 |
18.11.08/Orxan Pamuk/Qar
Orxan Pamuk. Qar (Doğrudanmı bura seçki və intiharlara görə gəldin?. IV fəsil)
Tarix: 18.11.08// Tərcümə: Yunis Orucov

Ka ilə İpək "Yeni həyat" pavilyonunda. Qar altında Faiqbəy Caddəsindən "Yeni həyat" pavilyonuna gedərkən eşitdiyi pis xəbərlərə baxmayaraq, Kanın üzündə səbəbsiz olsa da bir təbəssüm vardı. Qulağında De Çaprinin “Robertas”ı özünü Turgenev romanının illərcə xəyalını qurduğu qadınla görüşə gedən romantik və kədərli bir qəhrəmanı kimi görürdü. Bitib tükənməyən problemlərindən, geriliyindən yorulub bezərək tərk etdiyi ölkəsini Avropadan həsrətlə və sevgiylə xatırlayan Turgenevi və onun zərif romanlarını Ka sevirdi. Amma doğrusunu söyləyək, İpəyin xəyalını Turgenevin romanlarında olduğu kimi illərcə qurmamışdı. İpəyə bənzər bir qadının xəyalını qurmuşdu yalnız. Bəlkə də aradabir onu ağlına gətirmişdi. Amma yalnız ərindən ayrıldığını öyrənən kimi İpəyi düşünməyə başlamış, indi də İpəklə daha dərin və həqiqi münasibət qurmaq üçün və onu yetərincə xəyal etməməyin boşluğunu duyduğu musiqi və Turgenev romantizmi ilə doldurmaq istəyirdi. Amma pavilyona girib onunla eyni masaya oturan kimi beynindəki Turgenev romantizmini itirdi. İpək hoteldə gördüyündən də, universitet illərində olduğundan da daha gözəl idi. Gözəlliyinin təbii olması, xəfif boyanmış dodaqları, simasının solğun rəngi, gözlərinin parlaqlığı və insanda dərhal bir doğmalıq oyandıran səmimi halı Kanı həyacanlandırırdı. İpək bir an o qədər səmimi göründü ki, Ka təbii olmamaqdan qorxdu. Pis şeirlər yazmaq qorxusundan sonra Kanın həyatda ən çox qorxduğu buydu. - Yolda "Sərhəd Qars televiziyası"ndan Millət Teatrına, camaşır ipi çəkirlərmiş kimi, canlı yayım xətlərini çəkən işçiləri gördüm, - dedi, bir söhbətə başlamaq əndişəsiylə. Amma əyalət həyatından bezdiyini göstərməkdən çəkindiyi üçün gülümsəmədi. Bir müddət bir-birləriylə anlaşmaya xoş niyyətlə qərarlı olanlar kimi rahat söhbət edə biləcəkləri ortaq mövzular axtardılar. Bir mövzu bitincə, İpək gülümsəyərək yenisini tapırdı. Yağan qar, Qarsın yoxsulluğu, Kanın paltosu, hər ikisinin keçən zaman ərzində çox az dəyişmələri, siqareti hələ də tərgitməmələri, ikisinin də çoxdan ayrı yaşadıqları İstanbulda az əvvəl Kanın gördüyü adamlar... İkisinin də anasının vəfat etməsi və İstanbulun Feriköy Məzarlığında dəfn olunması sanki onları bir-birlərinə daha da yaxınlaşdırdı. Eyni bürcdən olduqlarını anlayan qadınla kişinin bir-birinə, süni də olsa, duyduqları yaxınlığın verdiyi ötəri bir rahatlıqla analarının həyatlarındakı yerlərindən (qısaca), Qarsın köhnə qatar vağzalının nə üçün uçmasından, oturduqları yerin 1967-ci ilə qədər bir Ortodoks kilsəsi olmasından və dağılan kilsənin qapısının indi müzeydə saxlanmasından, muzeyin erməni soyqırımı adlı özəl bölməsindən (bəzi turistlər bu bölmənin türklərin qətlə yetirdiyi ermənilər haqqında olduğunu sanıb ora axışıb gəlir və sonra tam tərsi olduğunu anlayırmışlar), pavilyonun xəyalətə bənzər qarsonundan, Qarsın çayxanalarında işsizlər bahadır deyə içmədikləri üçün qəhvə satılmamasından, Kanı müşaiyət edən qəzetçinin və digər yerli qəzetlərin siyasi görüşlərindən (hamısı hərbçiləri və hökuməti dəstəkləyirdi), "Sərhəd şəhər qəzeti"nin Kanın