 |
Qəzənfər Kazımov. Roman-Sarkazm
Son illərin nəsri keyfiyyət, bədii forma və sənətkarlıq axtarışları baxımından tədqiqat üçün zəngin material verir. Çoxu ən’ənəvi nəsr üslubunda olsa da, bu əsərlərdə fərdi-üslubi yenilik meylləri güclüdür. Dünya romanında olduğu kimi, ilkin müşahidələr göstərir ki, yeni Azərbaycan nəsrində də vahid forma, vahid ”üslub” yoxdur və əslində, bu, mümkün də deyil. Hər bir həcmli nəsr əsərində — o nəsrdə ki, o, ədəbi hadisə sayılır — ənənəvi olmayan bir quruluş-forma, süjet yeniliyi ilə qarşılaşırıq. Bu, yaradıcılığın ümumi prinsipindən irəli gəlir: yazıçının fərdi özünəməxsusluğu onun sənətkar taleyinin əsası, ilkin şərtidir. Bədii əsərdə keçmişin və indinin, indinin və gələcəyin dialektik vəhdəti bizim müasir dünyamızda yazıçının mövqeyini müəyyən edən əsas cəhətdir. Ədəbiyyatımızda 60-70-ci illərin nəsri ”yeni nəsr” adlandırılır. Onun əsas əlamətləri ”geniş miqyaslı, çoxplanlı təsvirləri qəbul etməməsində, həyatı, insan varlığını məhdud bir ölçü daxilində təsvir etmək meylində ”görülür: ”Bu nəsr hər şeyi bir rəngdə — çəhrayı və ya qara rəngdə görmək istəmir, insanları müsbət və ya mənfi, təqlidə və ya inkara layiq deyə iki qismə bölmür”, ”ucdantutma hər şeyi izah etməyə deyil, bu dünyanı dərk edib anlamağa can atır”, ”mənfi qəhrəmanda da insanı görə bilir”, ”igidlik, namus, ləyaqət, vicdan kimi yüksək keyfiyyətlərin müstəsnalığını deyil, ümumiliyini təsdiqləmək” yolu ilə irəliləyir və s. 1. Problemin zəruriliyi, cəmiyyəti daha çox düşündürən məsələlərə canatma meyli, həm də bunun yüksək poetik tələblər səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə ifadəsi cəhdi nəsrimizin hazırkı uğurlarını şərtləndirən əsas amillərdəndir. Nəsr ustaları mövzu və forma axtarışları yolunda dəfələrlə götür-qoy etməklə, fikrin emosional-estetik ifadəsinə, üslub və forma yeniliyinə, kəmiyyət və keyfiyyət əlaqələrinin vəhdəti prinsipinə ciddi fikir verirlər. Son illərin bədii salnaməsinə daxil olan bir sıra roman və povestlər cəmiyyətin sosial-mədəni uğurlarını, irəliləyişə, yüksəlişə mane olan fərdi və ictimai əngəlləri, keзmişin faciəli səhnələrini əks etdirmə gücü, fikir yeniliyi, yazıçı cəsarəti ilə insanın inkişaf və mübarizəsinə, əxlaqi-mə’nəvi keyfiyyətlərinin zənginləşməsinə tə’sir edir, hafizələrdə dərin izlər buraxır. Bu əsərlərin bir çoxu köklü əngəlləri mühakimə meydanına çəkməklə, həmin əngəllərə qarşı ictimai mübarizə əzmini gücləndirmək ehtirası ilə yanaşı, ictimai bəlaların bir çoxunun ömürlülüyünü, insanın mə’nəvi tərbiyəsi — humanizm və vicdan məsələləri ilə bağlı olduğunu təsdiq edir, nəhəng sosial problemlərin bədii tədqiqi ilə özünün tarixi yaşarlıq taleyini də şərtləndirmiş olur. 60-70-ci illərin nəsri informasiya vermə imkanları, daxili çeviklik və dinamizmi ilə müasir oxucunun tələb və istəklərini ödəmək baxımından hazırkı yüzilliyin inkişaf sür’əti ilə daha çox ayaqlaşır. Bu cəhətdən Sabir Əhmədovun dalbadal nəşr etdirdiyi romanları yada salmaq kifayətdir. S. Əhmədov uzun-uzadı və mə’nasız dialoqlarla mətləbi uzatmağı xoşlamır. Çox zaman dialoqları da şirin təhkiyə dilinə uyğunlaşdırır. Bu cəhət gözlənilməz replikaların aktuallaşdırma, düşündürmə imkanlarını daha da artırır. ”Yasamal gölündə qayıqlar üzürdü” (1979-1980) romanı da eyni keyfiyyətlə yazılmış maraqlı bir əsərdir: ”Uşaq uman yerdə allah da tərsləşməz. Uşaq allahdan böyükdü. Dedi maşın alacam. Böyük oğlan güldü. Qız da, ana da güldülər. Balaca soruşdu: Hə vaxt alacaqsan? Sən onuncu sinfə çatanda. Onda sən olmayacaqsan, — dedi balaca oğlu”. Öz strukturu və fikir intensivliyi baxımından bu nəsri 20-30-cu illərin nəsri ilə eyniləşdirmək olmaz. S. Əhmədovun və indiki bir çox yazıçılarımızın bədii nəsri oxucudan hazırlıq, yüksək səviyyə, güclü duyum tələb edir, cümlə-cümlə, sətir-sətir hər şeyi açıb söyləməyə, təfərrüata varmağa, ”kim dedi”, ”necə dedi” təfərrüatı ilə əylənməyə ehtiyac duymur. Gərək kiçik bir işarədən anlaya biləsən ki, bu sözü kim deyib, hansı obraz nəzərdə tutulur, kimə işarə edilir. Həm də bütün bunlar