Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Qılman İlkin: Mən aldanmış xalqın yazıçısıyam

Qılman İlkin

 Hazırda hekayələr yazmaqla məşğulam. Bir neçə roman, povest, publisistik kitab ideyaları da beynimdə hərlənir. Amma bugünün, yaşadığımız indiki zamanın sürətini nəzərə alanda, görürəm, irihəcmli əsər yazmağına dəyməz. Oxunmur. Onların oxunmamasının iki səbəbi var. Bir səbəb odur ki, irihəcmli əsər böyük kitab deməkdi, onun da qiyməti baha olduğundan, az adam ala bilir. İkinci səbəb camaatda vaxt çatışmazlığıdır. Hamı qaça-qovdadır, hamı operativ olub, elə hey harasa tələsirlər. Buna görə onları qınamaq olmaz. Dövr belə tələb edir. Az qala, yaşamağın, çörəkpulu qazanmağın şərtinə çevrilib tələskənlik. Gərək daim ayaqüstə olasan. Ona görə də heç kimdə uzun-uzadı, fasiləsiz mütaliəyə həvəs qalmayıb. Mən isə əsərlərimi oxunmaq üçün yazıram.
- Siz indiki oxucu ilə 50 il bundan əvvəlki oxucu arasında fərqi yalnız vaxt çatışmazlığında görürsünüz?
- Fərq çoxdur. Mən yalnız birini dedim. Qalanları barədə danışmağa lüzum bilmirəm. Özümlə əlaqədar isə əvvəlcə iki dolaşıq məsələyə aydınlıq gətirmək istəyirəm. Mənim adım Qılman, soyadım Musayevdir. Mərhum qardaşım Qurban Musayev həm filoloq idi, həm də dramaturq. Amma mən ondan daha çox yazırdım. Qardaşımla atamızın adı və soyadımızın eyni olduğuna, hələ üstəlik, adlarımızın da baş hərflərinin bir olduğunu görüb mənim qonorarlarımı da onun ünvanına yollayırdılar. Bu anlaşılmazlıq məcbur etdi ki, özümə təxəllüs seçim?
- Niyə məhz "İlkin" təxəllüsünü seçdiniz?
- Mən köklü bakılıyam. Mərdəkan kəndindənəm. Bu kənddən çıxan ilk yazıçı olduğuma görə, özümə "İlkin" təxəllüsü götürdüm.
- Mərdəkanda neçənci ildə dünyaya gəldiniz?
- 94 yaşın içindəyəm. Deməli, do-ğum tarixim 1913-cü il olur. Amma nə vaxtsa mətbuatda səhvən 1914-cü il yazıblar, mən də sonradan bu tarixi dəyişdirməyib olduğu kimi saxladım. Bu da ikinci dolaşıqlıq. Yerdəqalan, məncə, hər şey düzdür. O zaman, inqilabaqədərki dövrdə, Hacı Zeynalabdin Tağıyev Mərdəkanda yaraşıqlı məktəb binası tikdirmişdi. Mən həmin məktəbi 1925-ci ildə bitirmişəm. Mən məktəbi bitirəndə artıq dünya dəyişmişdi. Şura hökuməti qurulmuşdu. Təhsilimi davam etdirməliydim. Şəhərə gələndə məqsədimi, hansı ixtisas sahibi olmaq istəyimi müəyyənləşdirmişdim. Bu zaman bütün varlığımla ədəbiyyata bağlanmışdım. Oturub-durub ədəbiyyat haqqında düşünür, özümü ədəbiyyatdan kənarda görmür, təsəvvür eləmirdim. Ədəbiyyata meyl salmağım uşaq vaxtı başıma gələn kiçik bir əhvalatla bağlıdır. Günlərin birində dərsdə ədəbiyyat müəllimi bizim üçün Hüseyn Cavidin "Öksüz Ənvər", yəni "Yetim Ənvər" şeirini oxudu. Şeirdən o qədər təsirləndim, ordakı uşaq surətini göz önümə elə gətirdim, onun faciəsini o dərəcədə ağrılı duydum ki, özümü saxlaya bilmədim, hönkür-hönkür ağlamağa başladım. Şeiri izah etmək istəyən müəllim məndən sakit olmağı xahiş etdi. O qədər duyğulanmışdım ki, sakit olmaq nədir, heç özümü ələ ala bilmirdim. Vəziyyəti belə görən müəllim mənə yanaşdı, əlini ehmalca çiynimə qoyub pıçıltıyla sinifdən çıxmağıma göstəriş verdi. Tənəffüsdə uşaqlar yaxınlaşıb, məni dolamağa başladılar:
- Ay Qılman, sənə nə oldu, xortdan gördün, nədi?
   Hüseyn Cavidin şeiri mənim gözümü, elə bil, yeni aləmə açmışdı. Həmişə sevdiyim, həmişə deyib-gülüb-zarafatlaşdığım uşaqlar da onun şeirindən sonra gözümdən düşdülər və onlara bu qeyri-adi aləmdən nə qədər uzaq olduqlarına görə yazığım gəlirdi. Dünya dəyişdi mənim gözümdə. Sonralar, 30-cu illərdə uşaq təsəvvürümdə baş verən belə bir dönüş barədə Cavid əfəndi ilə görüşlərimdə onun özünə də danışmışdım. Bu, həqiqətən də dönüş oldu. Mən həyatın çətinliyini, ehtiyacı unudub ədəbiyyata qapıldım. Cəlil Məmmədquluzadənin və digər müəlliflərin kitablarını, toplularda çıxan əsərlərini əldə edib oxuyur, gün-gündən mütaliə dairəmi genişləndirirdim. 1925-ci ildə, artıq məktəbi bitirib şəhərə gələndə, müəyyən ədəbi biliklərə malik idim.
