 |
Afaq Məsud: Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

"Mən aldanmış xalqın yazıçısıyam" Mən yaşadıqlarımı xatırlamıram. Bir əsərimin qadın qəhrəmanı da belə bir fikir söyləyir: "Mən buna qədər olanları xatırlamıram. Elə bil heç olmamışam..." Bu, müəyyən mənada öz dünyaduyumumdur.
- Cəhd eləyib xatırlamırsınız, yoxsa nəyisə xatırlamaq sizə müyəssər olmur?
- Cəhd eləsəm, əlbəttə, xatırlayaram. Xatirələrə dalmaq, ötüb-keçənlərin sevinci, ağrısı ilə yaşamaq mənim üçün həmişə maraqsız olub. Həyatımda baş verən bir neçə ağrılı və bir neçə sevincli hadisəni çıxmaq şərtilə. Onlar bioqrafiyama daxil olan hadisələrdir. Bunlardan heç hara qaça bilməzsən. O ki qaldı ötən yaşantılara dalmağa, açığı buna mənim nə vaxtım, nə də elə bir ehtiyacım olur. Mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özümdən - o qədər informasiya alıram ki, ötüb-keçənlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm də kəşfdir. Bu məşğuliyyət deyil. Bu, həyat tərzimdir. Ömrün hər mərhələsində insan əvvəlkindən fərqli olur, nələrisə yenidən anlayır, nə isə kəşf edir. Məndə isə bu proses reaktiv sürətlə getməkdədir. Bu gün artıq bir həftə bundan qabaqkı adam deyiləm. Nəyə görəsə keçmiş mənim bu günkü varlığım, duyğularım üçün əhəmiyyətsizdir. İstərdim, məni düzgün başa düşəsiniz. Duyğu səyahətlərimdə mən elə ərazilərə, elə məkanlara gedib-çıxıram və oralarda zaman dövrlərini başa vururam… Ayılanda isə görürəm, bunların hamısı bir, ya iki dəqiqənin içində, bəlkə də daha az müddətdə baş verib. Bu səyahətlərdən sonra hər şey mənə çox kiçik və əhəmiyyətsiz gəlir.
- İnsana bu dünyada az vaxt verilib, ya çox?
- Biz düşündüyümüzdən xeyli çox. Sadəcə, biz bu zaman kəsiyini belə qəbul edirik. Bax, bir də görürsən, ürəksıxan bir yerdə oturub, nəyisə gözləməyə məcbursan. Bu zaman adama dəqiqələr illər qədər uzun və ağır gəlir. Əslində isə bu, Yer həyatının zaman duyumudur. İnsan əsl həyatına yol tapmayanda belə olur. Əsl həyat isə bizim qayğılardan ibarət bu gündəlik həyatımız deyil, bizim ruhi həyatımızdır. Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur.
- Bu həddən ziyadə uzun ömürdə özünüzü xoşbəxt hesab edirsinizmi?
- Əlbəttə, axı bu darıxdırıcı həyatdan qurtuluş yolunu tapmışam. Zahirən hamı kimi yaşayıram. Səhərlər işə gəlir, axşamlar evə qayıdıram, oğlumun dərslərinə baxıram, son xəbərləri dinləyirəm. Amma bütün bu yeknəsəqliyin içində gizlənən sonsuz arakəsmələr var ki, onların qapıları mənim üçün daim açıqdır. Elə buna görə də günlərin yeknəsəqliyini, ömrün qısa, ya uzun olmasını hiss etmirəm.
- Yenə də bizim keçmişimiz yaşantılarımızdan, bugünlə bağlı təəssüratlarımızdan asılı olmayaraq var və bizdən asılı olmayaraq artıq sənədləşdirilib. Necə yaşamaq və dünyanı necə görmək-duymaqdan ötrü əvvəl dünyaya gəlməliyik. Bəlkə söhbətimizə də elə burdan başlayaq.
