Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Elçin Əfəndiyev. Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir


Elçin Əfəndiyev- Elçin müəllim, Siz eyni zamanda, neçə onilliklərdir ki, ədəbi prosesdə müəyyənedici çəkiyə malik professional tənqidçisiniz. Hələ sovet vaxtı, 80-ci illərdə Sizin "Literaturnaya qazeta", "Voprosı literaturı", "Drujba narodov", "Literaturnoye obozreniye" və s. kimi Moskvada nəşr edilən çox nüfuzlu ədəbi orqanlarda mütəmadi çap olunan məqalələriniz vasitəsilə Azərbaycan ədəbiyyatı da o vaxtkı ümumittifaq ədəbi prosesinin predmetinə çevrilmişdi. Bir dəfə rəhmətlik İlyas Əfəndiyevlə söhbət zamanı hiss etdim ki, tənqidçi Elçin onu yazıçı Elçindən az maraqlandırmır. Təsəvvür edin ki, məqalələrinizin sayını, hansı mətbuat orqanında və nə vaxt çap olunduğunu da bilirdi. Bilmək istəyirəm, İlyas müəllimin əsərləri haqqında tənqidi fikirlərinizi yazmasanız da, onun özünə deyirdinizmi və o, bunu necə qarşılayırdı? 

   -
Dilsuz, mən çox təəssüf edirəm ki, İlyas Əfəndiyevlə ədəbiyyat haqqında, ümumiyyətlə, sənət, xüsusən teatr haqqında saysız-hesabsız söhbətlərimizi lentə yazmamışam. İlyas Əfəndiyev son dərəcə mütaliəli bir yazıçı idi, rus ədəbiyyatına, dünya ədəbiyyatına dərindən bələd idi. Ömrünün sonuna kimi o, mütaliəsindən qalmadı. Həyatının lap son illərində də, misal üçün, "İnostrannaya literatura", yaxud "Novıy mir" jurnallarında elə bir maraqlı əsər olmurdu ki, onu oxumasın. Təsəvvür et ki, mən ona hansısa təzə bir əsərin sorağını verməkdənsə, bunu çox zaman o mənə deyirdi. Yadımdadır, Sellinceri, Saqanı, Rasputini, Ekonu ? yadıma düşənləri deyirəm ?o, məndən qabaq oxumuşdu. Onun ədəbi zövqünü ədəbiyyat nəzəriyyəsi yox, öz hisslər aləmi formalaşdırmışdı. Çox zaman fikirlərimiz üst-üstə düşürdü, ancaq ədəbi mübahisələrimiz də olurdu. O, diqqətlə qulaq asmağı və tutarlı da təkzib etməyi bacarırdı. Mübahisələrimiz, adətən, ayrı-ayrı yazıçılarla bağlı olurdu. Misal üçün, o, Stendalı çox yüksək qiymətləndirirdi, mən Stendalla bağlı bəzən ağız büzəndə, əsərlərini, qəhrəmanlarını, hətta kiçik epizodları belə, bir-bir xatırlayıb, fikirlərini söyləyirdi. Onun oxucu hafizəsi fenomenal idi. Uşaqlıqda oxuduğu əsərlərin də qəhrəmanlarının adlarını, hadisələrin təfərrüatını xatırlayırdı. Bizim ədəbiyyatda Mirzə Fətəlini, Mirzə Cəlili, Sabiri, Cabbarlını yüksək qiymətləndirirdi. İsa Hüseynovun nəsrini bəyənirdi. Mövlud Süleymanlının "Dəyirman"ı xoşuna gəlmişdi və iclaslardan, toplantılardan zəhləsi getsə də, "Dəyirman"ın müzakirəsində Yazıçılar İttifaqına gəldi və əsəri müdafiə etdi. Yenə deyirəm, hayıf ki, o söhbətləri lentə yazmadım, indi bir neçə cild maraqlı kitab ola bilərdi. Onun yazdıqları, ya mənim yazdıqlarım barədə də çox maraqlı və açıq söhbətlərimiz olurdu. 

   - Maraqlıdır, bəs, tənqidçi Elçin yazıçı Elçin barədə nə deyə bilər? 

