Yüz faiz qadın
("Nəsimi-2008" ədəbiyyat müsabiqəsində
II yerə layiq görülmüş yazarın hekayələri)
Tarix: 31.05.08// Yazar: Sevinc Çılğın
Mən ömrümdə belə diksinməmişdim. Üzümə taleyin qəfil zərbələri kimi şillə vursaydılar, inandırım, bir bu qədər şoka düşməzdim. Aman Allah! Anam qadın imiş!Söhbətin nədən getdiyini deməmişəm, amma görürəm ki, artıq təəccübdən gözləriniz şişir, böyüyür və özüylə yanaşı sətirləri, hərfləri də böyüdür. Burda inanılmaz heç nə yoxdu. Bir dəqiqəlik gözlərinizi yumun və qurumuş mat-qutunuzu kiridin. Çünki əvvəl-axır başa düşməlisiz ki, adamın ağlına gəlməyən şeylər lap belə başının tən ortasına da düşə bilər. Elə mən də sizin kimi...
Yavaş-yavaş anamın cinsinə şübhə ilə yanaşırdım. Heç baş aça bilmirdim məni dünyaya gətirən bu adamdan. «Nə qadın kimi qadın, nə də kişi kimi kişidir» - deyə, vaxt tapan kimi fikirləşməyə başlayırdım. Bütün günü ev işləriylə məşğul olur, silir, süpürür, dadlı yeməklər bişirir, hərdən zövqlə bəzənib, harasa gedir, daha nə deyim, bütün evdar xanımlar kimi ev işlərinin öhdəsindən birə-beş gəlir. Amma elə ki axşam düşür, şər qarışır, yatmaq vaxtı gəlir, onda da mənə yalvarır – gəl mənimlə yat. Mən də keyfimin kəllə-çarxa çıxdığı vaxtlarda gedib qucağına girirəm, sifətimin itdən zərrə qədər fərqi olmadığı zamanlardasa, elə öz dar, narahat divanıma sığınıb yatıram. Ağlım işləyəndən-işləyənə də "əgər anam qadındırsa , niyə atamla yatmaq istəmir" - deyə hey götür-qoy edirəm.
Allahdan gizli deyil, sizdən nə gizlədim - əlimizin aşağı olan vaxtı da olur. Bir parça çörək tapıb yeyir, göydəkinə şükür edirik. Amma belə günlərdə anam əli ətəyindən uzun gəzməz. Qeyrət boğur onu, hər biri mən boyda olan addımlar atır. Fəhlə olub daş da daşıyır, zibilli şəhərin küçələrini də süpürür, arada qul bazarında yük daşıdığı da olur. Kişi xeylağı deyilən Allah bəndəsinin edə biləcəyi və bilməyəcəyi hər işin qulpundan yapışa bilir. Onda da başıma nəsə düşür, beynimdə nəsə qıcıqlanır və mən yenə də düşünməyə başlayıram: «Eee, kişidir, yoxsa..."
Bir-bir yadıma salıram bu arvadın elədiklərini. Bacarır! Adamın Allahı var - kişi işini də görür, qadın işini də. Gəl gör ki, çaş-baş qalıb beynim yatana qədər bu boş başımla elə hey fikirləşirəm, ortalığa bir zəhrimar çıxara bilmirəm – anam kişidir, ya arvad?..
Qadın kimi kişiyə tamah göstərməyən anam heç kişiləşib qadınlığını itirən yol arvadlarına da oxşamır. Danışanda da deməzsən ki, blotnoydur. Belə də... Hərdən kimisə neprav çıxartdığı da olur. Yenə də hissdən-ehtirasdan bir zad ona yaxın gəlmir ki, gəlmir.
Nəhayət! Uzun sözün qısası. Bu gün əməlli-başlı diksinmişəm. Sən demə, anam qadın imiş. Qadınlıq deyilən nəsə gizlənibmiş bədəninin harasındasa.