- Bilirsiniz, insanın dünyaya gəlməsi - yalnız bir qadınla bir kişinin evlənib dünyaya uşaq gətirməsi demək deyil. İnsanın dünyaya gəlməsinin çox dərin kökləri, izahsız qanunauyğunluqları var; burda nəsil kodları, bürclərin səmavi təsiri və sair və ilaxır… və əgər bütün bunları rəqəmləşdirsək, gözümüz qarşısında saysız-hesabsız rəqəmlərlə dolu kainatölçülü cədvələbənzər bir panoram açılar. İnsan öz taleyindən razı, yaxud narazı ola bilər. Amma onun taleyinə yaxşı, yaxud pis deməyə heç bir haqqı yoxdur. Ən azı ona görə ki, onun tale deyilən ilahi yazı haqqında heç bir təsəvvürü yoxdur. Öz taleyimdən danışanda, razı və narazı söhbətini bir kənara qoymaq şərtilə, bir neçə zədəni deyə bilərəm: atamı 9-cu sinifdə oxuyanda, anamı 26 yaşında olanda, qardaşımı bu yaxınlarda itirmişəm. Bir də sözsüz ki, məşum 20 Yanvar hadisələri… Bunlardan başqa çəkdiyim çətinliklər bir o qədər də əhəmiyyət daşımır ki, onlara zədə deyə bilim. Sevincli hadisələr sırasında: iki qızım artıq ailə həyatı qurub, üç nəvəm var, bir neçə əsərim var ki, onlara görə daim qürur duyuram, bir neçə il bundan əvvəl avstriyalı bir alim tərəfindən yaradıcılığımı tədqiq edən doktorluq dissertasiyası müdafiə olunub… Bunlar taledən gələn sevincli anlardır. Vəssalam.
- Gəlin söhbətimizin "bədii hissə"sinə keçək. Günlərin bir günü dünyaya bir qız gəldi, adını Afaq qoydular. Bu ad hardan götürülüb?
- Atam Nizami Gəncəvinin vurğunu olub. Onun sevdiyi və sonradan evləndiyi gözəl bir qadının adı Afaq olub. Mənə belə danışıblar. Lakin zənnimcə, atam bu adın mənasını əsas götürüb. Afaq - kainat deməkdir. Atam - filologiya elmləri doktoru, professor Məsud Əlioğlu Hüseyn Cavidin yaradıcılığına, şifahi xalq ədəbiyyatına, bizim klassiklərə dair, eləcə də öz dövrünün müasir ədəbi prosesləri haqqında bir sıra dəyərli elmi-tədqiqat əsərlərinin müəllifidir. Ömrünün son dövrlərində ərsəyə gətirdiyi bir sıra əsərləri artıq onun dərin fəlsəfi qayəsini üzə çıxarmağa başlamışdı, lakin ömür vəfa eləmədi və o, 45 yaşı tamam olmamış dünyasını dəyişdi. Məhz həmin o son dövrlərin əsərlərinə görə onun yaradıcılğı ədəbi-tənqiddən çox, ədəbi-fəlsəfi tədqiqat kimi qiymətləndirilirdi.
- Dövrdən narazılığı ilə əlaqədar çox danışır onu tanıyan adamlar…
- Məsud Əlioğlu o dövrün hakim ideologiyası ilə heç cür barışa bilmirdi. Elə bu səbəbdən, sovet dövründə yaşamağımıza baxmayaraq, nə mən, nə də qardaşlarım o atmosferi evdə hiss eləmişik. Sovet psixologiyası, sovet ideologiyası bizim qapıdan içəri buraxılmayıb. Bizim evdə həmişə sərbəst düşüncəyə, azad fikirlərə üstünlük verilib. Atam o dövrün yalançı şüarlarını o qədər qəbul edə bilmirdi ki, quruluşa, ideologiyaya saxta sədaqət göstərən vəzifə adamlarını da, yeri düşdükcə cəmiyyət içində təhqir eləməkdən özünü saxlaya bilmirdi. Bu xasiyyəti işinə də əngəllər yaradırdı. Dəfələrlə atamın kitabları "qlavlit" deyilən nəşr senzurası tərəfindən yasaq edilirdi, sosialist realizminə yad fikirlərinə görə adı Mərkəzi Komitənin qərarlarına salınırdı və aylarla, illərlə nə məqalələri, nə də kitabları işıq üzü görə bilirdi. Bundan bizim ailə də əziyyət çəkirdi. Axı o illər ədəbi-tənqidçilər də digər qələm əhli kimi kitablarından aldıqları qonorar hesabına dolanırdılar. Bu səbəbdən biz tez-tez maliyyə çətinlikləri ilə üzləşirdik…
- Bəs babanızın, xalq yazıçısı Əli Vəliyevin nüfuzu ona yardımçı olmurdu?