   -
Dilsuz, gəl, tənqidçi Elçinlə yazıçı Elçini qarşı-qarşıya qoymayaq. Amma ümumilikdə, ədəbiyyat barədə düşünəndə, mən yazıçıları üç qismə bölürəm: impulsiv yazıçılar, intuitiv yazıçılar və rasional yazıçılar. Mən özüm, çox güman ki, impulsiv yazıçılar sırasındayam. Bir iş də var ki, mənim bu təsnifatımın sərhədləri çox şərtidir. 

   - Elçin müəllim, Sizin əsərləriniz həmişə ədəbi tənqidin diqqət mərkəzində olub. Yaradıcılığınızla bağlı məqalələri bir yerə toplasaq, bir neçə kitab olar. Məmməd Arif, Məmməd Cəfər, Həmid Araslı, Mir Cəlal, Mehdi Məmmədov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev və bir çox başqaları kimi böyük qələm sahiblərimiz Sizin yaradıcılığınız haqqında xüsusi məqalələr yazıblar. Bu gün də Sizin haqqınızda çox yazılır. Yaradıcılığınız barədə Nərgiz Paşayevanın Azərbaycan və rus dillərində üç böyük monoqrafiyası, bizim başqa tədqiqatçıların, türk ədəbiyyatşünası Sədat Adıgözəlin kitabları, səhv etmirəmsə, 15-ə qədər kitab nəşr olunub. Siz bir yazıçı olaraq, o tədqiqatlar barədə nə düşünürsünüz? 

   -
Bilirsən, Dilsuz, görünür, mən o kitabları, sənin təsnifatınla desəm, yazıçı Elçin kimi yox, tənqidçi Elçin kimi oxuyuram. Təəssüratım da onların elmi-nəzəri dəyəri barədə olur. 

   - Elçin müəllim, təsəvvür edin ki, Avropanın nüfuzlu nəşriyyatlarından birində dünya ədəbiyyatı antologiyası hazırlanır və Sizdən xahiş edirlər ki, Azərbaycan ədəbiyyatında xoşunuza gələn on hekayəni seçib, onlara təqdim edəsiniz. Hansı əsərləri seçərdiniz? 

   -
Füzulinin "Şikayətnamə"sindən başlayardım. "Aldanmış kəvakib", "Poçt qutusu", Süleyman Saninin "Qaraca qız"ı, Süleyman Rəhimovun "Su ərizəsi", İlyas Əfəndiyevin "Qırçı və qırmızı çiçəy"i, Salam Qədirzadənin "Xəzan yarpaqları"... Neçə oldu? Yeddi... Qalanı da bu gün yazıb-yaradan yazıçılarımızdan... Yadıma gəlir, bir dəfə antologiyalardan söz düşəndə, İlyas Əfəndiyev dedi ki, Sabir Əhmədovun "Arabaçı"sı antologiyaya düşəsi hekayədir... İlk ağlıma gələnləri dedim, o gözəl antalogiyanın materialları yazı mizinin üstünə gəlib, çıxanda, çox ola bilər ki, mündəricatda da dəyişiklik edilsin... 

   - Bir dənə də belə sual vermək istəyirəm. Təsəvvür edin ki, Siz Yer kürəsindən başqa bir sivilizasiyaya gedirsiniz və özünüzlə yalnız bir kitab götürməlisiniz. Hansı kitabı götürərdiz? 

   -
Çətin sualdır... Yadıma gəlir, təxminən 25-30 il bundan əvvəl görüşlərdən birində də mənə belə sual vermişdilər. O zaman mən cavab vermişdim ki, "Robinzon Kruzo"nu. Bu gün, çox güman ki, "Don Kixot"u deyərəm. 

   - İstəyirəm ki, söhbətimizin yönünü bir qədər dəyişək. Bilirəm ki, Siz ədəbiyyatla yanaşı, sənətin digər növlərinə də ? musiqiyə və rəssamlığa da böyük maraq göstərirsiniz. Muğamatı, klassik musiqini, estradanı dərindən bilirsiniz. Bəlkə bu barədə də bir-iki kəlmə deyəsiniz? 

   -
Dilsuz, bayaq mən dedim ki, xoşbəxt oxucuyam. Bu mənada mən özümü xoşbəxt dinləyici və xoşbəxt də tamaşaçı hesab edirəm. Bu barədə geniş danışsaq, söhbətimiz çox uzanar. Təkcə onu deyə bilərəm ki, musiqi də, rəngkarlıq da mənə ədəbiyyatdan az təsir etməyib 

   - Siz kinli adamsız? 