- Siz şəhərdə hansı ixtisas üzrə təhsil aldınız?
- Pedaqoq ixtisasına yiyələndim. 18 saylı məktəbdə, çox sonradan qoyulacaq Azad qadın heykəlindən azca kənarda yerləşən məktəbdə təhsil alırdım. Müəllimlərin əksəriyyəti bura xarici ölkələrdən dəvət olunan adamlar idi. O zaman Azərbaycanda müəllim çatmırdı. Hökumət məcbur olub, Türkiyədən bura müəllimlər dəvət etmişdi. Onların arasında Mirzə Kəmyab adlı ziyalı vardı; o mənim ədəbiyyata həvəsimi daha da artırdı. Doğrudur, o biri dərslərdən də yüksək qiymətlər alırdım. Amma mənim meylim ədəbiyyata idi. O zaman "Savadsızlığın aradan qaldırılması" siyasəti aparılırdı. Biz 1930-cu ildə təhsilimizi bitirməliydik. Lakin rayonlarda, kəndlərdə müəllim çatmadığından, bizim kursumuzun təhsil müddətini bir il azaltdılar. 1929-cu ildə Pedaqoji Texnikumu bitirdik və təyinatla bizi müxtəlif rayonlara müəllim işləməyə göndərdilər.
- Siz təhsil alan müddətdə şəhərdə qalırdınız, yoxsa Mərdəkanda?
- Mərdəkanda qalırdım. Şəhərdən elektrik qatarı yalnız Suraxanıya kimi gedir, Suraxanıdan da şəhərə gəlirdi. Odur ki səhər saat 5-də yuxudan durub Mərdəkandan pay-piyada, üç-dörd kəndi keçib-gəlib Suraxanıya yetişirdim. Xüsusilə qış aylarında bu çox təhlükəli olardı. Qapıdan çıxana qədər anam dalımca təkrar-təkrar deyərdi:
- Ay bala, muğayat ol! Canavara, qurda-quşa yem olarsan. Amanın günüdü, bizə yazığın gəlsin, yolu gedəndə ayıq-sayıq ol! Şəhərdən qayıdanda bəzən bəxtim gətirərdi. Bu tərəfə bazar-dükandan qayıdan arabalara rast gəlirdim, onlara oturub yolu yüngül edirdim özüm üçün. Sonradan, uşaqların hamısı şəhərdə oxuyub-işlədiyi üçün ailəmiz Çadrovı küçəsində (hazırda Mirzəağa Əliyev küçəsi - red.) ev alıb ora köçdü. Bununla belə, Mərdəkandakı ata evini özümüzdə saxladıq. O ev indi də durur. Gedib-gəlir, bəzən bir neçə ay yaşayırıq orda, ata yurdumuzdu.
- 29-cu ildə təyinatınızı hansı rayona verdilər?
- Məni saldılar Xaçmaz rayonunun Əhmədalı kəndinə. 16-17 yaşım vardı. Məktəb, nə məktəb? Böyük tövlə idi, onu təmizləyib-düzəltmiş, bayıra balaca pəncərələr açmış, havasını dəyişmiş, belə bir yerdə sinif yaratmışdılar. Cərgələrlə oturacaqlar düzülmüşdü. Uşaqlar da artıq hərə öz yerini bilirdi. Bir cərgədə birincilər, ikincidə ikincilər, üçüncü-dördüncü cərgələrdə də yuxarı sinif şagirdləri. Dərs demək üçün şərait çox çətin idi. O zamanlar kollektivləşdirmə siyasəti aparılırdı. Çoxlarından mal-dövlətini alıb, adlarını da "kulak" qoyub, qaçqın salmışdılar evlərindən-eşiklərindən. Onlar Xaçmazətrafı meşələrə çəkilib gizlənmişdilər. Gecələr kəndə basqın edərdilər. "Qolçomaq" adlandırılan bu adamlar özləri evdə olmadıqlarından, uşaqlarını da məktəbə buraxmazdılar. Necə hökumət onları qəbul eləmirdi, onlar da hökumətə və bu hökuməti təmsil edən hər nə var, istər kolxoz olsun, istər sədr olsun, istər məktəb olsun, istər müəllim, hamısına düşmən kəsilmişdilər. Odur ki uşaqlarını məktəbə buraxmırdılar. Mənim, 16 yaşlı məktəb direktorunun, vəzifə borcum idi, gedib evlərdən oğlanları, qızları yığıb məktəbə gətirim, onlara yazmaq-oxumaq öyrədim. Bir neçə dəfə meşələrdə gizlənənlər mənim üçün xəbər göndərmişdilər ki, "O oğlan bizim qızlarımızı məktəbə gətirdiyinə görə başıyla cavab verəcək, bu kənddən onu sağ buraxsaq, başımızdakı papaq yox, ləçək olar bizə".
   Qorxulu idi, çox qorxulu! Kənd Sovetinin sədri mənim kimi cavan bir oğlan idi, "komsomolçu Şəmistan" deyirdilər ona. Bir gün təkidlə, etiraz eşitmək belə istəmədən mənə dedi:
- Məktəbdə qalmaq sənin üçün təhlükəlidir. Evdə anamla tək yaşayıram. Odur ki nəyin var, ordan yığışdır, gəl bizə. Anam bir otaqda, biz o biri otaqda qalarıq.