Burasını qulağınıza pıçıldayıram. Atamın qadını varmış. Başqa yerdə, başqa qadın. Özü də elə-belə yox e, dəridən-qabığdan çıxırmış onunçun. Olan-qalan qəpik-quruşunu da xəsislik-məsislik eləmədən xərcləyirmiş o qancığa.
Günün ortası olardı ki, bir hovur uzanıb dincimi almaq istədim. Sözün düzü, gecə atamın evə gəlmədiyindən nigaran qalıb narahat gecələmişdim. Elə uzandım ki bir balaca gözümün acısını alım, bir də gördüm həngamə, nə həngamə.
Anam atamı döyür!
Nə yemisən, turşulu aş. Vur ki, vurasan. Kişi də üzünə, başına dəyən şapalaqlara ağlamaq yerinə hırıldayır.
Ağzımda bir parça dilim vardısa, onu da udub mat-məəttəl oturub tamaşa edirdim. Anam bir coşmuşdu, gəl görəsən. Belə dişinin dibindən çıxanı tullayırdı kişinin sir-sifətinə. Əlinə keçən-keçməyən nə varsa, çırpırdı kişinin üst-başına.
Nə uzadım?! Yəqin ki, bizim evin günün orta çağı bu yarıağlamalı, yarıgülməli halını siz də təxmin elədiniz.
Bir az sonra su səpilmiş ocaq kimi divanın bir küncünə qısılan anam səssiz-səmirsiz ağlayırdı ki, atam geyinib-keçinib, siqaretini də cibinə qoyub, çıxıb getdi.
Gərək ki, bunu əvvəldə də demişəm - bir parça dilim vardı, onu da itirdim. Bir Allah bəndəsinə danışa bilmədim deyə, sizə yazdım.
Siz Allah, heç kəsə danışmayın. Evimizin söhbətini nöş bilsinlər axı. Xalxdan əyibdi ye...
Aldanışlar şəhəri
Saat çoxalıb gün artdıqca biz şəhərdən uzaqlaşırdıq. Nə yaxşı ki, şəhərdən qaçmaq ağlıma gəlmişdi. Bu cırhacırda burda qalmaq, od tutub yanmaq axmaqlıq olardı lap. Amma dünənin təsiri hələ də keçməmişdi. Bir az ürəyim bulanırdı, bir az. O da qorxudan. Uşağa qalmaqdan qorxurdum. Ayrı heç nə narahat etmirdi məni. Ərə gedəndə düzüb-qoşub getmək olardı. Amma onun uşağını saldırmağa gücüm olmazdı. Bir də o uşaq gec-tez doğulmalıdı onsuz da. İndi lazım deyil sadəcə. Ərə gedərəm, uşağı da ər pərdəsi altında böyüdərəm. Hər halda ondan doğulacaq yavrumu xəstəxana stolunda qoyub gələ bilmərəm.
Bu günsə baş götürüb gedirəm buralardan. Aldadıram hamını. Elə bilirlər isti qovur məni. Guya dözümüm yoxdu. 1-2 ay gözləyib sonra qayıdacağam. Uşağa qalmasam, qayıdacağam. Yoxsa...
Dünən anamı aldatdım...ilk dəfə. Dedim şəhərdə gəzirəm. Onun qucağına girməzdən əvvəl də telefonu söndürdüm. Sevdim onu dünən...adam kimi...qadın kimi...kişi kimi... Gəlinlik paltarımı soyundum həmişəlik...onunçun... hisslərim bakirədir indi ancaq. İtirdim mən də...
İtirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm də. Amma bu itki elə gözəl duyğuydu ki. Sarılmışdım ona. Öpürdü məni... O necə sevimli, necə əziz...
