəliləri sakitləşdirməkçün vururlar. Ay erməni, o iynəni sənin özüvə vurmaq lazımdır!
Şəfqət bacısına o birilərinə nisbətən daha həlim, daha mülayim adam təsiri bağışlayan Akif də səsini ucaltdı:
- Kanse kansov, sözün nədir?!
- Prosta pripadkadır, yey boqu...
- Biz də bilirik pripadkadır, sən bizə de görək neyləyək?
Titrək əlindəki boş şpritsə baxan həkim başını itirmişdi:
- Uspakayitelni vurum, ha?..
Narahatlıqla gəzişən Həlimə əvvəlcə qəflətən hər iki əlilə qafasına kök bir qapaz endirdi, sonra muğamat oxuyurmuş kimi, ağlar səslə zümzümələdi:
- Dünən ba-lam yu-xu-da gö-rür ki, di-şi-ni çə-kir-lər...ü-ü-ü...
Səid anasına qanlı-qanlı baxıb "lənət şeytana!" deyərək, "Prima" qutusundakı sonuncu siqaretini alışdırdı. Göyüş qayınanasına acıqlandı:
- Ə, sus, dana, nə segah gedirsən!
Şəfqət bacısı təəccüblə kişilərdən soruşdu:
- Çevo ona voyit "diş, diş"? U neyo şto zubı bolyat, ha?
Həlimə durduğu yerdən gözlənilmədən qol götürüb süzməyə başladı və Sona ğda ona qoşulub süzdü, elə bil toydaydılar! Birdən-birə, musiqisiz-filansız qol götürüb oynayan qadınları heyrətlə izləyən şəfqət bacısının ruhi xəstələr arasına düşdüyünə daha heç bir şəkk-şübhəsi qalmadı. Göyüş replikasını çox yubatmadı:
- Ə, mütrüb qızları, şəbeh çıxarmayın!
Vahimədən gözləri dörd olmuş şəfqət bacısı da ermənicəmi, ruscamı nəsə dedi və camaatın səbr kasası daşdı! Hirslərini bu yekəqarın, iriburun, kifir, hırnan-zırı qanmayan key "doxtur"un üstünə tökmək istəyirdilər ki, xəstə qəfildən "su!" deyib zarıdı. Həlimə "rəqs"ini kəsib çubuq qollarını quru sinəsinə çırpdı:
- İmamlar kimi yanan ciyərlərüvə məmön qurban olsun, ay Zülfiyyəm!
- Bir istəkan su, cəld tərpənin! - Göyüş əmr elədi.
- Cəftə suyu gətirin, - Fatı arvad Göyüşün sözlərinə düzəliş verdi, - qorxusu da keçər!
Sona hamının gözü qarşısında ötədəki otağın qapısının hisli-paslı cəftəsini suyla dolu stəkana salıb, - şəfqət bacısının "da tam je mikrobı!" fəryadına məhəl qoymadan, - üç dəfə "bissimillah" dedikdən sonra stəkanı Fatı arvada verdi. Türkəçarə professoru da ağappaq seyrək telinin ucunu stəkanın içinə salıb qarışdırmağa başladı, "bissimillahir-rəhmanir-rəhim!" Kişilər, arvadlar, çöl tərəfdən sifətlərini pəncərə şüşələrinə dayayan uşaqlar, hətta xəstə də bir gözünün qapağını azacıq aralayıb, bu məhəllədə tarixin sınaqlarından dəfələrlə şərəflə çıxmış bir əməliyyata maraqla tamaşa edirdilər. Təkcə, ömründə ilk dəfə belə bir "əməliyyat" görən avam şəfqət bacısı adicə bir suyun cəftəylə, qoca arvadın ağ telinin ucuyla qarışdırılaraq, candan qorxu çıxarmağa qadir şəfalı dərmana çevrilmə prosesinə təsviredilməz dəhşət içində baxır, öz-özünə pıçıldayırdı:
- O boje, inç pesjğourten! (İlahi, bunlar necə adamlardır!)
Möcüzə başa çatdı!
- Pısaat elə ayılsın ki... Qorxusu da keçəcək! - Fatı arvad stəkanı Zülfiyyənin dodaqlarına aparıb, - İç, bala, iç! - dedi. - İç, qorxun da keçsin! Ya Hüseyn ibn Əli əleyhəssalam, sən özün qaldır bu qızı qravatdan!
Hamı: "İç, Zülfiyyə, cəftə suyudur, iç, qorxun da keçsin!" deyə xəstəyə şəfalı cəftə suyundan dadızdırmaq istəyirdi. Bir səs-küy qopmuşdu ki, ağız deyəni qulaq eşitmirdi. Boğulan adam tək inləyən Zülfiyyəsə dodaqlarını bir-birinə kip sıxıb gözlərini belə açmadan hey çırpınır, sanki zəhər içməyə məcbur edilirmiş kimi, başını qadınların əlləri arasından xilas edib balışın altına soxmağa çalışırdı.