   -
Hər halda, mən istərdim ki, insanlar bağışlamağı bacarsınlar. Volterin "Alzira"sında Don Qusman ölüm ayağında öz qatilini bağışlayır. Cavidin "Ana"sındakı Ana yeganə oğlunun qatilini ölümdən qurtarır. Mən sidq-ürəkdən istərdim ki, bütün insanlar, o cümlədən də mən özüm, bu cür mərhəmət hissinə, ürək genişliyinə malik olsun. Bu da sənin sualına mənim cavabım. 

   -Həyatınızdakı dostlar barədə nə deyə bilərsiz? 

   -
Mənim həyatımda dostlar, deyə bilmərəm ki, çox olub... Amma o dostların hər birinin mənim içimdə çox əhəmiyyətli yeri var. Çox acısı, ağrılısı odur ki, o gözəl insanların bir çoxu artıq həyatda deyil... Aras Seyidzadə... Şahin Əfəndiyev... Polad Məcnunbəyov... Aydın Məmmədov... Onlar mənim yeniyetməlik və ilk gənclik çağlarımın bir hissəsidir. Bir az sonra Araz Dadaşzadə... Həyatdan çox cavan getmiş bu istedadlı adamlar sənətdə, elmdə hamısı özünü eyni dərəcədə ifadə edə bilmədi... Araz Dadaşzadə görkəmli alimdir, elmlər doktoru, professor idi, amma o ağıl, o mütaliə ki, onda var idi, o, hələ çox əsərlər yaza bilərdi. Şahin Əfəndiyev, professor Hidayət Əfəndiyevin oğlu, onunla çox yaxın dost idik, bizim universitetin şərqşünaslıq fakültəsini bitirəndən sonra, Moskvaya getdi, Xarici İşlər Nazirliyində işlədi, SSRİ-nin Küveytdə səfiri oldu. O da haqq dünyasına vaxtsız köçdü. Yüksək ixtisaslı professional diplomat və vətənpərvər idi. Müstəqil Azərbaycana çox xidmətlər göstərə bilərdi... Aydın qısa müddətdə ədəbi mühitdə parladı, amma onun çox böyük fitri istedadı var idi və bu istedadın çox böyük bir hissəsi də tamam istifadəsiz qaldı, Aydın onu özü ilə apardı... Onun həyat yolu da mürəkkəb oldu, ölümü də faciəli oldu... Aras Seyidzadə də, şair Mir Mehdi Seyidzadənin oğlu, Polad da, dramaturq Cabbar Məcnunbəyovun oğlu, istedadlı cavanlar idi, amma tale onlara bu istedadı ifadə etmək imkanı vermədi... 90-cı illərin ortalarında bir dəfə yolum Şəkiyə düşmüşdü, Kiş kəndinə gedib, atası Mir Saleh kişi ilə birlikdə Aydının məzarını ziyarət edirdim, birdən-birə, elə bil, mənim üçün zaman vahidi, həqiqətən, dəyişdi, mən otuz-otuz beş il əvvələ ? universitetdə Aydınla bir kursda oxuduğumuz 1960-65-ci illərə, sonrakı dövrün aspirantlıq illərinə qayıtdım. Bu 35 il əvvəlin xatirələri deyildi, elə bil, mən tamamilə fiziki mənada o gənclik illərində idim və özümə gələndə, məndə elə bir hissiyyat yarandı ki, elə bil, bax, bu məzarın başındakı dəqiqələr ərzindəcə qəflətən o gənclik illərimə həmin 35 il əlavə oldu və bütün içim birdən-birə o 35 illik həyatın yükü ilə də yükləndi. Bu çox qəribə bir hissiyyat idi və mən bir neçə dəfə cəhd etmişəm ki, hansı bir əsərdəsə o hissiyyatı qələmə alım, düzü, istədiyim alınmayıb. Ümid edirəm ki, haçansa alınacaq. 

   -Dostlarınızdan xəyanət görmüsünüzmü? 