Dünən də qorxurdum. Düzü, o an ağlıma hamiləlik gəlmirdi. O anın qorxusu başqaydı. Nə də olmasa ilk dəfə idi. Qorxusu olmalıydı. Qızlıqdan qadınlığa bir an varmış. Hələ dünənin dünənindən bu görüşün sonunu təsəvvür edirdim. Bilirdim nəsə olmalıdı. Bilirdim. Hazır da getmişdim. Gəlin kimi... İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim. Arzu olunduğumu da bilirdim, sevdiyindən əminəm. Amma qızlıq və qadınlıq körpüsünün bu qədər asan, rahat və bir anlıq olduğunu ağlıma gətirə bilməzdim. Çünki bu an yalnız və yalnız bir dəfə yaşanır. O da yalnız və yalnız onunla yaşana bilərdi...
- Xanım qız, burda düşsək, pis olmaz ki? Heç insafdan deyil bura qədər gəlib əyləmədən keçib gedəsən. Gəl bir hovur saxlayım maşını. Sən də düş əl-üzünü yu.
Şoferin əttəkön və çeynənmiş sözləri məni yazımdan ayıltdı. Etiraz etməyin yeri yox idi. Başımla razılaşdığımı bildirib könülsüz maşından endim. Yol kənarında yolçularçun nəzərdə tutulmuş kranlara yaxınlaşıb soyuq su ilə əllərimi yudum. Yaş əllərimi qollarıma çəkdim. Ürəyim sərinlədi. Daha üzümdəki narazılıq da itməyə başlamışdı. Tərləməmişdim. Burnuma tər qoxusu dəydi. Dönüb yanımda bizim maşının şoferini gördüm...
...Dünən çox tərləmişdi. Qapını açıb hava almasaydı, istidən ürəyi dayanacaqdı. Əvvəlcə çantamdan yaş solfetlər çıxarıb tərini sildik. Sonra bir dəftər də çıxarıb yelləməyə başladım (Qəribədir, o an dəfətərin ona yazılan bir qalaq şeir toplusu olduğu da gözümdən yayınmadı). O sezməyəcək dərəcədə gülümsədim də. Ayaqlarımı qaldırıb pəncə üstə dayanıb qalın, qırmızı dodaqlarından öpdüm. O özü balaca körpə kimidir... Yavaş-yavaş özünə gəlirdi. Amma bu kifayət etmədi. Bayıra çıxıb təmiz hava almalıydı. Bir az sonra Bakının qaranlıq küçələriylə yuxarı yola doğru addımlayırdım...
- Həmişə burdan keçəndə burda mütləq dayanıram. Sərinləməsən yola davam eləmək çətin məsələdir.
Kişinin ağzı da pis qoxuyurdu. Üzümü yana çevirə-çevirə yenə də başımı yelləyib guya ki, gülümsədim. Bu, gülümsəməkdən daha çox “iyvermiş ağzıvı yumsan, pis olmaz” demək idi.
Maşına yaxınlaşıb getmək istədiyimə işarə etdim. Şofer də, digər yolçular da elə mənim kimi davrandılar. Nəhayət ki, yol boyu da mənasız “siyasi” və “qlobal” “problemlərilə” başımı aparan bu boşboğaz kişi ağzını yumdu. Deyəsən, yorulmuşdu. Ya da mənim ifrit sifətinə bənzər simamdan ehtiyatlanıb daha az danışmalı olduğunu anlamışdı. Amma hər halda sevindirici hal idi. Mən yenə də yazmağa davam edirdim.
Burda məni ilk sevindirən şey gəldiyimdən 6-7 saat sonra rastlaşdığım saat oldu. Əslində otağa yerləşən andan bu saatı görmüş, işləmədiyini eşitmiş və hətta təəssüf də etmişdim. Dolablara gətirdiyim pal-paltarı boşaldıb həyətə düşdüm. İsti təndir çörəyi və pendirin uzaq yoldan sonra yeri var idi. Əlqaf elədim. Bir də axşama yaxın qalxdım otağıma. Bir az kitab oxumaq istəyirdim. Kamal Abdullanın “Yarımçıq əlyazması”nı götürüb uzandım. Saata baxdım. İşləmədiyini unutmuşdum. Saat işləyirdi. Özü də düz. 6-nın yarısı idi. İxtiyarsız yerimdən durub saata baxdım. Hə, düpbədüz işləyirdi. Güldüm... Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat, əslində mənimçün asılmış bu saat işləməyə başlamışdı, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan.