cibindən çıxardığı sabahkı sayından söz açdılar. İpək qəzetin birinci səhifəsini çox diqqətlə oxumağa başlayında, Ka eynən İstanbulda gördüyü köhnə dostları kimi onun üçün də yeganə marağın Türkiyənin iç acısı, səfil siyasi dünyası ola biləcəyindən, Almaniyada yaşamağı ağlından belə keçirməyəcəyindən qorxdu. Ka İpəyin kiçik əllərinə, ona çaşdırıcı dərəcədə gözəl gələn zərif üzünə uzun-uzadı baxdı. - Sən hansı maddəylə, neçə illiyə məhkum olunmuşdun? - deyə soruşdu İpək şəfqətlə gülümsəyərək. Ka dedi: Yetmişinci illərin sonuna doğru Türkiyədə kiçik siyasi qəzetlərdə hər şey yazıla bilirdi. Hər kəs yararlanıb cəza qanunundakı bu maddəylə məhkum olunmaqdan qürur duyurdu. Amma heç kim həbs olunmadı. Çünki polis cəld tərpənib ünvanlarını dəyişdirən yazı işləri müdirlərini, yazarları, tərcüməçiləri axtarmırdı. Daha sonra hərbi iqtidar gəlində ev dəyişdirənlər də yavaş-yavaş yaxalanmağa başladı. Özünün yazmadığı və təcili olduğuna görə oxumadan yayımladığı bir siyasi məqaləyə görə məhkum olan Ka Almaniyaya qaçmışdı. - Almaniyada çətinliyin oldumu? - deyə soruşdu İpək. - Məni qoruyan alman dilini öyrənməməyim oldu, - dedi Ka. - Vücudum almancaya dirəndi, sonunda saflığımı qorudum. Axşamlar stansiyaya yaxın, Frankfurtun damlarına baxan bircə pəncərəsi olan kirayələdiyim kiçik otaqda hər dəfə geridə buraxdığım günü eyni səssizliklə xatırlayırdım və bu mənə şeir yazdırırdı. Daha sonra Türkiyədə şair olaraq bir az tanındığını eşidən Türk emiqrantları və türkləri öz tərəfinə çəkmək istəyən bələdiyyələr, kitabxanalar, üç illik türk məktəbləri, uşaqlarının türkcə yazan bir şairlə tanışlığını istəyən camaat məni şeir oxumağa, tədbirlərə çağırmağa başladılar. Ka Frankfurtda dəqiqliyinə heyran qaldığı alman qatarlarından birinə minər, pəncərənin dumanlı aynasından kiçik qəsəbələrin kilsə qübbələrinə, ormanların qəlbindəki qaranlığa və yollar boyu məktəb çantaları ilə evlərinə dönən şən uşaqları görərkən yenə eyni səssizliyi duyar, bu ölkənin dilini heç anlamadığı üçün özünü evində hiss edər, şeir yazardı. Əgər şeir oxumaq üçün başqa bir şəhərə getmirdisə, hər səhər saat səkkizdə evdən çıxar, ayzertrass boyunca qaçar, Zeil Caddəsindəki bələdiyyə kitabxanasında kitab oxuyardı. “Orada mənə iyirmi ömür yetəcək qədər ingiliscə kitab vardı.” Xoşladığı XIX əsr romanlarını, romantik ingilis şairlərini, mühəndislik tarixi ilə bağlı kitabları, ürəyindən keçən hər şeyi ölümün çox uzaq olduğunu bilən uşaqlar kimi xoş bir rahatlıqla oxuyurdu. Bələdiyyə kitabxanasında səhifələri çevirir, köhnə ensiklopediyalara baxır, bir anlığa rəsmli səhifələrin önündə duruxur, Turgenevin romanlarını təkrar oxuyarkən qulaqlarında bir şəhər uğultusu duymasına baxmayaraq, Ka içində qatarlardakı həmən səssizliyi eşidirdi. - Bu səssizliklər bir müddət sonra həyatımda o qədər yer tutmağa başladı ki, şeir yazmaq üçün çarpışmağımın lazım gəldiyi, narahatçılıq yaradan o uğultunu duymaz oldum, - dedi Ka. - Almanlarla heç söhbət etmirdim. Məni alim, intellektual və bir az da dəli hesab eləyən türklərlə də aram yaxşı deyildi artıq. Heç kimi görmür, heç kimlə danışmır, şeir də yazmırdım. - Amma qəzet bu axşam ən son şeirini oxuyacağını yazır. Ən son şeirim yoxdu ki, oxuyam. Pavilyonda