Şəfqət bacısının bir gözü qapıdaydı: məqam gözləyirdi ki, aləm qarışsın, əkilib, nə qədər gec deyildi sağ-salamat aradan çıxacaqdı. Umxanım kimi "mütəxəssislər", Fatı arvad kimi "professorlar" olan yerdə adicə bisavad şəfqət bacısının nə iti azmışdı! Yarım saat qabaq "təcili yardım" maşınında bu məhəllənin dar küçələri, kələ-kötür torpaq yollarıyla keçdikcə, kobud, əyri-üyrü taxta hasarlar arxasından eşidilən "şaxsey-vaxsey" səsləri, it hürüşləri, mal böyürtüləri, toyuq-cücə qaqqıltıları, burnu dalayan kəsif peyin qoxusu, birmərtəbəli yastıdam köntöy evlər... həmişə təzə, üca binalara yollanıb qarşısında xilaskarı tək əsim-əsim əsən xəstələrlə, mədəni insanlarla təmasda olan, ilk dəfə bu məhəlləyə çağırışa gələn şəfqət bacısının ürəyində xoşagəlməz hisslər oyatmışdı. Bu məhəlləyə dəfələrlə çağırışa yollanmış həmkarlarından, "təcili yardım" sürücülərindən qəribə, güclə inanılan hadisələr, hekayətlər eşitmişdisə də, indi o hadisələrdən, o hekayətlərdən betəriylə özü rastlaşırdı. Bu evdən çağırış alıb unvanı şoferə dedikdə, "Göndərməyə yer tapdılar də!" - iyirmi beş ilin sürücüsü hirsli-hirsli donquldanmış, yolda ona xəbərdarlıq etmişdi, işdir, Allah eləməmişkən, geciksək, xəstə keçinsə, vay halımıza, ən yaxşı halda maşını dağıdacaqlar... osa bütün bunları zarafat sanmışdı!
Möcüzələr göstərməyə qadir cəftə suyundan xəstəyə dadızdıra bilmədilər. Zülfiyyə stəkanı Fatı arvadın əlindən vurub yerə saldığından qardaşı Səidin qəzəbinə gəldi:
- Əh, spikulyantın qızı, spikulyant!
Altı ay Urusyetdə "şabaşka"da olmuş Səid rus dilini, özü demişkən, "çisti" bilirdi, yəqin əsəbiliyindəndi ki, "simulyant"la (özünü yalandan xəstəliyə vuran) "spekulyant" (alverçi) sözünü səhv salmışdı.
Həlimə otağın ortasında dayanıb qollarını tavana doğru açaraq fəryad qoparırdı:
- Ay Allah, bəxtimizə bax ki, Molla Mirumgülsüm də yoxa çıxıb!
Pa, Fatı arvadın yaralarına duz səpdilər:
- Cəddinə qurban olduğum bir mömün arvaddı ki, - dedi, - Allah bilir, (bu yerdə kövrəldi, muğamat oxuyurmuş kimi ağlar səslə davam elədi) dini-islamın yetmiş iki günahsız şühədasıyçün bu dəyqə məsciddə sinə vu-rur, saç yo-lur. Ya Hüseyn, sənün nahaqdan tökülən o pak qanuva mən qurban olum, ya imam Hüseyn!
Mat-məəttəl qalmış şəfqət bacısı ürkək pıçıltıyla heyrət içində soruşdu ki, a kto Quseyn? Amma ona fikir verən olmadı, çünki arvadlar yaşarmış gözlərini silməklə məşğul idilər. Fatı arvad digər qadınlarla birgə əlini ahəstə-ahəstə sinəsinə vura-vura mərsiyə deməyə başladı:
- Kaş bu gün, bu dəmdə
     Oleydim Kərbəlada!
Kişilər də gözlənilmədən arvadlara qoşulub əllərini sinələrinə çırpa-çırpa xorla oxudular:
- Keseydim qurbanları,
     Vereydim ehsanları!
Qəflətən bu adamlara nə oldu ki, birdən-birə ağlamaq, ağız-ağıza verib sinələrinə döyə-döyə oxumaq qərarına gəldilər? - şəfqət bacısı bunu heç cürə dərk edə bilmədi!
Bu dəfə heç gözlənilmədən Səidin yanıqlı səslə qopardığı nalə:
- Necə qan ağlamasın daş bu gün?
Sinələrə çırpılan əllərin ritmik sədaları altında kişili-arvadlı bir dəstə adamın dam-divarı lərzəyə salan fəryadı:
- Kəsilir yetmiş iki baş bu gün!