Gecəni rahat yatdım. Ya yol yormuşdu məni, ya da qoyub gəldiklərim. Oyananda yarıaçıq qapımın şəffaf pəncərələrindən gün düşürdü üzümə. Ayıldım. Yuxulu deyildim. Harda olduğumun da fərqindəydim. Deyəsən hamı yatmışdı. Saata baxdım. 7-dən beş dəqiqə keçirdi. Durdum. Otağımın qapılarını açdım. Yel vurdu hər tərəfdən. Elə xoş hava vardı ki. Son vaxtlar kənd həyatına artan marağım yenidən baş qaldırdı. Ürəyimdə “heyif deyil kənd, nə var e şəhərdə” dedim.
Otağımın divarları rəsmlərlə bəzədilmişdi. Başımın üstündə İçəri şəhərin görüntüsü olan şəkil vardı. Sol tərəfimdə dağınıq saçlarını toparlayan yuxulu qadın, sağ tərəfimdə arxasını mənə çevirmiş yataqda uzalı gecə köynəyində başqa bir qadın görünürdü. Sağ divarda iki daha böyük tablo asılmışdı. Biri Bakının, digəri də indi adını çəkmək istəmədiyim, yerləşdiyim şəhərin mərkəzi küçəsinin görüntüsüydü. Sol divardasa iri bədənnüma güzgü vardı. Bütün olaraq məni göstərirdi. Özümə baxdım. Bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil.
Foyeyə çıxdım. Burda da divarlar şəkillərlə süslənmişdi. Hər birinə ayrı-ayrılıqda baxa-baxa yan otaqlardan birinə çatdım. Burda qızlar qalırdı – qohumlarım. Qapı açıq idi. İçəri girdim. Qızlar hələ yatırdılar. Onlara məhəl qoymadan divarlardakı şəkillərə baxmağa başladım. Bu otaqda daha çox tipik və qədimi azərbaycanlı qadınların rəsmləri, ümumiyyətlə, milli kaloritli şəkillər asılmışdı. Otağın bayıra açılan qapısını açdım. Günəşi içəri buraxdım. Balkona çıxdım. Kənd ayağımın altına sərilmişdi. Qızlardan kimsə oyandı. Yuxulu qıyıq gözləriylə “nə tez durmusan, nöş xortdamısan?” dedi. “Yat hələ, durma, elə-belə durmuşam, ayıldım durdum, gedib yatıram indi” – cavab verdim.
Öz otağıma qayıtdım. Yerimə uzandım. Çarpayımın yanındakı kiçik dolabın üstündə gecədən tədarük edib qoyduğum sudan süzüb içdim. Sonra da kitab oxuya-oxuya yuxuya getmişəmmiş. Günortaya yaxın səhər tezdən addımlarımın səsinə oyanan qıyıq gözlü qız həyətdən adımı çəkib oyadırdı məni. Yəqin səhərin “intiqamı” idi.
O günü yaxşı yola verdim deyə bilərəm. Günortadan sonra bağa getdik. Bir az əyləndik də. Ürəyim də bulanmadı. Rahat idim. Axşam ona zəng elədim. Xoş rəftar karıma gəldi. Bir az da yaxşı oldum. Gecəni deyəsən qızlarla uzun-uzadı söhbətdən sonra yatmışam.
Artıq beş gündür ki, burdayam. Özümü yaxşı hiss edirəm. Yavaş-yavaş döşlərimin üstündəki, boynumdakı göylər də saralır. Burda soruşan olmadı da. Deyəsən heç kəs fikir verməyib. Vaxtı yola verdikcə hisslərim də soyumağa başlayır. Xatirələrim də uzaqlaşmaqdadır. Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu göyərmə məsələsidir. Anam duyuq düşməməlidir. Özümə gəlirəm...
