 |
Anar: Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

- Bu gün Azərbaycanda ziyalı probleminin olduğu söylənilir.
- Bu, bir az mücərrəd sualdır. Ziyalının hansı problemləri ola bilər?. Əhalinin başqa zümrələri kimi bu gün ziyalının da sosial problemləri mövcuddur və birmənalı deyil. Başqa hansı tərəfdən deyirlər, onu bilmirəm. Ziyalının bütün dövrlərdə problemi olub. Çünki həmişə bütün problemləri ziyalıların üstünə yıxırlar:”Hər şeyə ziyalı cavabdehdir.” Bu, bir tərəfdən də ziyalının nüfuzunu göstərir. Çünki, heç bir nüfuzu olmayan ziyalını heç nəyə cavabdeh bilməzlər. Digər tərəfdən də ziyalının öz missiyası var, onu yerinə yetirməlidir. Bununla belə bütün məsələlərin həllini ziyalının üstünə yıxmaq olmaz.
- Sovet dövrünün gənclərini müasir Azərbaycan gəncliyindən fərqləndirən cəhətlər?
- Mən ümumiləşdirmənin əleyhinəyəm. Sovet dövründə də, elə indi də gənclər müxtəlifdir. O vaxt da elə gənclər olub ki, biliklərini artırmağa, cəmiyyətə xeyir verməyə çalışıblar, səmərəli işlə məşğul olublar, onlarla yanaşı avaralar da olub. İndinin özündə də elədir. Bu gün elə gənclər var ki, çalışmaq, nəsə bir iş görmək istəyir. Təbii ki, vaxtını boş keçirmək istəyənlər, ona-buna söz atanlar da var. Ona görə də elə də böyük və prinsipial fərq görmürəm. Amma bu gün cavanların bir qismi abırsız, ədəbsizdir. Daha çox cəmiyyətdən nəsə qoparmaq, əvəzində bir şeylər verməmək - bu prinsiplə yaşayanlar var. Amma bunu bütün cavanlara şamil etmək olmaz. Çünki, elə Yazıçılar Birliyində kifayət qədər bacarıqlı gənclər çalışır. Bu gənclərin zəhməti, əməyi göz qabağındadır.
- Bu gün ədəbiyyata axın digər sahələrə nisbətdə ön yerdədir. Özlərini yazıçı görmək istəyən gənclərə nə deyə bilərsiniz?
- İstedadlı, yaradıcılıqla məşğul olan gənclərə münasibətim çox yaxşıdır. Həmişə onlara bacardığım qədər kömək eləməyə çalışmışam. Bundan sonra da kömək eləməyə çalışacağam. Yaradıcılıqla məşğul olmayıb, intriqa yaradanlara isə, ümumiyyətlə, heç bir münasibətim yoxdur. Onlarla mübarizə də etmirəm. Elələri mənim üçün maraqlı deyillər. Mənim üçün istedadlı insanlar vacibdir. Burada da heç bir yaş məhdudiyyəti yoxdur, istər yaşlı olsun, istər gənc. Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram.
- Sizə elə gəlmirmi ki, bu gün ziyalı obrazı yaratmaq üçün bu axın güclənib? O mənada ki, gənclər sovet dövrünün ədəbiyyatçılarına münasibəti özlərində əks etdirmək istəyirlər.
- Elələrinin psixologiyası ilə məşğul olmağa nə həvəsim, nə marağım var. Mənim üçün müəyyən xarakterli personaj daha maraqlıdır, nəinki proqramlaşdırılmış robot. Əslində onların nə üçün belə hərəkət etdiklərə mənə bəllidir, çünki hər şey üzdədir, dayazdadır.
Gənc nəslin bir qism nümayəndəsi yaşlılardan gileylənir. Özlərinə qarşı biganəlik olduğunu iddia edirlər. Hətta onları qısqandığımızı düşünürlər. Görün kim kimi qısqanır? Çox gənc yaşlarından özlərini ədəbiyyatda təsdiq etmiş adamlar özlərini hələ də təsdiq edə bilməyənlərə qısqanarmı? Qısqanclıq bircə yaş ilə bağlı ola bilər. Cavanlığına qısqanclıq ola bilər. Amma cavanlıq da keçicidir axı. Bu, təbiətin qanunudur. Yaşlı nəsildən olan nümayəndə düşünməlidir ki, burada qısqanmalı heç nə yoxdur. Nə zamansa o cavanlar da sənin yaşına gəlib çatacaq. Kimisə cavan olduğu üçün qısqanmaq ən azı ağılsızlıqdır. Bütün qocalar cavan olublar, amma hələ məlum deyil bütün cavanlar qoca olacaqlar ya yox. Həsəd aparmağa başqa bir səbəb görmürəm.