onlardan başqa pəncərənin kənarındakı qaranlıq yerə qoyulmuş masada oturan gəncdən və ona səbrlə bəzi şeylər başa salmağa çalışan orta yaşlı arıq və yorğun biri vardı. Həmin anda arxalarındakı böyük pəncərədən qaranlığın içinə yağan lopa-lopa qar pavilyonun neonla yazılmış adından işıq kimi süzülür və pavilyonun uzaq bir küncündə başları möhkəm söhbətə qarışmış digər iki nəfəri ağ-qara filmlərin iştirakçılarına bənzədirdi. - Bacım Qədifə universitet imtahanlarında birinci il uğur qazana bilmədi, - dedi İpək. İkinci ildə buradakı Təhsil İnstitutuna girə bildi. Mənim arxamda ən kənarda oturan arıq adam institutun rektorudur. Bacımı çox sevən atam anamın avtomobil qəzasında ölməsindən sonra tənha qalandan sonra bizim yanımıza köçmüşdü. Atam üç il əvvəl bura gələndən sonra mən də Muxtardan ayrıldım. Hamımız bir yerdə yaşamağa başladıq. Ölü ruhların, xəyalların qaynaşdığı hotel binamız qohumlarımızla ortaq maldır. Üç otağında biz yaşayırıq. Kayla İpək arasında universitet illərində və solçu təşkilatda hər hansı bir yaxınlaşma olmamışdı. 17 yaşında ədəbiyyat fakültəsinin hündür tavanlı dəhlizlərində görünməyə başlayan Ka da bir çoxları kimi İpəyi gözəlliyi sayəsində dərhal fərq etmişdi. Bir il sonra isə onu həmin təşkilatda, şair dostu Muxtarın həyat yoldaşı kimi görmüşdü. Hər ikisi qarslı idilər. - Muxtar atasının "Arçelik" və "Ayqaz" üzərindəki bəyliyini əlinə aldı, - İpək dedi, - Buraya qayıtdıqdan sonrakı uzun illər uşağımız olmadığı üçün məni Ərzuruma, İstanbula aparıb həkimlərə göstərməyə başladı. Yenə uşağımız olmadığına görə, ayrıldıq. Amma Muxtar təzədən evlənmək əvəzinə dinə tapındı. - Niyə hamı dinə tapınır? - dedi Ka. İpək cavab vermədi. Bir müddət divardan asılmış ağ-qara televizora baxdılar. - Niyə bu şəhərdə hamı intihar edir? - dedi Ka. - Hamı yox, gənc qızlar, qadınlar intihar edir, - İpək dedi, - Kişilər dinə tapınır, qadınlar intihar edir. - Niyə? İpək elə baxdı ki, Ka sualında və cavab gözləməsində sayğısız və pis bir tərəf olduğunu hiss etdi. Bir az susdular. - Seçki reportajım üçün Muxtarla görüşməliyəm, - dedi Ka. İpək dərhal qalxaraq kassanın yanına gedib, telefonla zəng etdi. Səssizlik yaranan kimi Ka yenə həyacana qapıldı. Yollar bağlanmamış olsaydı, elə indicə ilk avtobusla buradan qaçardı. Qars şəhərinin axşam çağlarına və unudulmuş insanlarına daxilən yazığı gəldi. Gözləri qarın üzərinə yönəlmişdi. Hər ikisi uzun müddət qarı seyr etdilər və bunu vaxtı çox olan, arsız insanlar kimi etdilər. Ka özünü çox çarəsiz hiss edirdi. - Doğrudanmı bura seçkidən və intihardan yazmaq üçün gəlmisən? - Yox, - dedi Ka. - Muxtardan boşandığını İstanbulda öyrəndim, səninlə evlənmək üçün buraya gəldim. Bir an İpək xoş bir zarafatmış kimi buna güldü. Amma çox keçmədən üzü qıpqırmızı oldu. Uzun bir səssizlikdən sonra İpəyin gözlərindən onun hər şeyi olduğu kimi gördüyünü hiss etdi. - Məni sevdiyin və özəl olaraq düşündüyün üçün yox, boşandığımı öyrəndiyin, gözəlliyimi xatırladığın və Qarsda yaşadığımı bir zəiflik olaraq gördüyün üçün gəldin buraya. Artıq əməllicə utandığı bu arsız xoşbəxtlik istəyini cəzalandırmaq əzmi ilə Ka İpəyin hər ikisi haqqında daha sərt şey düşündüyünü də xəyal etdi. “Bizi birləşdirən şey