Beləcə bir müddət kənd Sovetinin sədri Şəmistangildə qaldım. Həvəsli idik, işləyir, çalışır, bir-birimizə kömək eləyirdik… Daha çox o mənə əl yetirirdi. Axşamlar da yatmazdan qabaq əsasən, öz işlərimizdən gecənin yarısına qədər söhbət edərdik. O biri otaqdan Gülər xala səsini qaldırıb, yatmadığımıza görə ərklə bizə acıqlanandan sonra özümüzü yuxuya verərdik. Şəmistan yaxşı oğlan olmaqdan savayı, mərd idi, qorxu nə olduğunu bilməzdi. Birpəncərəli balaca otaqda qalırdıq onunla. Pəncərənin sağ tərəfində mənim, sol tərəfində onun çarpayısı yerləşirdi. Günlərin bir günü Bakıya gəlməli oldum. Məktəbə dəftər-kitab, ayrı-ayrı ləvazimatlar almaq lazım idi. Bir həftə burda qalandan sonra yenidən Xaçmaza, Əhmədalıya döndüm. Elə kəndə girəcəkdə uzaqdan gördüm, nəsə olub, sanki kənd matəm içindədir. Camaat bir-birinə dəyib. Milis dəstələri rayon mərkəzindən tökülüb gəliblər bura. Bu vəziyyətdə gözlərim elə hey Şəmistanı axtarırdı. Onu tapmadığımdan, harasa tələsən bir tanışın qoluna girib güclə də olsa yolundan saxladım:
- Dayan bir görək! Burda nə olub? Şəmistan hanı?
- Dünən gecə Şəmistanı evində güllələyiblər.
Elə bil, üstümə bir vedrə qaynar su tökdülər. Evə getdim. Ağır anlar idi mənim üçün. Gördüklərimə inanmaq istəmirdim. Tədricən, məsələnin nə yerdə olduğunu anlamağa başladım. Sən demə, burda olmadığım günlərdə Şəmistan çarpayısını dəyişib mənim yerimə keçmişdi. Nəyə görə belə etmişdi, indi də mənim üçün qaranlıq qalır. Məni, qızları məktəbdə oxumağa məcbur edən müəllimi öldürmək istəyən quldurlar gecə ilə gəlib pəncərədən çarpayıya atəş açmışdılar. O oğlan mənim güdazıma getdi. O güllə, əslində, mənə ünvanlanmışdı. Beləcə, həyatımda üç dəfə qarşılaşdığım ölümdən birincisi məndən yan keçdi. "Məndən yan keçdi, qardaşıma dəydi" buna deyiblər. Göynətdi o hadisə mənim gənc qəlbimi.
- Sonrakı ölüm təhlükələrindən necə qurtulmuşdunuz?
- Bir az səbir eləyin, gəlib onların da üstünə çıxacağam. Bu qətldən sonra canımı vahimə bürüdü. Qış tətilinə qədər orda işləri birtəhər yola verib, gəldim Bakıya və lazımi yerlərlə danışıb bildirdim ki, "Daha mən o kənddə qalıb işləyə bilmərəm". Ora qayıtmağım ölümə bərabər idi.
   Mənim etirazımı qəbul etmədilər. Mən də məcbur oldum müəllimliyin daşını atdım. Başladım "Gənc işçi" qəzetində ədəbi işçi kimi fəaliyyət göstərməyə. Şeirlər yazırdım. Əzizbəyov adına kitabxanada ədəbiyyat dərnəyində iştirak edirdim. Orada məşğələləri əvvəl Almas İldırım, sonra Seyid Hüseyn, sonra da Əbülhəsən aparırdı. Hələ buna qədər də ədəbiyyata marağım il-ildən artmaqda idi.
   İstəyirəm, söhbətimi bir az əvvələ qaytarım. Atam 20-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında tikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orda işləyirdim. Özümə yolxərcliyi, üst-baş üçün pul düzəldirdim. Qışı bircə dənə pamazı pencək və bir cüt çustla başa vururdum. Atam öləndən sonra anam dolandırırdı külfəti, çörək bişirməklə. Böyük qardaşlarım az da olsa ona kömək eləməyə çalışırdılar. Odur ki mən də harda nə vaxt imkan tapdım, orda işləyirdim. Həmin vaxtlarda Sergey Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm. Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Ser-gey Kirov, Azərbaycanın ovaxtkı birinci katibi, onu aldadıb paroma oturtmuş və Xəzərə çıxarıb Zirə, Hövsan, Zığ sahillləri ilə gətirib çıxarmışdılar Mərdəkana ki bura İrandır. Əvvəl inanmışdı. Sonra başa düşəndə, o qədər də inciməmişdi. Çünki bura da onun ürəyincə idi. Sergey Yesenin də ədəbi düşüncələrimə xatirə kimi əlavə olunmuşdu. Pedaqoji Texnikumda bizə maraqlı, tanınmış ədiblər dərs deyirdilər. Hər birindən nəsə götürmüşəm. Bədbəxt o insandır ki onun müəllimi olmayıb. Mənimsə çox yaxşı müəllimlərim olub.
   "Gənc işçi" qəzetindən sonra "Radio Komsomol"da işləyirdim. Radio indiki Mərkəzi Poçtun yerində idi. Özüm yazır, özüm redaktorluq edir, özüm də diktor kimi oxuyurdum.
   Nəhayət, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat-tarix fakültəsinə daxil oldum. Ali məktəbi 1936-cı ildə bitirdim. Tələbəlik illəri hamı üçün şirin xatirələrlə bağlı olur. Amma mən oxuduğum dövr dedikcə ağır illərdi. İnstitutun partkomu Budaqov adlı bir erməni idi. Həmin bu erməni divarda iri hərflərlə şüar asmışdı: "Öz yoldaşını ifşa et!". Yəni nə qədər düşmən tapsan, yoldaş ifşa eləsən, bir o qədər partiyaya xidmət göstərmiş olarsan. 1936-cı ildə institutu bitirəndə üç nəfəri - məni, Məhərrəm Əlizadəni və Mirzağa Quluzadəni aspirant kimi institutda saxladılar. Bu bizim üçümüzə də baha başa gəldi. Bizi dəfələrlə yuxarı çağırıb maraqlanırdılar ki, "Nəyə görə məhz üçünüzü aspirant saxlayıblar? Sizi digər tələbələrdən fərqləndirən Əli Nazimlə nə əlaqəniz var?". Sadəcə olaraq bizim əla qiymətlərlə oxuduğumuza, çalışqanlığımıza minnətdar olaraq fərqləndiyimizə inanmırdılar. "Niyə yalnız siz üç nəfər fərqləndiniz?". Nə deyəsən? Əgər dörd fərqlənən tələbə olsaydı, dörd nəfəri saxlayacaqdılar.