- Sosial problemlər sənətkarın yaradıcılığına nə dərəcədə təsir edir?
- Yazıçı, sənətkar da hamı kimi sıradan bir insandır. Özünə görə sosial, məişət problemləri ola bilər. Onun da ailəsi var, evində xəstəsi ola bilər. İstirahət etmək istədikləri vaxtlar olur, mənzil problemləri var. Bəziləri bu problemi həll etsə də bəzilərində həll olunmamış qalıb. Evsizlik yazıçının işinə, yaradıcılığına, inkişafına mane olur. Bu gün daha çox cavanların məişət, mənzil problemləri var. Dəfələrlə bu məsələni qaldırsaq da tam həllinə nail ola bilməmişik. Təbii ki, onların mənzil şəraiti, dolanışığı olmalıdır ki, yaradıcılığa daha çox vaxtları və həvəsləri olsun. Bunu başa düşürəm və bacardığım qədər də kömək eləməyə çalışıram. Amma yenə də deyirəm ki, hər şey məndən asılı deyil.
- Son dövrlərdə Azərbaycan oxucusunun mütaliə səviyyəsi sizi qane edirmi?
- Yox. İnternet hər şeyi sıradan çıxarıb. Hamı girir internetə bir-birilə məktublaşır, münasibət qurur, bu yaxşıdır. Amma şəxsən mən internetlə kitab oxuya bilmirəm. Gərək kitab gözümün qabağında ola, onu vərəqləyəm ki, rahat oxuya biləm. Arada bir ayrıca kağıza qeydlərimi edəm, qoyam bir kənara, bir az düşünüm. Amma yeni nəsli qınamalı deyil, zamanla ayaqlaşırlar, görünür inkişaf bu yöndə gedir. Yeni nəsil ayrı cür yetişir. Onlar üçün internetdən oxumaq daha rahatdır, əgər doğrudan da oxuyurlarsa. Məndə şübhə var ki, böyük bir qismi heç internetdə də oxumur. İnternetdən bəzi adları, xüsusilə də dəbdə olan, məşhur adları alırlar, alayarımçıq qavrayıb ədəbiyyatı bildiklərini hesab edirlər. Ədəbiyyat internet yaranmamışdan çox-çox öncələr mövcud olub. Məncə internetin yerini ayrı bir texniki vasitə tutacaq və o zaman yenə də ədəbiyyat qalacaq. Çünki, ədəbiyyat söz sənətidir, insanların qəlbini oxuyan, onlarla danışan bir sənət növüdür. Tarixə nəzər salsaq ədəbiyyata maraq azalan dövrlər olub. Sadəcə, bir az vaxt lazımdır. Sonra dalğa kimi gələn bir yenilik ədəbiyyata maraq oyadacaq.
- Ədəbiyyat həm də ölkələr arasında körpüdür.
- Əvvəllər təcrübə mübadilələri daha çox Rusiya ilə idi. Elə indi də bu münasibət davam etdirilir, rus yazıçıları ilə əlaqəni kəsməmişik. Onlar Bakıya gəlirlər, görüşürük. Keçmiş Sovet İttifaqında yaşayan Çingiz Aytmatov, Oljas Süleymanov kimi görkəmli yazıçılar ilə çox yaxın və sıx dostluq əlaqələrimiz var. Türkiyə və Cənubi Azərbaycanda yaşayan yazıçılar ilə tez-tez görüşürük. Onların bir çoxu bizim Yazıçılar Birliyinin üzvüdür. Daha çox Türkiyədən, İrandan olan yazıçılar AYB-in fəxri üzvüdür. Son zamanlar Moskvada çap olunmaq çətinləşib. Çalışdığım odur ki, azərbaycanlı yazıçıların əsərləri heç olmasa Türkiyədə çox çap olunsun. Bu sahədə xeyli irəliləyişlər var, ayrı-ayrı yazıçıların kitabları çıxıb, müxtəlif dərgilərdə şairlərimizin əsərləri çap olunub. Ən son zamanlarda bura Avrasiya Yazıçılar Birliyinin sədri Yakub bəy gəlmişdi. Onunla da bu barədə söhbətimiz oldu. O, özü təklif etdi ki, Azərbaycan ədəbiyyatından bir neçə kitab Türkiyədə nəşr olunsun. Mən ilk olaraq Cəlil Məmmədquluzadə və M.