   -
Xəyanət bir az geniş miqyaslı məfhumdu, ona görə də, xoşbəxtlikdən, deyə bilmərəm ki, filan dostum mənə xəyanət edib. Dönüklük, hə, görmüşəm, namərdlik görmüşəm, ədəbi qısqanclıq görmüşəm... Belə şeylər bəzən, səndən gizlətmirəm, mənim üçün gözlənilməz olub və daxili bir pərişanlıq, pərtlik əhvali-ruhiyyəsi yaradıb. Misal üçün, hərgah qırx ilin dostu üç günlük gözəl bir xarici səfəri mənim üçün çox əhəmiyyətli və prinsipial bir məqamdan üstün tutursa, yəqin ki, o daxili pərtlik hissini başa düşmək elə də çətin bir şey deyil. Bilirsən, necədir? Beyin o qırx ilin dostuna bəraət qazandırır, ancaq ürək onu bağışlamır. Beyin deyir ki, həmin dostun yorulub, üç gün də bir fürsətdir, gedib dincələcək, yeyib-içəcək, amma ürək belə bir beyin rasionallığını, praqmatizmini qəbul etmir... Ona görə də həyatda beyinin işi asandı, ürəyin işi isə çətindi... Ümumiyyətlə, mən uzun illər boyu görə-görə gəlmişəm və bir məlum həqiqət hamı kimi, mənim üçün də gün işığı kimi aydın bir şeydir ki, həyat çox mürəkkəb və ziddiyyətli sirr-xudadır... Həyat nə deməkdir? Həyat insan deməkdir də... 

   -Bəs xatirələr Sizinçün nə deməkdir? 

   -
Bilirsən, səhərdən axşamacan xatirələrə varmaq və o xatirələrlə yaşamaq düzgün, əslində, mümkün deyil, çünki həyatın təbii axarına ziddir. 1950-ci illərin sonu, 60-cı illər, 70-in əvvəlləri biz yayda dincəlmək üçün Kislovodska gedərdik və Kislovodskdakı o yay ayları mənim üçün çox gözəl və əziz xatirələrdən ibarətdir. Sonuncu dəfə 1982-ci ilin qışında təsadüfən Kislovodskda oldum: Nizaminin 840 illiyini keçirmək üçün Araz Dadaşzadə, Qabil və Səyavuş Məmmədzadə ilə birlikdə qatarla o zamankı Leninqrada gedirdik. Minvod stansiyasında məlum oldu ki, vaqonumuzu dəyişəcəklər və səkkiz saat burada qalacağıq. Mənim təklifimlə taksi tutub, Kislovodska getdik, oradakı məşhur "Çayka" restoranında nahar etdik. Onda şəhəri, demək olar ki, görmədim və neçə illər idi ki, ora getməyi, o yerləri təzədən gəzməyi çox istəyirdim. 2006-cı ildə məzuniyyətə çıxanda, nəhayət ki, iki həftəlik Kislovodska getdim və bir daha mənə məlum oldu ki, həqiqətən, axan eyni suya iki dəfə girmək mümkün deyil. Mən tamam yadlaşmış bir şəhərdə yad bir adam idim. Vaxtilə Berqmanın "Çiyələk düzənliyi" filmi mənə çox təsir etmişdi, elə indinin özündə də mən o filmi dünya kinematoqrafiyasının şedevri hesab edirəm və 30 ildən sonrakı bu Kislovodsk səfərimdə isə mən özümü o filmin qəhrəmanı hiss etdim... Haçansa imkanım və vaxtım olsa, "Mən nə üçün Kislovodska getməməliydim?" adlı bir esse yazacağam. 

   -Bayaq Siz dediniz ki, "görə-görə gəlmişəm". İnsanların dəyişməyini bilavasitə müşahidə etmisiniz? 