- Babamın nüfuzu yardımçı olurdu ki, ona dəymirdilər, millətçi damğası ilə Elçibəy kimi dustaqxanalara salmırdılar. Mənim babam qatı kommunist idi. O, kommunist ideologiyasına inanırdı və bu inamına görə mən ona, onun xatirəsinə hörmət edirəm. Bu, sözün əsl mənasında, etiqad idi. Əli Vəliyev məsləkinə ürəkdən bağlı, sədaqətli adam idi. O inanırdı ki, hökumət insana zəhmətinə görə qiymət verir, kasıblara əl tutur. Doğrudan da Əli Vəliyev elə bir dövrdə, elə bir çətin, kasıb vəziyyətdən gəlib, cəmiyyətin ən yüksək təbəqəsində ictimai nüfuz sahibi olmuşdu ki, bu quruluşa inanmağa elə bilirəm, onun haqqı var idi. Atamı sərbəst düşüncələrinə görə həmişə ən çox danlayan da elə babam olurdu.
- Bəs atanızın dünyagörüşü hardan formalaşıb?
- Deyə bilmərəm. Bəlkə öz daxili azadlığından, ya kiminləsə ötəri bir görüşdən, yaxud eşitdiyi bir sözdən, ya musiqidən, olsun ki hansısa duy-ğudan, fikirdən. Məgər biz bilirik ki, beynimizdən ötən fikirlər, yaxud duyğularımız hardan qaynaqlanır?..
- Atanızın sizə təsiri olub?
- Bu yaxnlarda onun kitablarından birini vərqləyirdim. Qəfildən dik atıldım… elə bil öz cümləmi oxudum… İlahi… Fikirləşirəm, bu cümləni elə bil mən özüm yazmışam. Sonra öz yazılarıma baxıram. Hər cümlədə, hər abzasda onun nəfəsi hiss olunur. Açığını deyim, mən ədəbiyyata Məsud Əlioğlunu mütaliədən gəlməmişəm. Elə ona görə də bu oxşarlıq məni heyrətə gətirirdi. Görünür, bu da bayaq dediyim həmin o ruhi mövcudluqla bağlıdır.
- Ailədə neçə övlad olmusunuz?
- Üç qardaşım var. Ailənin yeganə qızı və ən kiçiyiyəm. Valideynlərim istəiyrdi ki, iki övladları olsun, biri oğlan, biri qız. Məni gözləyə-gözləyə daha iki oğlan da gəldi dünyaya. Anam danışırdı ki, hər dəfə "qız olacaq" deyə çəhrayı yorğan-döşək tutardı, amma yenə oğlan olurdu. Hətta məndən bir yaş böyük qardaşım Araz dünyaya gələndə, anam deyirdi: "Uşağın heç üzünə baxmaq istəmirdim. Amma elə ki gətirib qucağıma verdilər, o da iri, qonur gözlərini açıb mənə baxdı, elə bil ürəyim düşdü...". Arazdan sonra nəhayət, mən gəldim dünyaya. Xasiyyətcə oğlanlardan da dəcəl idim. Bütün qızlar kimi kuklalarla, plastmas stəkan-nəlbəki ilə yox, tapança-tüfənglə oyunlara meylli idim. Bu yaxınlarda isə qəribə bir hadisə baş verdi. Özüm də bu hadisəyə təəccüb qaldım… Kiçik qızım Rənagildə idik, qəfildən nəvəmin oynatdığı kuklanı ondan alıb elə qucaqladım ki, hamı heyrətlə mənə baxmağa başladı. Ertəsi gün qızım həmin o kuklanı mənə gətirib gəldi. İndi özüm üçün bu hadisədən belə nəticə çıxarıram ki, bütün uşaqlıq illərimi tapança-tüfənglə oynadığımdan, görünür, içimdə balaca bir qızın kukla nisgili qalıb.