Gecə yatmazdan əvvəl hamama girdim. Soyuq duş istəyirdim. Yaxşı təsir elədi. Güzgüyə baxdım hamamda. Elə bil ilk dəfə idi qadın bədəni görürdüm. Və onun bədənini xatırladım. Həyatımda ilk dəfə idi ki, qadın bədəni ilə kişi bədənini qarşılaşdırırdım. Maraqlı idi...onun bədəni...Özümü güzgü önündə qucaqladım. Gözlərimi qapadım. Dodaqlarını hiss edirdim...əllərini...öpüşlərini... Kimsə qapını döydü. “Gec çıxaceysan? Burda sular qəfil kəsilir aaa” – səsə ayıldım elə bil. “Çıxıram indi” – bu da məndən gəldi.
Elə bu dəqiqə zəng eləmişdi. Daha doğrusu, on dəqiqə bundan əvvəl etdiyim zəngə cavab verə bilmədiyindən indi etmişdi zəng. Sevindim... Deyir “neynirsən?”. Deyirəm “Pivə içirəm. Bayaq da çaxır içirdim. “Səninəm”ə də qulaq asdım, yadıma sən düşdün. Həm də səninçün hekayə yazıram”. Deyir “Yaxşı da... Denən daha mən bu gecə yatmıyıceyam ki”. Gülürəm, deyirəm “Yooooooo, qorxursan ki, səhərə qədər zəng edərəm, mesaj yazaram?”. Gülür, deyir “Hmmm.”. Bu dəfə ucadan gülürəm, hiss edirəm ki, gülüşüm xoşuna gəlir. Dalıyca deyirəm “Darıxırsan mənimçün?”. Deyir “Bə nə?”. Deyirəm “Çoox?”. Deyir “Hmm”. Deyirəm “Mən də. Özü də lap çox”. “On beş dəqiqəyə ordayam” – zarafat eliyir. “Yalançı!” – cavab verirəm. Axırda da öpür – çoxlu-çoxlu (“Bilirsən nə qədər?...” – “Çoox?” sualıma o cavab verir), mən də öpürəm, sonra sağollaşırıq. Sonra da bura köçürürəm danışdıqlarımızı. Bu yerdə də hekayənin bu qismi yazılır.
Qohum qızlardan biri bayaq qonşu qızından danışırdı. Bizim həyətdən baxanda hasarın üstündən onların evinin divarına vurulmuş güzgü görünür. Qız deyir ki, bayaq elə təsadüfən o tərəfə baxıbmış, görübmüş ki, qonşunun azyaşlı qızı güzgünün önündə durub öz-özünə oynayırmış. Dodağına pamada çəkib ora-burasını düzəldirmiş. Bu da burdan uca səslə qızın adını çağırıb. Qız da diksinib özünü itirib. Pərtliyini gizlətmək naminə “Oynayırdım” deyib.
Bunu qohum qız danışanda qaş qaralırdı. Bir də gördük yağış başladı. Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı. Biz də qızlarla bu gün içmək istəyirdik. Süfrə düzəltdik. Şam elədik. Şərab içdik. Hamıdan çox məni tutdu. Axmaq bir gülmək gəldi mənə. Həyətdə çalışan ustanı o ki var dolayıb güldüm. Bir az sonra başgicəllənməm keçdi və mən indi də siqaret istədim. Qalxıb otağımın sol qonşusu qohum oğlanın dolabının üstündəki qutudan bir siqaret götürdüm. Bunu ancaq tualetdə çəkmək olardı. Pillələri tez-tez enib mətbəxdən kibrit də götürüb həyət tualetinə yollandım. Heç kəs fərqinə varmadı. İçəri girər girməz ürəyim bulandı. Başım bu dəfə daha fərqli fırlandı. Gözlərim də qaraldı. Bir neçə an qapının dəstəyindən tutub dayandım. Özümə gəldim. Yox, edə bilmədim. Yadıma qəzetin son nömrəsində siqaretlə bağlı verdiyim material düşdü. Alimlər araşdırmışlar ki, siqaret uşaqların sağlam doğulmasına mane olur. Körpəyə çox ziyandı. Bir sözlə, etmədim.