   -
Əlbəttə! İki şey insanı dəyişdirir: vəzifə və pul. Özü də söhbət ikitərəfli dəyişmədən gedir. Bilirsən nəyi nəzərdə tuturam? Pulun çoxdursa, harınlayırsan, amma pulun olmaması da insanı dəyişdirir, yəni bu mənada ki, məcburiyyət qarşısında qalıb, hansısa sevmədiyin bir işlə məşğul olursan, ailə qarşısında əzab, iztirab çəkirsən, bəzən mənən sınırsan. Vəzifəli olanda gözün ayağının altını görmür, amma vəzifəsiz olanda da məcburən hansısa ləyaqətsiz bir adama ağız açırsan, bürokrat süründürməçiliyinə məruz qalırsan və s. Gərək daxilən bütöv, möhkəm bir insan olasan ki, pulun da, vəzifənin də bu həmlələrinə dözə biləsən. Mənim gözlərimin qabağında çox insanlar dəyişib, vəzifəyə bir cür gəlib, başqa cür gedəni, yazıq gəlib, yuxarıdan aşağı baxana, ayağının altını görməyənə çevriləni, vəzifədə bir söz, vəzifədən gedəndən sonra başqa söz danışanları çox görmüşəm. 

   -Bəs Siz necə, Elçin müəllim? Axı Siz gənc yaşlarından yüksək vəzifələr tutmusuz, deputat seçilmisiz, həmişə rəhbərliklə, necə deyərlər, oturub-durmusuz, daima "yüksək eşalona" mənsub olmusuz, bütün fəxri adlar, yüksək təltiflər, dövlət mükafatları, cəmiyyətdə yüksək mövqe... Bəs, vəzifə Sizə dediyiniz o "həmlələri" etməyib? Ümumiyyətlə, vəzifə Sizinçün nədir? 

   -
Uzun illər boyu çox dediyim sözü bir daha təkrar edirəm: mən hansı bir vəzifəyə, indiki halda isə, konkret olaraq, Baş nazirin müavini vəzifəsinə gələnə qədər hansı Elçin idimsə, bu gün də həmin Elçinəm və sabah vəzifədən gedəndən sonra da həmin Elçin olaraq qalacağam. O ki, qaldı, vəzifənin mənim üçün nə olmağına, bu da çox sadə və adi bir şeydir: tutduğum vəzifə mənim işimdir, səhər durub, işə gedən hər hansı bir adam üçün iş nədirsə, tutduğum vəzifə də mənim üçün odur. Orası da aydın məsələdir ki, hansı vəzifədə işləyirəmsə, işləyim, mənim ən böyük vəzifəm yazıçı vəzifəsidir. Ancaq icra etdiyim vəzifə də mənim cəmiyyət qarşısında yerinə yetirməli olduğum borcumdur, mənə etimaddar, mənim məsuliyyətimdir. Mən, ümumiyyətlə, reklamı xoşlayan adam deyiləm, xüsusən də işlə bağlı. Birinci sıraya can atmaq, həmişə göz qabağında olmağa çalışmaq mənim təbiətimə ziddir. Heç vaxt deməmişəm ki, bunu elədim, onu elədim, filankəsə filan yaxşılığı elədim, filan işin əsasını mən qoymuşam və s. Mənim vəzifə borcum və məsuliyyətim var, həmin məsuliyyətlə də gənclik vaxtlarımdan etibarən həmişə öz işimi, vəzifəmi yerinə yetirmişəm və yetirirəm, heç bir əlavə reklama, təbliğ və təşviqə də qətiyyən ehtiyacım yoxdur. 

   -Siz, adətən, müsahibələri yazıçı kimi verirsiniz və bu da başadüşüləndir. Ancaq Siz, eyni zamanda, dövlət xadimisiniz, uzun müddət Heydər Əliyevin yaxın ətrafında olmusunuz. Siz Heydər Əliyevlə ən çox ünsiyyətdə olan Azərbaycan yazıçısısınız. Heydər Əliyev hələ ikinci dəfə hakimiyyətə gəlməmişdən qabaq, təqib olunduğu, keçmiş silahdaşlarının nankor çıxdıqları bir dövrdə Sizin onun haqqında yazdığınız və ilk dəfə 1992-ci ildə "Aydınlıq" qəzetində çap olunmuş çox səmimi esseniz o vaxt əldən-ələ gəzirdi. Heydər Əliyevin şəxsiyyəti haqqında məhz Sizin mülahizələriniz çox maraqlıdır. 