- Hərəkətləriniz uzun zaman qız həsrətində olan ananızı qeyzləndirmirdi?
- Yox, anam həm zahirən, həm də daxilən gözəl qadın idi. İndiyə qədər tanıyanlar onu xatırlayanda, birinci növbədə "gözəl Rəna" deyirlər. Anam məni necə varam, elə də sevirdi.
- Sonra məktəbə getdiniz.
- "İzdiham" adlı romanımda baş verən hadisələrin hamısı təhtəlşüurdan qaynaqlanır. Həmin əsərə məktəb də daxil olub. Məktəb də mənə görə təhtəlşüurdur. Faşist Almaniyasında ölüm düşərgələri nə demək idisə, mənim üçün də "məktəb illəri" o deməkdir. Doğrudur, məktəbdə məni öldürməyiblər, işgəncə verməyiblər, amma aldığım mənəvi zədələr, sıxıntılar, sonsuz qadağalar… hamısı düşərgəni xatırladır. Bəlkə də bu təəssüratı məndə evdəki azadlıqla məktəbdəki ciddi rejim arasında düşdüyüm temperatur fərqi yaradıb. Oxuduğum 190 saylı məktəb sovet quruluşunun qatı modeli idi. Təsəvvür edin, biz hər gün məktəbə gələndə, saçımızdan tutmuş çantamıza qədər nə var, yoxlanılırdı. Bu, insanı məhv eləmək deməkdir. Bəzən deyirlər: "Bizim azərbaycanlılar öz hüquqlarını bilmir, yaxud bilirsə də müdafiə etmək bacarıqları yoxdur. Bu sayaq müti vətəndaşlar ordusunu yetişdirən kimdi, nədi?.. Məktəb. Bizdə məktəb hamını bir ölçüyə, bir qəlibə salmağa çalışır, insanın fərdiyyətini və şəxsiyyətin bərabərləşdirir. Bu məqam çoxlarının etiraz səsini eşidirəm: "Yox, siz nə danışırsınız? Məktəb həyatı insanın ən gözəl, qayğısız, şən dövrləridir". Əlbəttə, sözsüz ki, hansısa şən məktəbli məqamlarını mən də yaşamışam. Amma deyin görək, məktəb sizi şəxsiyyət, fərdiyyət kimi yetişdiribmi? Uşaq ikən azadlığını məhv eləyən, ləyaqətini alçaldan, qəlbini sıxan, əzən, səni boğan bir yerə təəssüf ki, "qayğısız, şən çağlarım" nöqteyi-nəzərindən baxa bilmirəm. Dəqiq bildiyim odur ki, bizim məktəblərdən, təhsil və səviyyəni qoyaq bir kənara, bu ayrı bir söhbətin mövzusudur, mənəviyyatı şikəst olunmuş uşaqlar çıxır. Necə oldu məni şikəst eləyə bilmədilər? Buna bizim evin azad, sərbəst havası imkan vermədi. Bizim evdə, əsasən, atam tərəfindən yaradılan o ab-hava olmasaydı, mən də hər addımımı, haqlı olduğumu bildiyim halda belə, qorxa-qorxa, çəkinə-çəkinə atacaqdım, mənəvi iflic olacaqdım. Bəzən heyrətlənirlər ki, əsərlərimdə, başqalarının deyə bilmədiyi, ifadə etməkdən çəkindiyi duyğuları sakit şəkildə qələmə alıram. Əgər düşüncəndə, duyğularında eybəcər bir şey yoxdursa, niyə özünü olduğu kimi ifadə eləməkdən ehtiyatlanmalısan? Bütün dünya belə yazır. Və böyük mənada ədəbiyyat da elə budur. Düşünürəm, bu azadlığı mənə evim və atam verib. Məsud Əlioğlu kimi işıqlı, geniş, azaddüşüncəli ziyalılara bu gün böyük ehtiyac var. Onun hələ 60-cı illərdə müstəqilliklə bağlı fikirlərinin sonrakı hadisələrə böyük təsiri oldu. Yazılarında sətiraltı toxunduğu mətləbləri, şifahi çıxışlarını, söhbətlərini öyrənirdilər, onları maqnitofon lentlərinə yazıb bir-birinə ötürürdülər. Bizim evdə həmişə qonaq olardı, bu söhbətlər də çox vaxt orda gedərdi. Atamın həm də gözəl səsi vardı. O, "Koroğlu" operasını əvvəldən-axıradək, bütün simli və qeyri-alətlərin çalğısı ilə birgə bizim üçün oxuyardı. Xudu Məmmədov, Tofiq Kazımov, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev atamın ən yaxın dostları idilər. Onların teatr, musiqi, fəlsəfə və ədəbiyyat haqqında söhbətləri lentə yazılsaydı, bu bəlkə də Azərbaycanın fikir tarixi üçün əvəzolunmaz bir töhfə olardı. Atamın o azad təfəkkürü olmasaydı, olsun ki, mən də bu cəmiyyətin mənən şikəst elədiyi insanlarından biri olardım. Mən necə yazıram, elə də düşünürəm. Yaxud nə düşünürəmsə, onu da yazıram. Bu isə Azərbay-canda hər kəsə nəsib olan xoşbəxtlik deyil.