   Bizə Çobanzadə, Qubaydulin, Xalid Səid və repressiyaya məruz qalan başqa müəllimlərimiz haqqında suallar verirdilər. Mən Mikayıl Müşfiqin poeziyası haqqında məruzə ilə çıxış etmişdim. Müşfiqi tutandan sonra məni həmin məruzənin üstündə az qalmışdılar həbs eləsinlər. Yaxşı ki mərdəkanlı tanışımız Abdullayev vardı, o idarədə məsul vəzifədə işləyirdi, işə qarışıb birtəhər məni xilas etdi.
   O çətin illərdə aspirant olmaqla yanaşı, institutda dərs deyirdim. Bu zaman ictimai və elmi fəaliyyətə qədəm qoyurdum. Həmin ildən etibarən müəllimlik fəaliyyətimə başladım. Müəllimliklə yanaşı, "Uşaq və gənclər nəşriyyatı"nda əvvəl konsultant, sonra redaktor, sonra baş redaktor və nəhayət, direktor vəzifələrində işlədim. 1950-ci ildə "Azərnəşr"də baş redaktor, 60-cı illərdə üç il "Azərbaycan" jurnalında baş redaktor oldum. Dörd ali məktəbdə dərs demişəm. 70-ci illərdə isə təqaüdə çıxdım. Bu mənim müəllim və naşir kimi fəaliyyətimin qısa tarixçəsidir. Yazıçı kimi mənim fəaliyyətim indiyə qədər davam edir və ən qəribə və gözlənilməz hadisələrlə müşayiət olunub.
- Siz neçənci ildə ailə qurdunuz?
- Pedaqoji İnstitutda oxuya-oxuya. Bacımın tələbə rəfiqəsi var idi. Bizə gəlib-gedərdi. Onu bəyəndim, anama dedim. Ailə qurduq. 60 ilə yaxın birgə ömür sürdük. Dörd il bundan qabaq onunla vidalaşıb, son mənzilə yol saldım.
- Çətin oldu yəqin ki, bu yaşında həyat yoldaşınızı itirməyiniz.
- Çətin oldu. Amma mənim gəlinim qayğıma elə qalır ki, bu çətinliyi bir o qədər kəskin keçirmirəm. Təskinlik tapa bilirəm mənə övladlarımın münasibətində.
- Qayıdaq 30-cu illərə.
- O ağır illərdən çətinliklə də olsa çıxa bildim. Hərbdən bizə dərs deyən müəllim mühazirələri çox sürətlə oxuyurdu. Mən çatdıra bil mədiyimdən, əski əlifba ilə onun dediklərini yazırdım. Xüsusi göstərişə əsasən hamı latınca yazmalı idi. Yanımda oturan "dostum" ərəb əlifbasıyla yazdığımı gedib bizim "partkom"a xəbər vermişdi. Bunun üstündə məni çox get-gələ saldılar. İnstitutdan xaric etmək qərarına gəldilər. Qanımın arasına girən bizim tanış dekan oldu. O illərdə çox ehtiyatlı olmaq lazım idi. Bundan sonra daha ağır illər, müharibə illəri gəlirdi. 1941-ci ilin payızında sovet qoşunları İran sərhədini keçdilər. Təxminən, 100-ə yaxın azərbaycanlı ziyalıları, yazıçı, şair, alimlər ordu ilə birgə İrana getdi. Bundan əvvəl Mərkəzi Komitədə Mircəfər Bağırov özü bizi yığıb tapşırıqlar vermişdi. Təbrizdə "Vətən səsi" qəzetini nəşr etdirirdik. Qəzetin redaktoru Mirzə İbrahimov, müavin isə Cəfər Xəndan idi. Ədəbi işçilər mən idim, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Məmməd Rahim,Osman Sarıvəlli və indi yadıma gəlmir, deyəsən, yenə də kimlərsə bizimlə birgə burda fəaliyyət göstərirdi. Bu qəzeti 1942-ci ilin may ayına qədər dayanmadan, fasilə vermədən buraxa bildik. 42-ci ildə İran hökuməti qəzetə görə bizim hökumətə narazılıq bildirdi. Guya biz inqilaba kömək edirik. Buna qədər də İran hökumət dairələrindən şikayət və narazılıqlar gəlirdi. Amma hər dəfə Bağırov işi yoluna qoya bilirdi. "Sadə bir qəzetdir, əməkdaşlarımız da dinc, sakit öz işləri ilə məşğul olurlar". Belə "dinc və sakit" öz işimizlə məşğul olan vaxtlarda eşitdik ki, Moskvadan məktub gəlib və məktubda göstəriş verilir ki, qəzet geri, Bakıya qayıtsın. Bakıya qayıdandan sonra məlum oldu ki, bu işə səbəbkar Mikoyan və Beriya olub. Onlar Azərbaycanın birləşəcəyini, onun Qafqazda qat-qat iri dövlət olacağını düşünüb, Stalini min bir bəhanəylə bizim fəaliyyətimizin ziyanlı olduğuna inandıra bilmişdilər. Buna baxmayaraq, Bağırov da öz növbəsində fəallığından qalmadı. Dəfələrlə Moskvaya getdi və nəhayət, Stalinin etibarını alıb 1944-cü ildə bizi, "Vətən səsi" qəzetinin heyətini yenidən Təbrizə göndərə bildi. Bağırovun əsas arqumenti ondan ibarət idi ki, "Sovet əsgərləri yerli əhalinin dilini bilmədiyi üçün orda belə bir qəzetin çıxması yalnız işin xeyrinə ola bilər". Stalin inandı. Biz orda 1946-cı ilə qədər işlədik. Sonra Təbrizdə Pişəvəri hökuməti yaradıldı. Qəzet Bakıya qayıtdı.