həyat haqqındakı düşüncələrimizin uğursuzluğa düçar olmasıdır”. Amma Kanın fikrindən keçirdiyindən fərqli bir şey dedi İpək: - Mən sənin yaxşı bir şair olacağına inandım, - dedi - kitablarına görə təbrik edirəm. Qarsdakı bütün çayxanalar, kafelər və hotel salonlarında olduğu kimi, burada da qarslıların öyündükləri yerli dağların yox, İsveçrə Alplarının mənzərələri asılmışdı. Az öncə onlara çay gətirən qoca qarson indi yağları və zərli kağızları solğun lampanın işığında işıldayan çörək və şokolad dolu piştaxtaların arasında, kassanın yanında, üzü onlara tərəf, arxadakı masalara üz çevirərək ağ-qara televizora rahatlıqla baxırdı. Televizorda sarışın və bikinili bir türk aktyorunun qumluqda qaçması və iki kişinin onu qovduğunu göstərən film gedirdi. Pavilyonun kənarındakı qaranlıq masada oturan cavan adam ayağa qalxdı və əlindəki silahı təhsil institutunun rektoruna yönəldib Kanın eşidə bilmədiyi bəzi şeylər deməyə başladı. Rektor da ona cavab verərkən tapançadan atəş açıldığını gördü Ka. Bunu silahın aydın duyulan səsindən daha çox, rektorun bədəninə saplanan güllənin şiddətindən sarsılaraq tarazlığını itirib yerə düşməsindən anladı. İpək də dönüb Kanın seyr etdiyi səhnəyə baxırdı. Kanın bayaq gördüyü yerdə qoca qarson yox idi. Gənc adam yerindən qalxmış və silahını yerə yıxılmış rektora sarı tuşlamışdı. Rektor yenə də ona bəzi şeylər deməkdə idi. Televiziyanın səsi açıq olduğu üçün nə dediyi başa düşülmürdü. Həmin adam rektorun bədəninə üç dəfə də atəş açdıqdan sonra bircə anda arxasındakı qapıdan çıxıb yox oldu. Ka onun üzünü görə də bilmədi. - Çıxaq. - dedi İpək. – Burada dayanmayaq. - Kömək edin, - deyə Ka cılız səslə bağırdı. Sonra - Polisə zəng edək, dedi. Amma yerindən tərpənmədi. Daha sonra İpəyin arxasınca qaçdı. "Yeni həyat" pavilyonunun laylı qapısında, sakitcə endikləri pillələrdə heç kim yoxuydu. Bir anda özlərini qarlı küçədə gördülər. Və arxayın yeriməyə başladılar. Ka “Ordan çıxdığımızı heç kim görmədi” deyə düşünür, bu da ona rahatlıq gətirirdi. Çünki özünü cinayət törətmiş adam kimi hiss edirdi. Dilə gətirdiyi üçün utanc və peşmançılıq keçirdiyi evlilik istəyi sanki layiq olduğu cəzanı almışdı. Heç kimlə göz-gözə gəlmək istəmirdi. Kazım Qarabəkir Caddəsininin tininə çatanda Ka hələ də çox şeydən qorxurdu, amma İpəklə paylaşdıqları ortaq bir sirrin olmasından aralarında doğan səssiz yaxınlıqdan xoşallanırdı. Xəlil Paşanın qapısındakı portağal və alma ağaclarını aydınladan yaxınlıqdakı bərbərxananın aynasından süzülən işığın altında onun gözlərində yaş göründə Ka təlaşlandı. (...) - İnstitut rektoru başı örtüklü tələbə qızları dərslərə buraxmırdı. Onun üçün də zavallını öldürdülər. - Polisə xəbər verək, - Ka bir zamanlar bunun solçuların nifrət etdiyi bir cümlə olduğunu xatırlayaraq dedi. - Necə olsa, özləri hər şeyi anlayacaqlar. Bəlkə də artıq indidən hər şeyi biliblər. Rifah Partiyasının bölgə mərkəzinin ikinci mərtəbəsinə çıx, - deyə İpək qərargahın girişinə işarə etdi. - Gördüklərini Muxtara danış ki, MİT üstünə gələndə çaşmasın. Ayrıca olaraq bunu da deyim ki, Muxtar mənimlə yenidən evlənmək istəyir. Onunla söhbət edəndə bunu unutma.
I hissə | II hissə | III hissə
çap versiyası
poçtla göndər
© Lit.az
|