   -
Dilsuz, bu suala qısa cavab vermək çətindir. Heydər Əliyev şəxsiyyətinin miqyası çox böyük idi və bu mənada o unikal şəxsiyyət idi. SSRİ-nin ucqar bir guşəsində doğulub boya-başa çatasan, İvanov yox, Petrov yox, Əliyev familiyası daşıyasan və dünyanın taleyini həll edən SSRİ boyda bir imperiyanın başında duran üç kişidən, beş kişidən biri olasan ? bu, son dərəcə zor bir işdir. Bunun üçün gərək həqiqətən nəhəng olasan və Heydər Əliyev nəhəng idi. Müstəqil Azərbaycanı da yeni tarixinin ən çətin dövründə həmin nəhənglik xilas etdi. Hər hansı bir Azərbaycan şairi, artisti, yaxud aşığı ilə, adi kəndlisi, fəhləsi ilə söhbətin ilk anlarından doğma və səriştəli bir ünsiyyət yaratmaq Heydər Əliyev üçün sadə bir iş idi, çünki o, millətin tarixini də, mədəniyyətini də, psixolojisini və mentalitetini də dərindən bilirdi, duyurdu, hiss edirdi. Ancaq onun şəxsiyyətinin miqyası elə idi ki, onun üçün Klinton, yaxud Mitteranla, Kastro, yaxud İngiltərə kraliçası ilə, eləcə də, misal üçün, akademik Keldış, yaxud bəstəkar Kobalevski, yaxud da rus ədəbiyyatı klassiki Leonid Leonovla ünsiyyət yaratmaq da o dərəcədə sadə bir iş idi. Hələ sovet dövründə, 70-80-ci illərdə mən Heydər Əliyevin Nikolay Qribaçov, Konstantin Simonov, Anatoli Sofronov, yaxud Georgi Markov, Aleksey Surkov, Aleksandr Çakovski, Sergey Mixalkov kimi Kremlə yaxın olan, istədikləri vaxt telefonun dəstəyini götürüb, Brejnevlə, Suslovla, Andropovla danışmaq imkanlarına malik olan və bu imkanlardan geninə-boluna istifadə edən "ədəbiyyat generalları" ilə söhbətlərinin, görüşlərinin bilavasitə şahidi olmuşam. Bu "generallar"ın bir qismi ətrafdakılara, xüsusən də müttəfiq respublika nümayəndələrinə, lap xüsusən də müsəlman respublikaları nümayəndələrinə çox yuxarıdan aşağı baxırdılar. Heydər Əliyevlə həmin görüşlər, söhbətlər əsnasında o "generallar"ın bir-neçə dəqiqədən sonra özlərini necə yığışdırması, get-gedə necə kiçikləşmələri, necə deyərlər, öz yerlərinə oturdulmaları mənim gözlərimin qabağındadır və mən qətiyyən mübaliğəyə varmıram. Heydər Əliyev son dərəcə güclü və zəngin təfəkkürlü şəxsiyyət idi, məqamı gələndə dəmir kimi möhkəm olurdu, eləcə də sərtliyi var idi, danışıqlar aparanda, Azərbaycanın maraqlarını qoruyanda onun üçün hansısa ayrıca bir avtoritet yox idi, yanlız qarşılıqlı hörmət var idi. Ancaq o, eyni zamanda, çox da zəngin hissiyyata, zəngin daxili aləmə malik idi. Kiçik, amma elə bilirəm ki, çox söz deyən bir epizod yadıma düşür. Füzulinin 500 illiyi münasibətilə Türkiyəyə getmişdik. O vaxt parlament sədri olan Cindoruq Heydər Əliyevin şərəfinə ziyafət verirdi və o ziyafətdə bizim Səkinə İsmayılova "Küçələrə su səpmişəm"i gözəl oxudu. Mən Heydər Əliyevlə üzbəüz oturmuşdum və onun "Küçələrə su səpmişəm"ə qulaq asa-asa gözlərinin necə dolduğu heç vaxt mənim yadımdan çıxmır. Gərək milləti və onun sənətini necə sevəsən, hiss edəsən, millətə, onun sənətinə necə bağlı olasan ki, beləcə təsirlənəsən!.. Mən, əlbəttə, bunların hamısını yazacağam, sağlıq olsun... Bir şey də deyim. 2003-cü ilin 21 aprel hadisəsi olmasaydı, yəni Heydər Əliyev gənc hərbiçilərlə görüş zamanı ikinci dəfə, nəhayət üçüncü dəfə səhnəyə qayıtmasaydı, o iradə ki, onda var idi, o daxili səfərbərlik gücü, daxili səliqə və daxili nizam-intizam, o yaşamaq həvəsi və işləmək ehtirası ki, onda var idi, 100 il də yaşayardı! Amma bir məsələ də var: 21 apreldə təkrarən və təkrarən səhnəyə qayıtmasaydı, səhnəni eləcə məğrurcasına tərk etməsəydi, o da, Heydər Əliyev olmazdı!.. Onun "-Sağ olun!.."- deyib, əlini zaldakılara tərəf yelləyə-yelləyə asta və məğrur addımlarla səhnəni tərk etməsi həmişə mənim gözlərimin qabağındadır... 