Çantasını iri qarnına bərk-bərk sıxmış şəfqət bacısının tir-tir titrəyən əl-ayağı sözünə baxmırdı. Qorxudan qarabuğdayı sifəti də ağappaq ağarmışdı: bu yarımvəhşilər daha nə oyun çıxaracaqdılar?! "O boje, kuda ya popala!" (İlahi, mən hara düşmüşəm!) - ürəyində fikirləşirdi.
Zülfiyyə əvvəlcə dişi pişik çığırtısına bənzər cır səs çıxartdı, sonra gözlərini açıb ətrafdakıları süzdü, daha sonra gözlərini yenidən yumaraq ucadan zarımağa başladı:
- Lazım deyil! Doxtur, doxtur, vay beynim! Beynim dağıl-dı-dı! Doxtur, qoyia, beynim dağıldı-ı-ı!..
Yenə hamı doktora hücum çəkdi:
- Ay arvad, bir şey elə də!
- Ağəz, tərpən də, işto ismotriş?!
Fatı arvad həyəcanla:
- Balam, Molla Mirumgülsümçün bir adam yollayın, qız əldən getdi ki! - dedikdən sonra, şok vəziyyətində olan şəfqət bacısının qabağına gəlib qollarını ölçərək çığırdı. - Tərsa qızı tərsa, uşaq əldən gedir, buz üstə çıxmış dana kimi nə baxırsan bizə, bir dava-dərman elə də! ! - Ağ xalatlı müqəvvanın heç bir reaksiya verməyəcəyini anlayıb üzünü qələbəliyə tutdu. - A balam, qurban olduqlarımın qətl günündə bu xaçpərəsti kim göndərib üstümüzə, süzdən xəbər alıram?! Balam, tutun bu ömər qızının şələ-şüləsini tullayın bayıra də! Tez olun, durmayın" qız əldən gedir, cəddinə qurban olduğumçün bir adam yollayın!
Hamı:
- Tez, tez, Molla Mirumgülsümçün bir adam!
Səid:
- Bu dəyqə özüm gedirəm, - dedi. Fatı arvad tələsik qaçan oğlanın ardınca son göstərişlərini verdi:
- Əvvəlcə Meşəd Həsəngilə bax, orda olmasa Kəblə Ocaqqulugilə baş çək, orda da tapa bilməsən, Cindar Fərəculla… - cümləsini bitirə bilmədi, çünki çapar artıq yox idi. Həyəcanla yerində vurnuxan Göyüş ağlayan arvadıyla qayınanasına acıqlandı:
- Vaxtında sizə deyəndə ki, qızı çildaq edin, elə bil ürəyinizin başına güllə çaxırdılar. İndi nə ulayırsız, hə? Qızı Ətağanın qəbrinə aparsaydız, (Xatın qarının atmacası: "Ətağanın qəbri qənim olsun sənə!") canınız çıxardı? Biqeyrətlər! - Durmadan zarıyan Zülfiyyəyə muraciətlə: Görürsən, ay bədbəxt, - dedi, - duanı cırıb atmağın axırı budur e! Pojalusta, vot tibe na! Tfu, avamlar!..
Qayınının bu monoloqundan sonra xəstə daha da ucadan çığırıb çırpınmağa başladı:
- Beynim dağıldı, vay beynim! Qoymayın, gəldi! Qoymayın, Göyüş gəldi! Göyüş gəldi, qoymayın! Döymə, Göyüş, döymə! Döymə, bir də duanı cırmaram!..
Xatın qarı təntənəylə soruşdu:
- Hə, Göyüş bəy, hindi sözün nədir?!.
Göyüş özünü itirmişdi:
- Ona əl qaldıranın lap lişni əlləri qurusun!
Bu dəfə heç kəs "Allah eləməsin" söyləmədi. Xatın qarının qalibanə səslə dediyi:
- Hə, Göyüş bəy, tülküyə inanaq, yoxsa xoruzun quyruğuna?! - atalar məsəlisə Göyüşün basıldığından xəbər verirdi. Bu evdə böyük nüfuzuna xələl dəydiyini duyan Göyüş öz acı məğlubiyyətilə barışmayaraq:
- Cıracam mülhüdün qızını! - deyə qarıya hücum etdi. Kişilər onu tutub saxlamasaydılar, bu dünyada həddindən ziyada yubanıb qalmış doxsan yaşlı qarını o dünyaya yollayacaqdı!.. Zülfiyyə sayıqlamağından daha çox, bəlkə də nənəsini müdafiə etməkçün "Qoymayın, Göyüş gəldi!" çığırması qüvvətli qollar arasından yenicə çıxmış Göyüşü cin atına mindirdi: qəfildən xəstənin üstünə cumub, onun qorxudan balışın altında başını yumruqlamağa başladı! Sona cəld özünü divanın üstünə atıb bacısının arıq vücudunu qucaqlayaraq ərinin yumruq zərbələrini yeməsəydi, "vay beynim dağıldı!" qışqıran Zülfiyyənin beyni doğrudan-doğruya dağılacaqdı. Əslində bədəniylə xəstənin üstünü örtən arvadını kötəkləyən Göyüş bağırırdı:
- Mənə böhtan atırsan, köpəyin qızı? Mən heç ömrümdə sənə əl qaldırmışam?!.