- Yazmağa nə vaxt və necə başladınız?
- Yazmağa uşaq vaxtında başlamışam. 5-ci sinifdə oxuyanda "Qarğalar niyə qarıldayır?" adlı hekayə yazdım. "Azərbaycan pioneri" qəzetində nəşr olunmuşdu. İndi heç hekayənin məzmunu da yadıma gəlmir. İlk ciddi hekayəm "Həsən əmi" oldu. Bu hekayəni 1977-ci ildə, Bakı Dövlət Universitetinin II kursunda oxuyanda yazmışam. Hekayənin baş qəhrəmanı bizim qohum idi və onun həyat tərzi ilə bağlı elə bir hadisənin şahidi oldum ki, uzun müdddət heyrət və çaşqınlığa düşdüm. Sonra gördüm ki, təkcə təəccüblənməklə iş bitmir. Odur ki oturub bu situasiyanı yazdım. Həsən əmi boz bir adam idi. Bozrəngli də həyat sürürdü. Bu hekayə ittiham deyildi, heyrət və çaşqınlığın məhsulu idi. Axı həyatı rəngarəng, emosional qavramağa öyrəşmişdim. Birdən - birə belə bir boz insan və bu bozluğu heç cür dağıda bilməyən, ona boya əlavə etməyən bir hadisə. Ən maraqlısı budur ki, Həsən əmi həyatda yaradıcı şəxs idi, şer yazırdı. Bununla belə insan həyatı yox, robot həyatı yaşayırdı. Hər gün eyni vaxtda yuxudan durur, çörəyini yeyir, işə gedir, işdən qayıdır… Bütün bu bozluq, o boz həyat tərzi qəfildən vahimə yaratdı məndə və onu qələmə aldım. Bax, bu zaman yazmağın ləzzətini duymağa başladım. Doğrudan da gözəldir, sən yazırsan və səni narahat edənlərdən bir-bir azad olursan.
- Yazılarınızı çap etdirmək problemi olmadı sizin üçün?...
- Birinci hekayəmi, həmin o dövrdə "Ulduz" jurnalının baş redaktoru olan Yusif Səmədoğlu çap elədi. Hekayəm həqiqətən də onun xoşuna gəlmişdi.
- Bəs şəxsi həyatınızı qurmaq barədə nə zaman düşünməyə başladınız?
- Həyat yoldaşımla 1977-ci ildə tanış olmuşam. İki ildən sonra evlənmişik. O, məndən iki kurs yuxarı oxuyurdu. Mən jurnalistika, o isə hüquq fakültəsində. O da ziyalı ailədəndir. Atası - tarix elmləri doktoru olub, uzun müddət oxuduğumuz ali məktəbin prorektoru işləyib. Yoldaşımla tanışlıq bir az qeyri-adi oldu. O məni universitetdə görüb, telefonla evə zəng eləmişdi. Mənsə artıq onda yazı həzzinin nə demək oldu-ğunu bilirdim. Odur ki, bu sayaq tanışlıq cəhdlərinə bir o qədər də məhəl qoymurdum. Beləcə, o mənim xasiyyətimə iki ilə yaxın dözdü. İki ildən sonra nişanlandıq və əslində ona nə qədər bağlı olduğumu yalnız bundan sonra anladım.