   Mən ikinci dəfə ölumün cayna-ğından necə qurtulduğum barədə danışacağıma söz vermişdim. İrandan bizi 1942-ci ildə geri çağırandan sonra, bir müddət cəbhə qəzetinin müxbiri işlədim. Redaktor Cəfər Xəndan idi. Bir dəfə mən onunla Xarkov tərəfə - əsgərlərlə görüşə getmişdim. Görüşdən qayıdanda axşama doğru idi, gün batmaqda idi. Bizim yolumuz da tərs kimi günbatan tərəfə idi. Birdən uzaqlardan uğultulu səslər gəlməyə başladı. Səslər get-gedə güclənir, daha aydın eşidilirdi. Günün şüalarından güclə sezdirə bildik ki, qarşıdan düz, bizə doğru üç messerşmittin (almanların müharibə zamanı istifadə etdiyi əsas hərbi-qırıcı təyyarə - red.) uçur. Cəfər Xəndanın cəbhəyə bələdliyi məndən çox idi. O, batalyon komissarı olmuşdu. Üç nəfər idik. Messerşmittləri görcək Cəfər tez göstəriş verdi ki, "Cəld girin günəbaxanlığa, ayaqqabılarınızı çıxarıb özünüzdən xeyli uzaq atın!". Ayaqqabılarımız geyimimizdən fərqli olaraq qara idi. Təyyarədən qara nə varsa, daha tez gözə çarpır. Gözümüzü yumub, qaçaraq halda özümüzü günəbaxan tarlasına sala bildik. Ayaqqabılarımızı çıxarıb kənara, özümüzdən gücümüz çatan qədər uzağa tulladıq. Messerşmittlər günəbaxanlıqdan keçəndə bir neçə sıra atəş açıldı... Ardınca yenə tükürpərdən uğultunu dinlədik. Təyyarələr burdan uzaqlaşdı. Ətrafa sükut çökdü. Hələ danışmırdıq. Elə bil, hərə öz ürəyinin çırpıntısına qulaq asırdı. Sonra arxayınlaşıb, sakitləşib getdik ayaqqabılarımızı axtarmağa. Soruşun, ayaqqabılarımız nə kökə düşmüşdü? Onları əlimizə götürəndə gördük, güllələrdən aşsüzən kimi deşik-deşik olublar...
   Üçüncü dəfə ölümlə 1945-ci ildə üz-üzə gəldim. Yenə hansı bir qüvvəsə məni əcəlin gözündən yayındıra bildi. "Vətən səsi" qəzetinin redaksiyası Təbrizdə yerləşsə də, Ərdəbil, Xoy, Astara və digər şəhərlərlə də əlaqə saxlayırdıq. Mirzə İbrahimov və Həsən Şahverdiyevdən sonra Mikayıl Rzaquliyevi təyin etmişdilər bizə redaktor. Bir gün Rzaquliyev bildirdi ki, "Mütləq Ərdəbilə getmək lazımdır. Orda pullarımız qalıb, götürməliyik". Tərs kimi maşınımız bu məqamda xarab olmuşdu. Məcbur olub yola çıxdım və yoldan keçən maşınların birinə əyləşib Ərdəbilə yollandım. Meşə ilə gedirdik. Qaranlıq düşmüşdü. Birdən balaca bir daxmadan zəif işıq gəldiyini gördük. Ərdəbilə, təxminən, 7 km qalırdı. Sürücü mənə müraciətlə dedi:
- Ağayi zabit, o qarşıdakı işıq gələn çayxanadır. Gəlsənə, orda əyləşib çay içək, azca dincimizi alaq.
   Mən məmnuniyyətlə onun təklifi ilə razılaşdım. Susuzluqdan boğazım qurumuşdu. Çayxanaya girəndə tüstüdən göz-gözü görmürdü. Balaca, palçıqla hörülü bir tikili idi, ortasında ocaq yandırılmışdı. Ocağın ətrafına bir neçə kişi yığışıb, sulu qəlyan çəkirdilər. Divarda da nəsə bir dördkünc vardı. İndiyə qədər mənə aydın deyil, o pən-cərə idi, yoxsa şəkil. Keçib stol arxasına əyləşdik. Tədricən, gözlərimiz buranın yarıqaranlığına, tüstüsünə alışmağa başlayanda, mənə zillənmiş iki göz gördüm. Bir qarasaqqal, heybətli kişi idi, diqqətlə mənə baxırdı. Çalışırdım, əhəmiyyət verməyim. Gördüm, yox, deyəsən, bu baxışın sonu olmayacaq. Mən də başladım ona baxmağa. Dedim, bəlkə ar eləyib gözünü məndən çəkər. Az sonra qarasaqqal durub bayıra çıxdı və bir neçə dəqiqə keçməmiş, özü kimi saqqallılarla içəri qayıtdı. Onlar da mənə tamaşaya oturdular. Vallah, bu maraq yaxşı heç nə vəd etmirdi. Canımı üşütmə bürüyürdü. Bir də gördüm, hamılıqla durub çıxdılar bayıra. Çayçını da çağırdılar dişarıya. Ağır sükut çökmüşdü ortaya, çöldə, azca aralıdan farsca danışıq səsləri eşidilirdi. Çayçı içəri qayıdanda halı çox pəj-mürdə idi. Onun üzünə baxan kimi anladım ki, burda mənim başıma iş gətirəcəklər. Belimdən ehmalca tapançamı açıb kitelimin sağ cibinə qoydum. Əyilib heç nəyə əhəmiyyət verməyən, özü üçün ləzzətlə çaydan qurtuldadıb bir-bir şəkər muşqulat eləyən sürücünün qulağına pıçıldadım:
- Yüngül işim var. Gəl sən məni ora ötür, buralara nabələdəm.