Zərblə boynunu, kürəyini döyəcləyən yumruq zərbələrinə qəhrəmancasına tablaşıb altındakı bacısını qucaqlamış Sonanın bağırtıları xəstənin çığırtılarına; sınıq-salxaq çarpayısında oturub gücünü, təpərini itirmiş dizlərinə döyən Xatın qarının fəryadı Göyşyn üstünə tökülüşərək onu divandan ayırmağa çalışan kişilərin, arvadların qışqırıqlarına, pəncərə şüşələri ardından bu səhnəyə tamaşa edən uşaqların hay-küyünə qarışdığından elə bir həşir qopmuşdu ki, sanki qiyam-qiyamət idi!
Daha burada yubanmağın həyat üçün təhlükəli olduğunu dər eləyən şəfqət bacısı müvəqqəti unudulduğunu, sivişib əkilməkçün belə bir məqamın bir də ələ düşməyəcəyini duyub, qorxudan əsn iri cəmdəyini stuldan qaldıraraq öz-özünə pıçıldadı:
  - Neğ astvatsi! (Allaha şükür!) - Əvvəlcə pəncələri üstə yavaş-yavaş, qapıya çatdıqdasa, - Enastvats steğ mart k gijvi! (Allah haqqı, burda dəli olmaq olar!) - deyib dabanına tüpürərək aradan çıxdı. Tibb çantasını iri qarnına sıxaraq dar dalanla tövşüyə-tövşüyə küçəyə doğru tələsən bu ağ xalatlı kök qadını nadinc uşaqlar hoydu-hoüduya götürmüşdülər. Bu bir taqım dəcəl uşağın "Doxtur qaçdı, doxtur qaçdı!" qışqırığının müşayiətilə dili döşündə özünü maşina yetirən şəfqət bacısı güc-bələ kabinəyə minər-minməz, donquldanan sürücüyə ləhləyə-ləhləyə ancaq bir söz deyə bildi:
   - Qonu vo vsyu! (Tez sür əkilək!)
   Maşın tozanaq qaldırıb güllə kimi yerindən götürüldü. "Hurrey!" deyib maşının arxasınca bir xeyli qaçan oğlan uşaqları elə təzəcə dayanıb nəfəslərini dərmişdilər ki,  küçənin o biri başında mayakının mavi siqnal işığı durmadan səyrişən xaç nişanlı daha bir "təcili yardım" göründü…
   Sona cınqırı belə çıxmayan Zülfiyyəni qucaqlayıb ağlayır; üz-gözünü cırmaqlayıb zolaq-zolaq eləmiş Həlimə narahatcasına otaqda gəzişir; Fatı arvad, Umxanım, Seva əllərini oynada-oynada bir-birilərinə nəsə sübut etməyə çalışır; Xatın qarısa adəti üzrə dizlərinə döyürdü. Kişilər Göyüşü güclə sakitləşdirib stula otuzdurmaq istəyirdilər ki, çöldə hay-küy qopdu:
   - İskorı gəldi! İskori pomış gəldi!
   Ağ xalatlı pota oğlanla həyətə girən ikinci şəfqət bacısı ciddi qadına oxşayırdı: sir-sifətindən cin tökülür, düyünlənmiş çatma qaşları altından qırğı gözləri od saçırdı. Çığırışa-çığırışa arxasınca düşən xırda uşaqlar zəhləsini apardığından, qəfildən dayanıb bir ağız qışqırdı:
   - Rədd olun burdan, vələdüznalar! - Hətta əyilib yerdən guya daş götürmək istədi. - Əh,kopoyoğlunun qoduğları!
   Uşaqlar hürküb əvvəlcə pərən-pərən düşdülər, şəfqət bacısı tibb çantasını daşıyan pota oğlanla evə girdikdən sonra yenidən həyətə doluşub xırda sifətlərini pəncərə şüşələrinə dayayaraq, maraqlı tamaşanın davamını izləməyə başladılar.
   Otaqdakılar erməni arvadının yoxa çıxdığını sanki bu zaman görüb, təəccüblərindən doğan hiddətlərini təzə "doxtur"un üstünə tökmək istədilər. Hər iki əlini belinə qoyduğundan iri rus "F" hərfinə bənzəyən, davaya hazır dalaşqan arvadlar kimi durmuş şəfqət bacısı o saat gül ağzını açıb:
   - Bu nə qarğa bazarıdır burda?! - çığraraq, əkilib qaçmış qorxaq həmkarının tayı olmadığını nümayiş etdirdi. - Boşaldın otağı!