Başgicəllənməm üç gündür ki var. Ürək bulanmam da həmçinin. Dünən ev sahibəsi bir az narahat da oldu. Yaxşı yeyə bilmirdim. Bu günkü səbəbimsə içki ola bilərdi deyə düşünüb heç nə demədi. Nigaran qalıb həkimə yollaya bilərlər məni. Özü də ən pisi Bakıya – tanış həkimlərdən birinin yanına. Ona görə də, bir az da ehtiyatlı davranmalıyam. İki gün də keçsin bir bəhanə edib mərkəzə gedəcəyəm – aptekə. Test alıb yoxlayaram. Müsbət nəticə göstərsə, təcili Bakıya qayıdıb, təhsil hazırlığına başlamalıyam. Qarnım böyümədən çıxıb getsəm, yaxşı olar. Uşağın atasını da gedəndən sonra xəbərdar edərəm. Əsas məsələ anamdır. Onu doqquz ay yola vermək lazımdır. Tez-tez məktub yazaram, zəng edərəm. Ara-sıra pul yollaram. Həm işləyərəm, həm də mətbəələrdən birində çalışıb bir təhər dolanaram. Qurumun rəhbəri də çox şeyi öz boynuna götürüb. Çətin olmaz.
Yuxarıda yazdıqlarımı gecə yatmazdan əvvəl götür-qoy eləmişəm. Demək olar ki, hər varianta addım hazırdı. Qalır ancaq sabah bir bəhanə tapıb evdən çıxmaq.
Qonşu otaqda qalan qohum oğlan özü apardı məni mərkəzə. Xoşbəxtlikdən aptekə mənimlə girmədi. Yəqin qadınların xüsusi günlərçün tədarükü-zadı kimi başa düşdü. Yaxşı oldu.
İnanılmaz nəticə! Test hamilə deyilsən dedi. Bilmədim sevinim, yoxsa kədərlənim. Hər halda indi arzuolunan son idi. Rahat nəfəs aldım. O gündən bu yana içimdə azca da olsa qınaq vardısa, hamısı yox oldu. Öz-özümə gülümsədim. Bakı üçün burnumun ucu göynəyirdi... Noolsun ki, istidi....?!
Bilmirəm amma bunu hekayə adıyla “Sənə yazmışam” deyib, ona oxutdurum, ya yox...
Sağ
Vahab əmi Zauru da özüynən Həccə aparıb. Yolda ağrısı boydan olub. Ama indi şükür allahın birliginə. Daha əlinə də almır o zəhrimarı.
Quska da tərgizib. Bir ay o pullı yərdə saxliyiblər qohumları. İndi irgənir diyəsən hələ şeylərdən. Yanında onnan danışanda da, sözünü ağızdarında qoyur, diyirlər.
Əbili Beladan olan oğluna maşın alıb. Diyirlər, arvadının xəbəri yoxdı. Bilib neyniyiceg ki...
Gülümnaz and içib ki, şağına mal vərənin öyünə od vuruceg. Yadıma düşmüşkən, şağının üçüncü şağı oldi o günnəri.
Kərimin heyitinnən təcili yardımnan apardılar Süleymanı. İynə damarında qalıb. Atasına qohumluğu çatır diyə işi uzatmadılar. Meyidi öz öyünə qeytərdilər. Ama yəqin bunnan sora qohumbazdıq-zad da ələməzdər...
Sənubərin də heç nədən xəbəri yoxdı. Əsməri bir ətey pul alannan sora bıraxıblar. Arvaddığına yazıqları gəlib, gecəynən həll əliyiblər mesələni.
Xalıq cip alıb. Məmə diyir, hay-haynan gələn vay-vaynan gedər. Düz diyir hələ. Axırını gözdüyün...
Əhmed səhər dama dırmaşmışdı. Nabat da hay-həşir salıb. Əriyən qarı-buzu süpürürdü. Oların da damına əlac qılmaq lazımdu.