Ə.Sabirin əsərlərindən başlamağı təklif etdim. Doğrusu, Sabirin bir dəfə də olsa Türkiyədə kitabı çıxıb. Amma deyilənlərə görə o yaxşı tərcümə deyil. Yenidən işləmək lazımdır. Çox səylərdən sonra Cəlil Məmmədquluzadənin Türkiyədə balaca bir kitabını çap elətdirə bildim. İndi söhbət ondan gedir ki, hər ikisinin iri kitabını buraxsınlar. Təşəbbüsümlə orada Fikrət Qocanın, Vaqif Səmədoğlunun kitabları çıxdı. Çox istəyərdim ki, Ramiz Rövşənin də kitabı orada işıq üzü görsün. Ümumiyyətlə, Türkiyədə yazıçılarımızın çoxunu tanıyırlar. Təşəbbüs göstərdik ki, Fransada Azərbaycan antologiyası işıq üzü görsün, hətta YUNESKO ilə danışıqlar da aparıldı. Təəssüf ki, hələ də baş tutmayıb. İngilis dilində də çıxsa yaxşı olar. Hələ bunlar bir tərəfə, heç olmasa rusca Azərbaycan ədəbiyyatı antologiyasının çapına nail olmağa çalışırıq. Axırıncı dəfə bu dildə antalogiyamız 40 il bundan öncə nəşr olunub. Bunlar hamısı maddiyata söykənir. Yazıçılar Birliyinin də belə imkanları yoxdur. Bu işdə bizə əlavə kömək lazımdır. Dövlət büdcəsi ayrılır maaşlara, jurnallara. Bizim jurnallar qonorar verən yeganə jurnallardır. Başqa qəzetlərdə də çap olunuram, televiziyalara da çıxıram, amma birindən də bir qəpik almıram. Jurnallarımızda yazıları çıxan yazıçılar yetərincə yaxşı qonorar alır. Məsələn, Moskvada çıxan “Drujba narodov” jurnalı bir nömrəsini azərbaycanlı yazıçılar üçün ayırmışdı. Jurnalın bir nömrəsinin ümumi qonorarı 300 dollar idi. Amma “Azərbaycan” jurnalının qonorarı 1000 dollardır. Əvvəllər yazıçılarımız çap işindən narazılıq edirdilər. Jurnallarımızın, ədəbiyyatımızın qorunub-saxlanmasında rəhmətlik Heydər Əliyevin böyük rolu oldu. “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnalları, “Qobustan toplusu”, “Ədəbiyyat qəzeti” büdcədə olmasaydı, demək olar ki, ədəbiyyatımız məhv olardı. Bu gün yazıçılarımız orada bolluca çap olunur. Bizi sevən, sevməyən, fərqi yoxdur, əsəri yaxşıdırsa, yazısı çap olunacaq. Bizim üçün əsərin kim tərəfindən yazılmasının fərqi yoxdur. Maddi imkanlarımız olsaydı dünyanın əsas dillərində antologiyalarımızı buraxardıq. Bizim tərcümə mərkəzimiz var, onu da büdcəyə qəbul etdirə bildik. Ölkə başçısına ünvanladığımız sərəncama əsasən Yazıçılar Birliyinin binasının təmiri, yazıçılar üçün yaradıcılıq evi tikilməsi haqqında sərəncam imzalandı. Mühüm məsələlərdən biri də təqaüddür. Yəqin ki, bunlar öz həllini tapacaq. Yazıçıların yaradıcılıq evində, bildiyiniz kimi, qaqçın və məcburi köçkün ailələri yerləşdirilib. Təbii ki, onları oradan çıxartıra bilmərik. Amma yazıçı üçün istirahət və yaradıcılıq yeri mütləq olmalıdır. Yazıçıların ayrı yerdə dincəlmək və yaradıcılıqla məşğul olmağa imkanı yoxdur. Ölkə başçısının sərəncamından sonra özümüzə yer də seçdik. Dəvəçi rayonunda gözəl yerdir, meşəsi, bulağı, çayı var. Əsas odur ki, orada açıqlıq var idi, məhz o yerdə tikinti aparılacaq. İstəməzdik ki, o yaşıllıqlara ziyan dəysin. Orada bir ağacı qırmağa belə ehtiyac yoxdur. İnanıram ki, orada yazıçılar üçün gözəl şərait yaradılacaq.
- Son illər tərcümə olunan əsərlərin keyfiyyəti nə dərəcədədir?