   -Elçin müəllim, siz daima ədəbi prosesdə prinsipial mövqe tutmusunuz. Ədəbi məsələlərlə bağlı kəskin cavablarınız həmişə cəsarətli və tutarlı olub. Son illərdə "altmışıncılar"ın əsas təmsilçilərinə, o cümlədən ara-sıra Sizə qarşı da açıqca qərəzli münasibət bir sıra mətbuat orqanlarında özünə yer tapır. Ancaq Siz onlara cavab vermirsiz... 

   -
Bilirsən, əziz dostum Dilsuz, sənə bir söz deyim: əgər mənim on illərdən bəri davam edən yaradıcılığım və fəaliyyətim o söz-söhbətə, dedi-qoduya dözməyəcəksə, onda yaxşı eləyirlər, dediyin həmin qərəzli münasibəti bəsləyirlər, qərəzli yazıları yazırlar. Belə şeylər həmişə olub, həmişə də olacaq və keçib də gedəcək. Qabaqlar da demişəm, baxın Mirzə Cəlil dövrünün, Üzeyir bəy dövrünün mətbuatına. Onlara hansı böhtanlar atılmayıb, hansı qarayaxmalar yaxılmayıb? Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir. Burada nəyisə qadağa etmək düzgün, başlıcası isə, mümkün deyil. Hərə özünə bab olan hansı mülahizəni yürüdür, yürütsün, ortada həqiqi sənət varsa, sağlam fəaliyyət varsa, ona heç nə bata bilməz. Nə təhriflər, nə səhvlər, qərəzkarlıqlar edirsən, et, nə böhtanlar atırsan, at, budur, ortada əsərlər var, necə deyərlər, bu meydan, bu da şeytan. O müəlliflərin heç birini mən tanımıram, bədii yazılarını, bir-iki istisnadan başqa, oxumamışam və mənim o tipli yazılara cavab verməyə, onları təkzib etməyə nə vaxtım, nə həvəsim, ən başlıcası isə, nə də mənəvi ehtiyacım var. O yazıların icmalını çıxarıb, hər ayın sonunda mənə göstərirlər, nəzərdən keçirirəm, sonra da yadımdan çıxır-gedir. Vəssalam! Bundan artıq deyil. Onlar mənim üçün qəti surətdə hansısa bir qayğı mənbəyi, ya da ki, düşüncə obyekti ola bilməz. Düşünməli o qədər mətləb, çəkməli o qədər qayğı var ki!.. Orasını da deyim ki, yaradıcılıq aləmində inkarçılıq gəncliyə xas olan bir cəhətdir. Elə mən özüm o mərhələdən keçib, gəlmişəm. Ancaq, təkrar edirəm: yaradıcılıq aləmində! Ondan kənarda yox! 

   -Siz İlyas Əfəndiyevin ədəbi irsi ilə yaxından məşğul olursunuz. Onun 7 cildlik "Seçilmiş əsərləri", rus dilində ikicildlik "Seçilmiş əsərləri" Sizin tərtib və redaktəniz ilə nəşr edilib. İlyas Əfəndiyev haqqında "Sənətkarın ikinci ömrü" salnaməsini tərtib və redaktə etmisiniz. "Sən həmişə bizimləsən" kitabı Sizin ön sözünüzlə nəşr olunub. Bu iş davam edirmi? 