- Xub, gedək ağa, - sürücü bir qurtum da çaydan içib ayağa durdu.
Bayırda o məni ayaqyoluna tərəf aparır, mənsə onu maşına tərəf itələyirdim. Hərəkətim ona qəribə gəldiyindən, səsini qaldırıb nəsə demək istəyəndə, mən yenə pıçıltılı, amma həddən artıq kəskin nidayla dedim:
- Sus! Min maşına, var gücünlə qazı bas, sürətlə burdan uzaqlaşaq! Sürücü yenə nəsə demək istəyəndə, tapançamın lüləsini gicgahında hiss elədi. Maşına minib işə saldı. Elə bu dəm arxadan əvvəl qaraqışqırıq, sonra atəş səsləri gəldi. Səslərdən sürücü ayılan təki olub, sürəti axıra qədər artırdı. Səslər uzaqlaşdı, eşidilməz oldu. Təhlükə yerini xeyli arxada qoyanda, Ərdəbilin girişində bayaqdan bəri nitqi tutulan sürücü udqunub dedi:
- Ağa, çayçının pulunu verə bilmədik.
- İnşallah, qayıdanda verərik.
Özümü gülməkdən güclə saxladım. Zalım oğlu, ölümün ağzından çıxmışıq, gör, nəyin dərdini çəkir. Ərdəbildə komendant niyə belə yubandığımı soruşanda dedim:
- Nir kəndində bir stəkan çay içməyə oturduq. Orda bir balaca səs-küy düşdü.
- Əşi, şir ürəyi yemisiniz, nədir?! Quldurlarla doludur ora. Məgər dünən o kənddə iki sovet əsgərinin qətlə yetirildiyindən xəbəriniz yoxdur?
Komendantın sözlərindən mənə aydın oldu, o saqqallılar niyə mənə elə zənlə baxırdılar. Bəli, mən azərbay-
canlıyam, amma onlar mənim simamda sovet vətəndaşı görürdülər. Bizim hamımızın üzündə sovet vətəndaşlığı yazılmışdı. Bax, beləcə daha bir ölüm təhlükəsini arxada qoydum.
- Sovet İttifaqı dağılanda buna münasibətiniz necə oldu?
- Birmənalı olmadı. O hökumətin yaxşı tərəfləri də vardı, pis tərəfləri də... Yaxşı tərəfləri o idi ki, adamları savadlandırdı. Ən ucqar yerlərdə belə məktəblər açdı. Kasıblar üçün oxumaq, işləmək imkanı yaratdı. Bizim alimlərin çoxu Moskvada təhsil aldı. Pis tərəfi o idi ki, biz aldandıq, bizim xalq təbliğ olunan ideyalara, məsələn, "xalqlar dostluğu" ideyasına inandı. Ermənilər isə yalandan özünü inanan kimi göstərib xalqımıza qarşı qəsd hazırladılar. Həmin ideyalara bizi inandıran sovet təbliğatı bir anın içində yoxa çıxdı. Biz çılpaq və sərt reallıqla üz-üzə qaldıq.
- Bununla belə, sizin sovet ideologiyasını, Oktyabr inqilabını tərənnüm edən əsərləriniz də var.
- Mənim bu mövzularda kitablarım, irihəcmli romanlarım var. Bəli, bunların müəllifi mənəm. Mən aldanmış xalqın yazıçısıyam. Biz aldanmışıq! Bununla belə, onu da deməliyəm ki, tərənnümçü yazılarla çıxış etmək o qədər asan iş deyildi. Bir dəfə Lenin haqqında "Hədiyyə" adlı bir hekayə yazmışdım. İlk dəfə proletariatın dahi rəhbəri haqqında bədii əsəri mən yazmışdım. Hekayəni "Kommunist"də çap etdirmək üçün qəzetin baş redaktoru Əli Vəliyevə verdim. Əli mənim dostum idi. Amma hekayəni oxuyandan sonra, qəribə tərzdə üzüdönüklük göstərdi:
- Mən bunu çap eləyə bilmərəm.
- Niyə?
- Elə! Bu vaxtacan onun haqqında hekayə yazılmayıb.
- Yazılmayıb, indi mən yazmışam da...
Əli Vəliyev mənim inadkarlığımı görüb, qərara gəldi Mərkəzi Komitəyə, ideoloji katib Həsənova telefonla zəng vurdu və açığını deyim, məni xeyli tərifləyəndən sonra bildirdi ki, belə bir mövzuda hekayə yazılıb, necə baxırsınız? Həsənov bizi öz yanına dəvət etdi. Bu məqamda mən Əlinin etirazını anlayıb, az qala, peşmançılıq keçirməyə başladım; düşündüm ki, "Deyəsən, özümü xataya saldım". Hekayəni Həsənov üçün oxuyandan sonra o, bir müddət fikrə getdi. Sonra Əliyə tərəf dönüb dedi:
- Yaxşısı budur, bunu kişinin özünə göstərək.
O saat anladım ki, söhbət Mircəfər Bağırovdan gedir. Dizlərim titrədi. Başladım özümü söyməyə: "Əşi, mən nə qələt elədim? Mövzu qəhət idi?!". Bağırova xəbər çatan kimi, o da dedi: "Gəlin yanıma".