- Deyə bilmərəm ki, onların hamısını oxuyuram. Gündəlik qəzetlərə ancaq vaxt tapıb göz gəzdirə bilirsən. Yəqin ki, tərcümələr müxtəlif səviyyədə olar. Türkiyə türkcəsi bizə yaxındır, bəzən çoxuna elə gəlir ki, bu dildən tərcümə etmək asandır. Bu, heç də belə deyil, asan görünməsin. Fərqli ifadələr çoxdur. Bəzən tərcümə olunmuş əsərlərə baxırsan ki. bildiyin əsərdir, amma tərcümədə mahiyyəti dəyişib. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi fərqlənir. Bəzən rus dilində olan tərcümələrdə də belə nöqsanlar olur. Hər halda bu iş get-gedə püxtələşəcək. Söz sözü çəkər, Yaqub bəylə söhbətimizdə bir məsələyə də toxunduq. Onların bir qədər maddi imkanları var. Daha doğrusu, yazıçılara maddi dəstək olan qurumlar var. Yaqub bəy belə bir şey təklif etdi ki, beş nəfər Azərbaycandan, beşi də Türkiyədən seçilib tərcüməçi kimi yetişdirilsinlər, kurs keçsinlər. Amma hər iki tərəf tərcümə işini, dili mükəmməl öyrənməlidir, yəni öncə özləri öz dilini yaxşı bilməlidir. Bu baş tutsa çox yaxşı olar. Çünki, əvvəllər Moskvaya Qorki İnstitutuna göndərirdik. Orada tərcümə fakültəsi var idi. Bir çox tanınmış yazıçımız o fakültəni bitirib. Fikrət Qoca, Alla Axundova, Əkrəm Əylisli, Eyvaz Borçalı, Siyavuş Məmmədzadə, Azər Mustafazadə - bunlar hamısı orada oxuyub. İndi Türkiyə ilə birgə belə bir tərcüməçi kadrlar yetişdirə bilsək yaxşı olar. Dünya ədəbiyyatından nümunələri Azərbaycan oxucusuna yüksək səviyyədə çatdırmaq lazımdır.
- Yazıçı da sıradan olan insanlardan biridir. Onu bu təbəqədən nə ayırır?
- Yazıçının əksər peşə sahiblərindən fərqli cəhəti odur ki, istirahəti olmur. Nə məzuniyyəti, nə gecəsi, nə də şənbəsi, bazarı var. Vacib deyil ki, həmişə yazsın. Amma beyni daima bu sahədə işləyir. Bir misal var, bunu həmişə çəkirəm. Bir nəfər yazıçının bağının yanından keçəndə onu yer belləyən görür. Soruşur ki, neyləyirsiniz, deyir ki, dincəlirəm. Qayıdanda görür ki, çarpayıda uzanıb, soruşur ki, dincəlirsiz? Deyir: yox, işləyirəm. Yazıçı sənətinin spesifikası ondan ibarətdir ki, daim müşahidədə, qulağı səsdədir.
- Azərbaycan yazıçısını Qarabağ həqiqətlərini əks etdirən bədii əsərlər yazmamaqda suçlayırlar.
- Belə əsərlər var və mən onların müəlliflərinə minnətdaram ki, bu mövzuda yazıblar. Amma onu deyə bilmərəm ki, bu əsərlərin içində dünyaya çıxacaq nümunələr var. “Ermənilər canidir, quldurdur” yazmaqla onları dünya ictimaiyyətinə tanıtmaq olmur. Dəfələrlə deyirəm ki, hələlik faktları toplamaq, müharibə iştirakçıları və qaçqınlar, müharibənin əzab-əziyyətini görən insanlar ilə görüşmək lazımdır. Gələcəkdə o faktların hesabına böyük əsərlər yazmaq olar. Danmaq istəmirəm, bunu edənlər var, amma bunu yüksək səviyyədə və ardıcıl şəkildə etmək lazımdır. Başqa dillərə də tərcümə edəndə ictimaiyyətdə gətirilən faktlara inam yaransın. Hay-küylü şeirlər çox yazılır, amma çoxunun bir əhəmiyyəti olmur. Ağıllı hərəkət edib dünyanı inandırmaq lazımdır. Həmişə inanmışam ki, vaxt bizim xeyrimizədir. Həqiqət gec-tez öz yerini tapacaq. Nə qədər tez tapsa o qədər yaxşıdır.
TURANƏ ("Yeni Azərbaycan" qəzeti)
çap versiyası
poçtla göndər
© Lit.az
|