Hə, deyəsən daş qayaya rast gəlmişdi! Bir az qabaq səsləri otağı lərzəyə salmış arvadlar, bağıran kişilər təzə həkimin qətiyyətini, gərilmiş qartal qanadlarını andıran çatma qaşlarını, içində şimşəklər çaxan qırğı gözlərini görcək kiridilər. Təşəbbüsü ələ almış şəfqət bacısı təklif-filan gözləmədən boş stulu altına çəkərək, xəstənin yanında oturub bayaqkı əmrini amiranə səslə təkrarladı:
   - Otağı boşaldın! - Yerində donub qalmış köməksini ərklə səslədi. - Ədə, götür o sumkəni bura.
   Hamı bir-birinə "gəlin çıxaq, gəlin çıxaq" deyib könülsüz halda otağı tərk etdi, təkcə qapı ağzında durub zarıyan Həlimə nə oyanlıqdı, nə buyanlıq, yəni ayağının birini çölə qoymuşdu, o birini içəri. Göyüş onun qolundan tutub hirslə dartaraq çölə çəkdi. İndi Xatın qarıdan savayı bütün camaat həyətdəydi, uşaqları sıxışdırıb öz sifətlərini pəncərə şüşələrinə yapışdıraraq içəri baxırdılar. Sifətlər də nə sifətlər: kinli, dəlisov, enli, dördkünc, uzunsov… Ağ xalatlı pota oğlan bəlkə də ömründə pəncərə arxasından boylanan bu qədər ekzotik adam görmədiyindən bərk heyrətlənmişdi.
   Zülfiyyə gözlərini açmadan inildəyib şəfqət bacısına yalvarmağa başladı:
  - Ay doxtur, beynim dağıldı, ay doxtur, qurban olum, apar məni balnissaya! - Birdən çığırdı. - Bal-nis-sa-a-a!
   Həyətdəkilər siqnal alıblarmış kimi hurreylə otağa doluşub xəstəni dövrəyə aldılar. Səslər bir-birinə qarışdı. Bu qarmaqarışıqda bəzən "Molla Mirumgülsüm", "balnissa", "qoymaram", "vay beynim", "çildaq", "pir", "mazginoy sok", "bədbəxt Zülfiyyəm", "ujas", "Həzrət Abbas" sözləri eşidilirdi. Təngə gəlmiş şəfqət bacısı ayağa qalxıb tibb çantasını bağlayaraq çığırdı:
  - Qız balnissaya aparılmalıdır!
  - Hara, hara?! - Fatı arvad heyrətləndi.
   Umxanım:
   - Balniskeyə, - dedi və öz sözündən diksindi. - Hara, hara? (Xüsusi vurğuyla) Balniskeyə?! - Ətrafdakıların nəzərini özünə cəlb etmək məqsədilə: Bədbəxt Süleymanımın gününə samağ istəyirsüz bu qızı?! - dedi.
  - Balnissa! - xəstə yenə ucadan zarımağa başlayan kimi hamı əl-ayağa düşdü. Artıq pota köməkçisini xərək ardınca göndərmiş şəfqət bacısı dığ-dığdan zinhara gəlib çığırdı:
   - Allahu-əkbər! Naxoş xəstəxanaya aparılmalıdır, yek kəlmə!
Göyüş üzünü ona tutub:
   - Siz Allah, çıxın gedin, - dedi, - indi gəlib çildaq eləyərlər, qurtarıb gedər. Sizi görür, halı lap xarablaşır…
Göyüşün bu sözlərinə bənd imiş kimi, xəstənin tükürpədici naləsi ərşə dirəndi:
   - Ay doxtur, məni qoyub getməyin, ay doxtur! Qurban olum, aparın məni balnissaya! Milissa çağırın, ay doxtur, milissa! Qoy onlar məni balnissaya aparsınlar!
  "Milissa" sözü Göyüşü qorxutdu:
   - Başına at təpib-nədir, ay qız?! Bu doğrudan da xarab olub ki! Axmağın biri axmaq, indi apararlar səni balnissana! - Pota oğlanın xərəyi gətirdiyini görcək sevindi. - Bu da nasılka, götürün qızı, getdik!
   Pota oğlan xərəyi açıb divanın yanına qoyduqdan sonra qadınlara müraciət etdi:
  - Di kömək edin!
   Ən çox Göyüş canfəşanlıq göstərirdi. Xəstəni qucaqlayıb ağlayan arvadıyla qayınanasının üstünə bağırdı:
   - Yapışın qızdan! Yapışın, mülhüdün qızları, indicə şəhid edərəm sizi!