- Yaradıcılıq sizi həyatdan ayırmır?
- Yaradıcılıqdan kənar mənim üçün həyat yoxdur. Yadımdadır, tələbəlik vaxtı rəfiqələrimi tamamilə başqa şeylər maraqlandırırdı, söhbətləri bu həyatın məlum tərəfləri barədə olardı. Məni isə evimizdəki zəngin kitabxanadan bir-bir seçib çıxardığım kəşflərim - dünya ədəbiyyatı kitabxanasının cildləri maraqlandırırdı. Tamamilə bizim həyatdan uzaq dünyalar… Bomarşe, Qaldoni, yaxud Qotsi, Meterlinq… Soruşmaq lazım idi ki, bunlar sənin nəyinə lazımdı axı?.. O dövrlər hamı Çingiz Aytmatovu, yaxud Floberi oxuyurdu. Görünür, ədəbiyyata məhz həmin o dövrlər, beləcə addım-addım, bu sayaq mütaliələrlə daxil olurdum… Qardaşım Eyvaz rejissor idi, Kukla Teatrında işləyirdi. O, məşhur teatr xadimi Sergey Obrazsovun kitabını tərcümə edirdi. Nəyə görəsə yarımçıq qoymuşdu, onun əvəzinə kitabı böyük həvəslə mən tərcümə edirdim. Yaşıdlarım, rəfiqələrim bulvara, kinoya gedəndə, başım hərlənə - hərlənə Obraztsovu tərcümə edirdim və bundan izah olunmaz bir həzz alırdım...
- Sizin o biri qardaşlarınız hansı peşə sahibləridir?
- Böyük qardaşım İlyas biologiya elmləri namizədidir, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifədə çalışır, kiçik qardaşım Araz tikinti sahəsində işləyir. O ki qaldı Eyvaza, o, rejissor idi… İstedadlı, bənzərsiz üsluba malik rejissor… "Duyğular imperiyası" silsiləsində belə bir duyğum var ki, onu, qardaşım Eyvazı itirərkən, elə bil, rütbəm artdı. Qanlı-qadalı müharibələrdə ağır yaralanan sərkərdə kimi… Qəribə hissdir. Onun ölümünə qədər başqa cür yaşayırdım, Eyvazdan sonra elə bil içimdə nə isə düyünləndi, ağırlaşdı... mən bərkidim. Bu ölüm varlığımda nəyisə büsbütün dəyişdi.
- Bəs atanızın ölümü?
- Atam vəfat eləyəndə sarsılmışdım. 9-cu sinifdə oxuyurdum, anladığım yalnız o oldu ki, belə bir hadisə baş verdi, burda onun ömrü qırıldı. Anlaqsız, key bir reaksiya… Onun dəfni mənə qəribə təsir bağışladı. Evimiz Hüsü Hacıyev küçəsindədir. Dəfn mərasimində Füzuli meydanından Sabir bağına qədər, sonu görünməyən izdiham var idi. Sonradan həmin bu izdiham barədə, sən demə, roman yazacağam. Əslində, "İzdiham"ı mən bu hadisənin təsirindən yazmışam. İlk baxışda atam nə dövlət xadimi idi, nə də xüsusi bir statusu var idi. Filoloq, elmlər doktoru. Amma onun dəfn mərasimində gördüyüm o izdiham mənə onun kim olduğunu anlatdı. Bu hörməti özü qazanmışdı. O, bütün yaradıcı sferalarla əlaqəli idi. Teatr, kino, rəssamlıq, musiqi aləmi onun doğma əraziləri idi… və əlbəttə ki, ədəbiyyat. Onun nüfuzu təkcə yazıları ilə bağlı deyildi. O öz varlığı ilə cəmiyyətdə mühit yaradırdı. Mühiti, atmosferi tərtib eləyən nəhəng bir şəxsiyyət idi. Bilirsiniz, axı cəmiyyət əslində bir qab sudur. Bu suyun içinə qiymətli metal - qızıl, yaxud gümüş atmasaq, qabdakı su bulanmağa başlayacaq, tərkibində zərərli, kifsəmiş hüceyrələr yaranacaq. Bax, Məsud Əlioğlu da cəmiyyətdə həmin o qiymətli metal funksiyasını yerinə yetirirdi. Belə insanların cəmiyyətdən getməsi böyük itkidir.