Mən indi də o kabinetdən içəri necə girdiyimi təsəvvürümə gətirəndə həyəcanlanıram. Əli Vəliyev gəlmədi. Ehtiyat etdi. Həsən Həsənov keçib oturdu Bağırova yaxın bir stulda. Mən də ayaqüstə dayanmışam.
- Keç əyləş, - Bağırov diqqətlə mənə baxandan sonra dedi.
İstədim arxa, qapıya yaxın stulların birində oturum.
- Orda yox, yaxına gəl otur, - deyə Bağırov bir az da ciddi tərzdə göstəriş verdi.
Həsənov o zaman Təbrizdə bizimlə işləmişdi, məni tanıyırdı. Şifahi məni təqdim etdi, yaxşı xasiyyətnamə söylədi haqqımda. Bağırov başını yelləyib, yenə vahiməli səsiylə mənə dedi:
- Oxu görək, nədir yazdığın.
Mən tez-tez, dilim dolaşa-dolaşa başladım hekayəni oxumağa. Birdən yenə Bağırovun səsi qulaqlarımda
cingildədi:
- Bu necə oxumaqdır? Mən heç nə başa düşmürəm.
İmkan olsaydı, bir kənara çəkilib ağlardım. Bu mənim üçün bəlkə də o anda ən böyük təsəlli olardı.
- Haralısan? - Rəhbər soruşur məndən.
- Bakılı.
- Bakı böyükdür, konkret hardansan?
- Mərdəkanlıyam.
- Yavaş oxu, mərdəkanlı balası.
Həsənov da təskinlik verən kimi mənə pıçıldadı:
- Qılman, bir az yavaş oxu.
Yavaş-yavaş, ahəstə oxuyub qurtardım hekayəni. Bağırov məmnun halda başını yelləyib azca gülümsədi və üzünü Həsənova çevirib rusca dedi:
- Nu çtoj, mojete peçatat.
Elə bil, üstümdən dağ götürüldü, Elə nəfəs aldım ki, deyərdin, dünyanı bağışlayıblar mənə. Bu hadisədən sonra həvəslənib həmin mövzuda silsilə hekayələr yazdım. Daha bir nəfər də olsun mənə Lenin haqqında yazmağımla bağlı heç nə deməyə cürət etmədi.
- Bu yazıların sizə xeyri oldu?
- Ad verdilər, irəli çəkdilər. Əlbəttə, xeyri oldu.
- Bilavasitə öz həyatınızdan, görüb-təsirləndiklərinizdən necə, yazmağa vaxtınız olurdu?
- Bütün bu yazdıqlarım müəyyən ideoloji yöndə olsa da, bilavasitə mənim həyatımdan gəlib-keçən hadisələrdir. "Şimal küləyi", "Madam Qədri" kimi romanlarda təsvir etdiyim hadisələrin çoxunu öz gözümlə görmüşəm. Bunlar bizim həyatımız idi. Bugünkü gəncliyə elə gələ bilər ki, guya bütün bunlar hansısa bir fantaziyanın məhsuludur. Amma unutmayın ki, mənim yazdıqlarım, orda ifadə olunan ideyalar bizim yaşadığımız gerçəklik idi. Mən realist yazıçı olmuşam, hal-hazırda da stolumun üstündə gördüyünüz əlyazmaları, hələ tamamlanmamış əsərlər realist üslubda yazılır. Onların hamısı bir ünvandan gəlir - həyatın özündən. Uşaq və gənclik çağlarımızda dənizə getməyi xoşlardıq. Xüsusilə yay aylarında səhər yığışıb gedərdik dənizə, bir də axşam qayıdardıq. Nə qədər məqamlardan, nə qədər maraqlı hadisələrdən təsirlənirdim o günlərdə. Bunların hamısı mənim "Sərvinazım mənim" adlı romanımda öz əksini tapdı. Bədii əsərlərimdə həyatiliyə üstünlük vermişəm. Ona görə də dövran dəyişsə də, bir quruluşun əvəzinə başqa quruluş gəlsə də, ideologiyalar çəkilib tarixdə qalsa da, mən öz əsərlərimdən arxayınam. Onlar dövrün sənədidir, onlar öz həyatiliyi ilə bu gün müasirdir.
- Siz Bakı haqqında publisistik əsər də yazmısınız.
- "Bakı və bakılılar" kitabı hamı tərəfindən böyük maraqla qarşılandı. Bu kitab tarixçilər üçün böyük maraq kəsb edirdi. Onların dilindən eşitdiyimi sizə çatdırmaq istəyirəm: "Qılman müəllim, siz bizə dəyərli hədiyyə bəxş etdiniz". Mənim mərhum dostum, birlikdə institutda oxuduğum Manaf Süleymanovun da Bakı haqqında yazdığı "Eşitdiklərim, gördüklərim, bildiklərim" adlı kitabı olduqca əhəmiyyətli əsərdir. Doğrudur, orda bəzi özündənəlavələr də yox deyil. Bununla belə, orda Bakının özü var.
- Orda milyonçulardan, ziyalılardan yazırsınız, onları özünüz görmüsünüzmü?
- Atam Murtuza Muxtarovun podratçısı olub. Uşaq vaxtı onların bağında olardım. Hacı Zeynalabdin Tağıyev mərdəkanlı idi. İnqilabdan əvvəl Mərdəkandakı bağına gedib-gələrdi. İnqilabdan sonra, Bakıda Şura hökuməti qurulanda köçüb-gəlib Mərdəkandakı evində yaşadı, ta ölənəcən. Hacı 1924-cü ildə vəfat eləyəndə mən də onun yas məclisində iştirak eləmişəm. Olduqca böyük, təmtəraqlı məclis idi. Onun dəfnində iştirak etmək üçün çox yerlərdən adamlar axın-axın Mərdəkana gəlirdilər. Bütün kəndimiz orda idi. Bizim kənddə deyilən kimi, "Mən də Hacının halvasını yemişəm". 9 yaşım vardı. Amma o zaman 9 yaşlı uşaq artıq dünyanın bərkini-boşunu görmüş olurdu. Həmin vaxtlar 9 yaşlı uşaq gedib işləyib, evə pul qazanırdı. Odur ki hadisələri də görüb, yadımda saxlaya bilmişəm.