Fatma xala balaca, nisbətən dərin nəlbəkini süfrəyə qoydu. İçində cirə var idi. Nəməkdanı da gətirib qoydu ortaya. Bir-iki çimdik duz götürüb cirəyə qatdı. Çeçələ barmağıyla qarışdırdı. Çörəyin üstünə səpib ağzını əyə-əyə yeməyə başladı. Əlimi süfrəyə uzatmadım, amma ağzım sulandı. Udqundum.
Kübrasa ara vermədən danışırdı...
Səmedin qarajına giriblər. Maşınını soyublar.
Həmidənin qızı zəng ələmişdi. Bakıya qeyitmeg fikirləri də yoxdı. Ama bəlkə yayda gəldilər. Hələ-bələ də...gezmegə...
Tofiy quşdarını satmışdı bir ara. Sora gördü ki, atasınnan qalma quşxananı dağıtmaq olara düşmedi, tezdən başdadı.
Hə, Mirağa da Abdullanı o ki var dögüb. Heyitinə it getirib. Olara da it düşmür axı. Hələ həmin günün axşamı öz qapılarınnan apardılar Mirtağını. Yazıq Mirağanın da canı türmelərə oğul dalıycan gedə-gedə çıxdi...
Fatma xala termosun qapağını açdı. Daş stəkanlara çay süzüb ağzını bərk-bərk bağladı. Birini qabağıma çəkib əlimi çayın buxarına tutdum. Ovcum sulandı.
Kübranı Qafurun arvadı çağırdı həyətdən. Nimdaş başmaqlarını şappıldada-şappıldada pillələri enib onlara getdi. Çox keçmədi, qayıtdı. “Əmineydi... gözaydınnığı vərirdi...”.
Hə, onu diyirdim axı Nisə namaza başdiyib. Diyir, bəlkə allah bələdə dualarımı eşidər, Mirtağı da haqq yoluna gələr... Arvadı bu dəfə getmədi ata öyünə. Onunku da bələ getirdi də... Neynəsün e?...
Firdovsi də qudurub e. Səlam vərəndə can vərir hələ bil. Bir az da böyüsə, səlam-kəlamı da kesiceg.
Fatma xala elə bil daha bizə qulaq asmırdı. Daha doğrusu, Kübranın monoloqunu eşitmirdi elə bil. Gözlərini harasa zilləmişdi. İçəri otaqda divarın yuxarısında nəsə vardı deyəsən. Dalğın-dalğın ora baxırdı. Azca boylanıb içəri baxdım. Salehin üzü gülürdü. Necə deyərlər, şəkil kimi oğlan idi. Elə şəkillərdə də qaldı. Fatma xala gözlərini şəkildən çəkmədən ağır-ağır: “Heç ölməli oğul dögürdi.Yıxdı öyüni o zəhrimar...” – dedi.
Küçədən kimsə çağırdı. Bayıra çıxdım. Sağollaşa da bilmədim. Fatma xala udquna-udquna dilinin altında nəsə mızıldanaraq şəklə baxıb ağlayırdı. Kübra daha susmuşdu. Sakit-sakit başını yelləyirdi.
Tində on-on beş yaşlarında oğlan uşaqları sallağı oturub vecsiz-vecsiz nəsə danışırdılar. Mamed əlini havada yelləyib birinin yaxınlaşmasını işarə etdi.
- Ala, kişi qırığı, get bir dənə yarım litrlik al biziyçün... – sonra üzünü mənə tutdu:
- Haçan çıxmısan?
- Bir-iki saat olar.
Əlini çiynimə qoydu:
- Özün necəsən e?
- ... – çiyinlərimi çəkdim.
- Arvad neynirdi?
- Salehin...
- Hə, o daha gülmez...
- ...
- Eşşi, həyatdu da... Hammızın axiri odu da... Danış görey içəridə nə var-nə yox e...
"Nəsimi-2008" milli ədəbiyyat müsabiqəsinin nəticələri