- Bayaq sual verdim ki, atanızda azad düşüncə hardandır. Bəlkə bu, genetik yaddaşla bağlıdır…
- Ola bilər. Bizim varlığımız, həm maddi, həm də ruhi mövcudluğumuz bizim məntiqi düşüncəmizdən daha ağıllı və daha dərindir. Bura yaddaş da daxildir. Mən ata tərəfdən Sisyandanam, ana tərəfdən isə Xızı rayonundan. Hər ikisi dağ yerləridir. Bunu mən bilməsəydim belə, bir gün özümdə, canımda hiss edəcəkdim. Məsələn, yay ayları, havalar isinəndə özümü Bakıda çox pis hiss edirəm. Onu da görürəm ki, nə yoldaşım, nə bağ qonşularım yay ayları mən çəkdiyimi çəkmir. Yay aylarında uzun müddət düşdüyüm acınacaqlı vəziyyətimin səbəbini anlaya bilmirdim, başa düşmürdüm ki, niyə bu hallara düşürəm, ürəyim bulanır, əl-ayağım şişir… Bunu günlərin bir günü, yaxın dostum, sənətşünas Məryəm Əlizadə dedi mənə. Sən demə, isti havalarda dəniz səviyyəsi mənim üçün az qala, ölümə bərabər bir səviyyədir. Odur ki indi havalar isinəndə dağ rayonlarına gedirəm. Bu, sırf genetik yaddaşın işidir. Düşünürəm ki, atamın da alışıb-yanması, yaşadığı cəmiyyətdə heç cür rahatlıq tapa bilməməsi, köklərə, qaynaqlardan gələn dəyərlərə bağlılığı, bir növ, genetik üsyan idi.
- Məncə yaddaşdan başqa burda ailə ənənəsi də var. Babanız Əli Vəliyev ağır, amma olduqca maraqlı həyat yaşamışdı, onları qələmə aldı, bədii şəkildə bir ömrü sənədləşdirdi, sonra atanız, Məsud Əlioğlu, gördüklərini, xatırladıqlarını tədqiq etməyə, onların məna qatlarına enməyə başladı, sonra siz - Afaq Məsud yazmağa başladınız… Bir növ yeni baxışdan ailə salnaməsini davam etdirdiniz. Bəs sizdən sonra necə, bu ənənə davam etdiriləcək?
- Bilmirəm. Oğlumda, övladlarımın ən kiçiyində maraqlı müşahidələr hiss edirəm. Bir dəfə, hələ onda onun 5 yaşı vardı, bağda üzbəüz oturub çörək yeyirdik… Qəfildən o mənə baxıb, "Əslində, insanlarda hər şey ölüdür, təkcə gözlərindən və səslərindən başqa...". Açığını deyim, beşyaşlı uşaqdan bu sözləri eşidəndə matım qurudu. Çay qurtumu nəfəsimə getdi… Bəli, axı həqiqətən də insanda yeganə diri olan ruhu yalnız iki cəhətində ifadə olunur - səsində və baxışlarında. Görürsən kimdənsə soruşuruq: "Nə olub sənə, səsin bir təhərdi?". Çünki onu görmürük, səsindən müəyyən edirik ki, daxilində nə isə baş verir. Yaxud baxışlarından ovqatını hiss edirik. Dinməsə belə. Oğlumun belə qeyri-adi fəlsəfələrinin tez-tez şahidi oluram. Amma məncə, o, ədəbiyyatçı olmayacaq. Çünki, oturmaqla və qələmlə arası yoxdur.