   -
Əlbəttə. Hörmətli Prezident İlham Əliyevin latın qrafikasında təkrar nəşrlərlə bağlı sərəncamı əsasında çap olunmuş İlyas Əfəndiyevin 3 cildlik yeni "Seçilmiş əsərləri"nin də, "Çaşıoğlu" nəşriyyatının nəfis şəkildə nəşr etdiyi bircildliyinin də tərtibçisi və redaktoru olmuşam. Yuxarıda dediyim kimi, "Hökmdar və qızı" pyesi əsasında ikiseriyalı bədii filmin ssenarisini yazmışam və həmin ssenari üzrə çəkilmiş film artıq başa çatıb. Rejissor Oruc İzzətoğlu ilə birlikdə məşhur "Geriyə baxma, qoca" romanını səhnələşdirmişik. Uzun sözün qısası, bu iş davam edir və mən buna gündəlik yaradıcılıq işimin üzvi bir hissəsi kimi baxıram. 

   -Bəs İlyas Əfəndiyev haqqında yazdığınız sənədli roman? Həmin romandan parçaları bir müddət əvvəl çap etdirmişdiniz. 

   -
O roman üç kitabdan ibarət olmalıdır. Birinci kitab, demək olar ki, hazırdır. Sağlıq olsun... 

   -Bəs şəxsi yaradıcılığınız? Hazırda nə üzərində işləyirsiniz? 

   -
Bilirsən, mənim son nöqtəsini qoyduğum bir sıra yazılarım, o cümlədən bir neçə pyesim, böyük bir romanım, hekayələrim, hətta tərcümələrim var ki, onlar mənim mizimin yeşiklərindədir. Nə üçün onları üzə çıxarmıram? Dəqiq cavab verə bilmərəm... Mənə elə gəlir ki, yazıçının bitirdiyi, amma çap etdirmədiyi, teatra vermədiyi əsərləri olmalıdır ki, onlara arxalansın. Bu, yazıçı üçün var-dövlət kimi bir şeydir. Hər halda, yazı mizimin yeşiklərindəki o tamamlanmış əlyazmaları şəxsən mənə çox böyük mənəvi təpər verir. Son aylarda "Arılar arasında" adlı yeni bir tragikomediya, "1937-ci il" adlı tragediya yazmışam. "1937" mənim üçün konkret yox, əbədi və bəşəri bir mövzudur, yəni, yanlız Stalinin və stalinçilərin cinayəti deyil, insanın və insanlığın cinayətidir. Bu yazıların adlarını da ona görə çəkirəm ki, onları artıq teatrlara vermişəm. Eləcə də Hüseyn Ərəblinskinin həyatından bəhs edən, daha dəqiq desəm, daimi sənətkar və zaman, sənətkar və dünya, sənətkar və cəmiyyət mövzularına toxunan bir pyesi də bizim Akademik Milli Dram Teatrımıza təqdim etmək istəyirəm. Təzə hekayələrim var. Mikayıl Müşfiqin həyatı haqqında bu günə qədər üzə çıxarılmamış nadir arxiv materiallarına, o cümlədən 1937-ci ildə onun haqqında quraşdırılmış "Cinayət işi"ndəki sənədlərə əsaslanan sənədli povesti yazıb, bitirmişəm və onu yaxın vaxtlarda oxuculara təqdim edəcəyəm. Vaxt, vaxt, vaxt! Bu gün mənim əsas problemim budur. 

   -Yeri düşmüşkən, daima məni maraqlandıran bir sual da vermək istəyirəm. Siz bu qədər yaradıcılıq işinə necə vaxt tapırsınız? 

   -
Dilsuz, uzun illərdən bəri, səhər mənim yuxudan durmağımla saat düzəltmək olar: qışda düz saat 5-də, yayda isə saat 5-ə 15 dəqiqə qalmış mən yuxudan dururam və saat 9-a qədər işləyirəm. Bu, mütəmadidi, səfərlərin də, ezamiyyətlərin də buna təsiri yoxdur. 

   -Elçin müəllim, biz dostlardan danışdıq, Siz onların bir qismini yada saldınız. Bəs, bu gün Elçinin ən yaxın dostu kimdir? 

   -
Bu gün Elçinin ən yaxın və ən böyük dostları onun ailəsinin üzvləridir. 

   - Bəs ailədən kənarda? 

   -
Ailədən kənarda? Ailədən kənarda da mən özüm!.. 

Söhbət etdi: Dilsuz

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107