- Hacının məclisinə Nəriman Nərimanov da gəlmişdi?
- Yox. O məclisə Nəriman Nərimanov gəlməmişdi. Nərimanov ondan bir az əvvəl, elə həmin 24-cü ilin əvvəllərində Mərdəkanda olmuşdu. Onun əsəri əsasında Mədəniyyət evində hazırlanmış "Nadir şah" tamaşasına baxmağa gəlmişdi.
- Bu zaman gedib Tağıyevlə görüşmüşdümü?
- Onu bilmirəm. Bu barədə məndə məlumat yoxdur.
- Sizdən yaşlı olan nəslin yazıçı və şairlərindən daha çox təsirləndiyiniz, öyrəndiyiniz və qiymətləndirdiyiniz kimlər olub?
- Mən Hüseyn Cavid, Cəfər Cabbarlı, Seyid Hüseyn, Cəlil Məmmədquluzadə və onlarca nəhəng ədiblərin ovcundan su içmişəm. Onların arasında mənim üçün ən əziz olanı, yazı üslubu, savadı, dünyagörüşü, ensiklopedik bilikləri ilə heyran qoyan, sevdiyim və hörmətini bu günə qədər uca tutduğum yazıçı Yusif Vəzir Çəmənzəminli idi. Onunla hər görüş mənim üçün yeni bir aləm açırdı. Onun ədib kimi, insan kimi mədəniyyətindən onlarca kitab yazmaq olar. Neçə-neçə dil bilirdi. Cəlil Məmmədquluzadəni illər keçdikcə daha dərindən dərk eləyirəm. Onun "Ölülər" əsərini dünya ədəbiyyatının incisi hesab edirəm. Gör öz xalqına, bu xalqın adamlarına nə qədər bələd olmalısan ki, belə cəsarətli dramaturji vəziyyət yarada biləsən. Qəhrəman göz qabağında ölüdiriltmək möcüzəsini göstərməyə hazırdır. Çünki bilir ki, bunu sonda heç kim istəməyəcək. Bu əsərin özü möcüzədir.
- Dönüb geri baxanda yaşadığınız bu uzun ömrü xoşbəxt hesab edə bilirsinizmi?
- Mən xoşbəxtəm. Ona görə yox ki, ömrüm uzun olub. Uzunömürlülük xoşbəxtlik deyil. Yaşadığım həyat zəngin olub, mənalı hadisələrlə bol olub. Tarixi hadisələrdən keçmişəm. Bu hadisələrdə iştirak etmişəm. Mən yazıçı kimi xoşbəxtəm. Oxucularım olub. Əsərlərimə filmlər çəkilib. Dərsliklərdə mənim əsərlərimi öyrəniblər. Nəslimlə fəxr etdiyimə görə xoşbəxtəm. O nəsil yazıçılardan, deyəsən, tək mən qalmışam. Hamı dünyasını dəyişib. Onlarla mən fəxr edirəm. Ailəmlə mən fəxr edirəm. İki oğlum, bir qızım olub. Qızım üç il bundan əvvəl rəhmətə gedib. İndi onun uşaqları Misirdə yaşayır, işləyir. Digər nəvələrim və nəticələrim Kanadada yaşayıb-işləyirlər. Nəticələrimdən bəziləri təzəcə doğulub. Onlar məni görməyə gəlirlər. Onları qucağıma götürəndə özümü xoşbəxt hiss edirəm. Öz prinsipimə dönük çıxmadığım üçün xoşbəxtəm. Həyatda mənim bir şüarım olub: "Başqalarına etdiyim yaxşılıqları və başqalarının mənə etdiyi pislikləri dərhal unutmalı!". Bütün naqisliklər burdan doğur. Kiməsə yaxşılıq edib yadında saxlayırsansa, deməli, həmin adama və ümumiyyətlə, ətrafa təmənna ilə yanaşmağa başlayırsan. Nə isə dünyada sənin bu umacağına, sənin bu təmənnalı münasibətinə tən gəlmədi əsəbiləşirsən, narazı qalırsan, başlayırsan hamını qınamağa. Özün üçün cəhənnəm yaradırsan bu həyatda. Yaxud kimsə sənə pislik etdi və sən onu yadda saxladınsa, deməli, daim əvəz çıxmaq məqsədilə yaşayacaq, ağ gününü qara edəcəksən. Yaxşısı budur, bunların ikisindən də uzaq olasan. Bax, bu şüara həmişə sadiq qaldığıma görə xoşbəxtəm. 30-cu illərdə "Allahsızlar cəmiyyəti" var idi. Çox adam öz işinin xatirinə gedib, bu cəmiyyətə üzv yazılırdı. Mən isə Allaha inamımı Mərdəkandakı evimizdə, dindar ailəmizdə cocuqkən necə qoruyub-saxlamışdımsa, indiyə qədər, böyük bir tarixi, dünyanı lərzəyə salan bir dövlətin tarixini keçib, arxada qoyduğum müddətə qədər qoruyub-saxlamış və buna görə özümü xoşbəxt sanıram. İndi mənim 94 yaşım var. Hələ də masa arxasında oturub, yeni əsərlər yazmaqdayam. Hələ də iş başındayam. Deməli, xoşbəxtəm!

Qələmə aldı: N. Bədəlov

 

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107