Kişilər digər qadınları da işə cəlb eləmək istədilər: "Seva, kömək elə", "Fatı xala, qollarından yapış", "Umxanım, tut görək…"
   - Nə, bu əllərimlə qızı qəssabxanaya göndərəceyəm, xey a! - Umxanım kənara çəkildi. - Bir dəfə Süleymanımı göndərdim, bədbəxt elədilər uşağımı, dayi bəsdür, bu aşura günü günaha batmaq istəmirəm. Sonra da Süleymanım kimi çəksinlər mazginoy sokunu belinnən…
Yerindən tərpənə bilməyən zəlil Xatın qarı nəvəsi sarıdan nigaran qalmışdı:
   - Yavaş olun, beyni silkələnər, kartof kisəsi dögül!
  - Ə, Ömər qızları, əlli tərpənin! - Göyüş yenə arvadıyla qayınanasını söydü. Əhalisi qatı mövhumatçı şiə olan bu məhəllədə ən pis söyüşlərdən biri də "Ömər oğlu Ömər", "Ömər qızı Ömər" idi. Xərəyin bir ucundan yapışmış pota oğlan möhkəmcə təəccübləndi:
   - Ömər olanda nə olar?! Elə mənim adım da Ömərdir, dana!
   Bu elan bomba kimi partladı! Fatı arvadla Umxanım:
   - Nə, Ömər?!! - deyib dəhşət içində geri çəkildilər. Hətta Seva da heyrətlənmişdi:
   - Ömər - eto ujas!
   Xoşbəxtlikdən şəfqət bacısı:
   - Pryamoy maşina sürün, - əmrini vermişdi və kişilər Həliməylə Sonanın dəli fəryadlarının müşayiətilə xərəyi artıq yerdən qaldırmışdılar, yoxsa ömürlərində ilk dəfə, (özü də aşura günü!) Ömər adlı adamla rastlaşan Fatı arvadla Umxanım min dörd yüz ildən sonra nəhayət ki, imam Hüseynin qisasını alıb Ömər törəməsinin  murdar qanını axıdacaqdılar. Bu ən pis variant idi, ən yaxşı halda pota oğlanın Yezidə oxşayan sir-sifətini cırmaqlayıb ölülərini qəbirdən çıxaracaqdılar…
   - Yox, balam, bü övə qurd piyi çəkiblər, hələ odu ki, xaçpərəst qaçdı, Ömər gəldi!.. - deyən Fatı arvad Umxanım və Sevayla birlikdə qaraqışqırıqla dəstənin ardınca həyətə yüyürdü. Uşağı böyüyünə, böyüyü uşağına qarışmış darısqal həyətdə bir hay-həşir qopmuşdu ki, elə bil xərəkdə xəstə deyil, ölü aparırdılar…
   …Üç il qabaq ayaqları tutulub yataq dustağına çevrilmiş Xatın qarı gündə beş rükət namazından da olmuşdu. İndi onun bütün dünyası bu köhnə, sınıq-salxaq, açılıb-bağlanan (əslində həmişə açıla qalan) çarpayıydı. Qocalığı, zəlilliyi, çarpayı dustağına dönməsi ucbatından bu evdə heç bir hörməti qalmayan Xatın qarının yeganə köməyi, dayağı xeyirxah, məzlum Zülfiyyəydi ki, o da belə… Bundan sonra kim onunçün bu mitilin üstünə çay-çörək daşıyacaq, ləyən götürüb əl=üzünü yuyacaq, sidikli qabınıatacaqdı? Kiminlə dərdləşəcəkdi?.. Hər gün, hər an arzuladığı xilaskar ölümü də Allah-taala bu canlı meyitdən əsirgəyirdi… İndi bir saatdan da çox müddət ərzində bu kimsəsiz, uzunsov otaqda dizlərinə döyüb zarıyan Xatın qarı, kim bilir, bəlkə də fağır Zülfiyyədən daha çox öz halına acıyırdı…
   - Naxoşluğunnan iki-iki doxturun baş çıxara bilmədiyi Zülfiyyəm! - Qarı əllərini gah tavana doğru qaldırır, gah da dizlərinə döyürdü. - Ay Allah, qurudeydin Göyüşün qurumuş qollarını bədbəxt qıza əl qaldırdığı yerdə! Belün sınsın, ay Göyüş! Ay səni görüm… - Çöldə oyun havası eşidildiyindən Xatın qarı qarğışını bitirə bilmədi, susub diqqətlə qulaq asdı. Get-gedə yaxınlaşan musiqi səsindən hirsləndi. - Xarx bu aşura günü məsciddə sinə vurur, zəncir döyür, baş yarır, bular toy-bayram eləyirlər. Süzi görüm lənətə gələsüz, kafər balaları, nə Allahdan qorxuları var bu imansızların, nə peyğəmbərdən! - Oyun havası daha da yaxından eşidildikdə qarı hirslə tüpürdü. - Tfu süzün gəmdəyivüzə, Yezid balaları! 