- Bax, siz özünüz dediniz ki, babanız çox çətin bir həyat yaşamış, ağır vəziyyətdən çıxmışdı. Bununla belə bu çətinliklər ona irihəcmli romanlar yazmağa mane olmamışdı. Bəs, sizə necə, yazınıza, düşüncələrinizə məişətdə yarana biləcək çətinliklər mane ola bilərmi?
- Ola bilər. Mən evdən çıxanda, kandara salınan balaca xalçanın qatlanmış qalan ucunu da qapıdan qayıdıb düzəldirəm. Çünki bilirəm, içimdəki bütün sahmanımı pozacaq bir işə girişməyə əlim gəlməyəcək… Yazıya girməkdən ötrü gərək mənim məişətimdə hər şey son dərəcə hamar və problemsiz olsun. Yalnız bundan sonra yaradıcılıqla məşğul ola bilərəm. Yaradıcılıqla məşğul olmayanda, bu cür xırda məişət problemlərinin həlli ilə məmnuniyyətlə məşğul oluram. Yazanda isə adi, kiçicik bir problem, məsələn, su kranının xarab olması, yaxud soyuducunun işləməməsi, məni məhv etmək qüdrətinə malikdir. Yazmaq - mənim üçün canüstə olmaq kimi bir şeydir. Natiq Səfərov həmişə deyirdi ki, "Sən az qala qanınla yazırsan… Belə olmaz. Bu cür çox yaza bilməzsən. Yazıçı gərək bir az yüngül, bir qədər də kənardan yazsın". Bəlkə də. Amma mən yazanda dəqiq hiss edirəm ki, özümü tərk edirəm özümdən, ruh bədəndən çıxan kimi, ayrılıram. Yazmaq - əslində, ölmək kimi bir şeydir. Öləndə də insan bir haldan başqa hala keçir. İndi təsəvvür edin, belə bir keçid məqamında hər hansı bir səs, yaxud qıcıq yaradan nə isə olarsa, mən bu keçidi keçə bilərəmmi?..
- Sizinlə müsahibə aparmaq çətindir. Özünüz necə, hərdən özünüzə sualla müra-ciət edirsiniz?
- Yox. Mən özümü görmürəm. Zahirən əlbəttə görürəm. Güzgüdə özümə baxıram, saçlarımı düzəldirəm, köynəyimlə çantamın rəngini tutuşdururam. Amma bir fərd kimi- Afaq kimi özümü görə bilmirəm. Söhbətimizin əvvəlində qeyd etdiyim elə bir genişlikdəyəm ki, orda mən özümü toz zərrəciyi hiss edirəm. Eləcə də mənim "mən"im həmin o nəhəngliyin qarşısında, demək olar ki, heç nədir.
- Əgər keçmişinizə qayıtsaydınız, orda nəyisə dəyişərdiniz?
- Yəqin ki, ailə qurmazdım. Mən yoldaşımı, uşaqlarımı həddən ziyadə çox sevirəm, həyatımı onlarsız təsəvvür eləmirəm. Sadəcə, özüm kənardan görürəm ki, mənimlə yaşamaq nə qədər çətindir. Uşaqlarım üçün bəlkə də ideal anayam. Amma nəyisə, hansı bir istiliyisə onlara verə bilməmişəm. Hansı məqamlardasa onları mənən zədələyirəm. Olub ki aylarla yazdığım əsərə qapıldığımdan, uşaqlara elə belə, mexaniki analıq eləmişəm. Mən həmişə yazmıram. Amma bu sayaq vəziyyətlərə istənilən an düşməyimin təhlükəsini özüm də hiss edirəm.
- Ailəniz olmasaydı, bunun sizin həyatınıza təsiri olacaqdımı?
- Əlbəttə. Dağıdıcı təsiri olacaqdı. Əsasən, yazı prosesində düşdüyüm həmin o ecazkar ərazilərdən, olsun ki, geriyə qayıda bilməyəcəkdim. Ailəm olmasaydı, əlbəttə ki, o səyahətlərdən geri qayıtmayacaqdım. Amma indi nə qədər füsunkar, nə qədər maraqlı da olsa, geriyə qayıtmalı oluram. Bilirəm ki, burda məni gözləyənlər var...
Müsahibəni apardı: N. Bədəlov
çap versiyası
poçtla göndər
© Lit.az
|