   Üst-başı toz-torpağa bulaşan, əlində tranzistor tutmuş Bəybala səndələyə-səndələyə içəri girib qapı ağzında dayandı. Xatın qarı nuru öləziyən sulu gözlərilə Bəybalaya bir xeyli baxdıqdan sonra kürəkənini tanıyıb çığırdı:
   - Adə, Bəybala?! Adə, ay imansız köpək, heç olmasa bu aşura günü içməyəydin! (Dizlərinə döyür.) Biabır olduq, biabır olduq! Ay Ömər oğlu, söndür o andıra qalmışıvu, söndür o şeytan qutusunu!
   Bəybala əlindəki tranzistoru yelləyərək laxlaya-laxlaya otağa girib yıxılmaqdan özünü güclə saxladı, qırıq-qırıq sözlərlə:
   - Bu yaşa gəlib çatmışam, - dedi, - bu əlli beş ildə hələ bir kopoyoğlu qayıtmayıb mənə ki, gözün üstə qaşın var. Sən öləsən, dağıdaram xaraba…  - Müvazinətini itirib divara çırpıldı, tranzistor əlindən düşdüsə də oyun havası kəsilmədi. - Pirverdi… mənim üstümə bıçaq?!. - Kimisə vurmaq istəyirmiş kimi yumruğunu havada yellədi. - Vallahi… - Ayaq üstə duruş gətirə bilməyib tirtap oldu, sonra dəfələrlə yerindən qalxmağa cəhd göstərdisə də, bacarmayıb qızını çağırdı. - Zülfiyyə! Bu dəqiqə sayaram qabırğalarıvı, gəl qaldır məni, ay qız…
   Xatın qarı dizlərinə döyürdü:
   - Ay bıçağagəlmiş, əl çək başıqapazlı Zülfiyyədən, apardılar onu balniskeyə!
   Bəybala divarı tuta-tuta beli bükülü halda güclə ayağa qalxdı:
   - Sənin başında bu radionu sındırmasam a… - Nə qədər çalışdısa da tranzistoru qaldıra bilmədi. - Bu radionu başında… - Yırğalana-yırğalana gedib qayınanasının üstünə yıxıldı, sökülüb-dağılan çarpayı hər ikisini yerə aşırtdı.
   - Va-a-y! - qışqıran Xatın qarı bu dəfə başına döyürdü. - Səni görüm cəmdəyün qanlı palazlarda gəlsün! - Ayaqlarını ovuşduraraq zarıdı. - Hardasan, ya cənab Əzrayıl, qurtar məni bu biabırçılıqdan!..
Həyətdən Molla Mirumgülsümlə Səidin səsi gəlirdi. Molla Mirumgülsün:
   - Allah-Allah, məsciddə bir adam vardı, bir adam vardı ki, iynə atsaydın, yerə düşməzdi! Qurbanı olduqlarımçün sinə vuran kim, zəncir döyən kim, baş yaran kim, huşunu itirib özünnən gedən kim!
   - Çesnı slova, Mirumgülsüm xala, biz də Göyüşlə elə təzəcə hazırlaşırdıq ki, gedək meçidə, bir də gördük vot tibe na, qız tirtap oldu, ağı köpükləndi. Dedik dayi fsyo, qız canını tapşırdı. Prosta Allah üzümüzə baxdı, yey boq!
   - Bəs sən nə bilmişdün, duanı cırıb atmağın axırı budur e!
   Xatın qarı Mollanın səsini eşitcək tir-tir əsib başını qapazladı:
   - Vay, vay, xəcil olduq el içində!
   Qoltuğunda kiçik boxça olan Molla Mirumgülsümlə Səid içəri girib heyrətlə yerlərində donub qaldılar.
   - Bissimillahir-rəhmanir-rəhim!.. - Molla Mirumgülsüm üzünü Səidə tutub nifrətlə dedi. - Ədə, qoduq oğlu qoduq, kafər oğlu kafər, məni ələ salmısan, hanı bacıölmüşün?! Bu müqəddəs aşura günü bu nə radyo oxutdurmaqdır, bu nə piyaniskəlikdür, bu nə vurçatlasındır?! Ay süzi görüm Allahın qəzəbinə gələsüz, məni çağırmısız ki, günahlarıvızın şahidi olum? Ədə, ay urusbablar, bir xaç tapıb taxın boynuvuza də! Ədə, Yezid oğlu Yezid, nə gözlərüvi döyürsən, heç olmasa o andıraqalmışı söndür!
   Səid əvvəlcə tranzistora hirslə bir təpik ilişdirdi, Bəybalanın sevimli "Alpinist"i otağın o biri başına düşüb xırıldadı, sonra nənəsinin üstünə bağırdı:
   - Hanı Zülfiyyə?!
  - A-a-apardılar ba-a-alniskəyə… - Yazıq qarının dili topuq çalırdı. Tas tutub fala baxan, rəm atan, bəxt açıb bəxt bağlayan, dua yazan, cadu, çıldağ edən, qan alan, dəlləklik, həkimlik, mamaçalıq… bəzən miyançalıq eləyən bu peyğəmbər nəvəsi, mömin, universal arvadın gözləri qarşısında günaha batmışdılar! Tay bundan da böyük rüsvayçılıq?!
   - Cəddüvə qurban olum, Molla Mirumgülsüm xala, - iyirmi beş yaşlı Səid də günahkarcasına ağlayır, gözlərindən şırhaşırla süzülən yaşlar tüklü üzünü isladırdı, - Mirumgülsüm xala, çesnı slova, yey boq, Həzrət Abbas haqqı…
   - Kəs səsüvi, Ömər balası! - Molla Mirumgülsüm çığırdı. - Həzrət Abbası o kəsilmiş qolları qənim olsun süzə ki, bu müqəddəs günlərdə xırtdəyəcən günah içində üzürsüz! Bundan sonra Xudavəndi-aləmin bəlası bu övdən əskik olmaz! (Özbaşına işə düşmüş tranzistorda yenidən oyun havası davam etdi.) Sizi görüm lənətə gələsüz, sizi görüm cəhənnəmdə yanasız,
   Xatın qarıyla Səid "va-a-ay" deyib hönkürdülər. Qəzəblənmiş Molla Mirumgülsüm boxçasını qoltuğuna vurub gedən kimi, qutusu sınıb-dağılmış tranzistorda musiqi bitdi və diktor qadının xırıltılı səsi eşidildi: "Siz oyun havalarını dinlədiniz. Klarnetdə çalırdı Şəmsi İmanov."
Səid ombasında təpik izi olan atasının cəmdəyinə döşədi:
   - Sən ki bu müqəddəs gündə donuz kimi içib bizi günaha batırdın, tay bunnan sonra mənim sən adlı atam yoxdur! Bessovesni! Gunu sabah təzədən çıxıb gedəcəyəm Urusyetə! Xaçpərəstlərin arasında gün keçirmək sizin kimi fiktivni müsəlmanlarla yaşamaqdan min dəfə yaxşıdır! Bir də bu xarabaya dönsəm, qoy başıma kasınka bağlasınlar, yey boq!.. - Vida monoloqunu bitirmiş oğlan xor-xor xoruldayan atasına tərəf tüpürüb, qapısını var gücüylə çırparaq evdən çıxdı və gündə ən azı əlli dəfə çırpılan köhnə qapının üstündən nəsə qopub danqıltıyla yerə düşdü. Bu, Səidin "şabaşka"dan qayıdanda rusyetdən gətirdiyi nal idi…
Xatın qarı illərdən bəri quruyub taxtaya dönmüş hərəkətsiz ayaqlarını ovuşdura-ovuşdura zarıyırdı:
   - Məsciddə sinə vurmağa həsrət qalan Zülfiyyəm vay… Ya Hüseyn, sənin o pak qanuva mən qurban olum, keç günahımızdan! - Sonra qələm qollarını batıq sinəsinə ahəstə-ahəstə vurub, ağı deyirmiş kimi kövrək səslə oxudu. - Kaş bu gün, bu dəmdə oleydim Kərbəlada, üh-üh-üh…
   Şirin-şirin yatıb xoruldayaraq əcaib səslər çıxaran əhli-kef Bəybalanın indi oğuldan xəbəri vardı, nə qızdan, nə Kərbəla adlı müqəddəs yerdən. O, bütün dünyada bir müqəddəs məkan tvnıyırdı - Atabalanın "Qızıl gül" kafesi!..
    Bəybalanın otağın bir küncündə dağılıb qalmış köhnə "Alpinist" tranzistoru sətədcəm adamın ciyərləri kim əvvəlcə bir az xırıldadı, sonra qəfildən kişi səsilə dinərək Xatın qarını diksindirdi: "Danışır Bakı. Bakı vaxtıyla saat iyirmidir. Xəbərləri veririk. "Soyuz T-7" gəmisi heyətinin müvəffəqiyyətli uçuşu Vətən kosmonavtikasının yeni parlaq səhifəsidir. Heyətin tərkibində ilk dəfə olaraq kosmonavt qadın işləmişdir. Bu uçuş kosmosun öyrənilməsində və Yerin mənşəyinin öyrənilməsində sovet elm və texnikasının çox böyük imkanlarını bir daha nümayiş etdirmişdir…

çap versiyası  
poçtla göndər
© Lit.az             



   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107