sür’ətli oxu prosesində əsas fikrin daşıyıcılarına obyektiv münasibətin formalaşmasına səbəb olmalıdır. Uşaq haqqında söhbət getdiyi halda, birdən-birə ”dedi maşın alacam” fikri meydana çıxır. Bu sözləri uşaq da deyə bilərdi. Lakin balacanın soruşduğu ”Hə vaxt alacaqsan?” sözləri, sonrakı ifadədə bu və’din gələcəyə atılması, uşağın qəflətən dediyi ”Onda sən olmayacaqsan” sözləri dialoqların qovuşuğundan qurulmuş bu təhkiyənin düzgün başa düşülməsinə, hadisələrin intensiv qavranılmasına imkan verir. Təhkiyə çox zaman bu cür intensiv — incə əlaqələndirmələrlə davam etdirilir. S. Əhmədov emosionallıqdan və sosial məzmundan məhrum boş söz və ifadələrlə oxucunu küyə basmaq üsuluna yabançıdır, aydın, sərrast söz və ifadələrlə fikrin bədii ifadəsinə nail olur, buna görə də replikaları adətən yığcam olur. Əsərin qəhrəmanı Hikmət yüksək mükafat aldıqda iste’dadı olanlara yol açmaq, onların da yüksəlişinə çalışmaq barədə uzun-uzadı mə’ruzə qurmur, ”Biri qalxdıqdan sonra nərdivan qırağa atılmamalıdır” sözləri ilə həmkarlarına qol-qanad verir. Yazıçı heç vaxt obyektiv həqiqəti saxtalaşdırmağa, təhrifə çalışmır, onun əsərlərində təbiət də, insanların əhval-ruhiyyəsi, düşüncə və davranışları, inam və əqidəsi də təbii, real və inandırıcı təsvir edilir. Hikmət müəllim çox təmkinlidir, ona dünya şöhrəti qazandıran mükafatın sədasını eşitdikdə ilk anlar tərəddüdlər, inamsızlıq baş qaldırır, güclü iradə sahibi olan bu adam sevincini boğa bilir. Layiq olduğunu bilə-bilə, zəhmət və iste’dadına belə yüksək qiymət verildiyini eşitdiyi gecənin bir aləmində bu xəbərə inanmamağa, bu xəbəri yalana çıxarmağa, təmkinini pozmamağa çalışır, bilə-bilə ki, gecənin bu vaxtında heç vaxt onlara su gəlməyib, L. H. Tolstoyun bə’zi qəhrəmanları kimi fal açır, lakin açdığı fal şad xəbərin yalan olduğunu sübut edə bilmir: ”Mö’cüzə, doğrudan da, mümkünsə, qoy onda gecənin bu vaxtı, bu saatda su da gəlsin. Köhnəlmiş, şiri tökülmьş burmanca əl uzatdı, açdı. Ağ metal lüləyin ağzından axır nəfəs təki öksüz bir hənir çıxdı və susdu. Bax belə!” Obrazların xarakterini səciyyələndirmək üçün də yazıçıya çox söz lazım olmur. Kiçik bir işarə, bir detalla obrazın əsas cizgilərini oxucuya çatdıra bilir. Gecəyarısı, müəllifin özünün dediyi kimi, ”bir qəfəsə sığa bilməyən bu xəbəri bölüşmək, öz sevinci ilə tək əlbəyaxa qalmamaq üçün” Hikmət müəllim arvadını oyatmaq, onu xəbərdar etmək, sevindirmək istəyir, lakin yaxşı bilir ki, ”bir adamın yox, bəşərin ömründə baş vermiş nadir hadisəni də çatdırsan, ”Mağazada ”bərf” satırdılar” sorağından artıq fərq qoymayacaq.” Və həqiqətən də Hikmət onu oyadaraq: ”Mənəm... bizim bəxt ulduzumuz doğub” dedikdə arvadı dəhşətli bir istehza ilə ”Yeri yat!” deyib yorğanını başına çəkir. Yazıçı insan təbiətindəki ziddiyyətləri dərindən duyur, onların etik-psixoloji köklərini, müasir vəziyyətini qabarıq əks etdirir. Hikmət düz düşünür: cəmiyyətin mühüm bəlalarından biri insanların bir-birini düzgün qiymətləndirmək istəməməsidir, — ”Biz bir-birimizin nəyə qadir olduğumuzu anlamaq istəmirik.” S. Əhmədovun roman üslubunda daxili-psixoloji keçidlər, gözlənilməz fikirlərin assosiativ düzümü bizi son dərəcə mürəkkəb insan həyatının rəngarəng sirləri ilə tanış edir. Onun əsərlərini üzdən oxuduqda gözəgörünməz bir pərdə kimi dərin qatda yerləşən istehza o qədər də hiss olunmur. Əslində isə bir çox hallarda obrazlara yazıçı münasibətinin ilk hüceyrələrini yumor və ya istehza təşkil edir. Bu istehza hadisə və obrazlara gizli komik münasibətdən, nikbin əhval-ruhiyyədən doğur. ”Yasamal gölündə qayıqlar üzürdü” romanında məsxərə və istehza daha güclüdür. Savadsızlığına görə direktoru çoban və ona tabe olub mütiliklə gün keçirənləri qoyun hesab edən Səməndər münasibətini bircə kəlmə ilə ifadə edir, hamı da onu başa düşür: ”Gəlin görüşün! Mə-ə-ə!... ” Onun fikrincə, ”Çoban olub çobanlıqda qalmaq alim olub çoban qalmaqdan min pay şərəflidir.” ”Qoyunları” tanıtmaq üçün, onların gəldiyini bildirmək üçün bircə kəlməsi kifayət edir: ”Kadrlar şö’bəsi! Mə-ə-ə!” Səməndər direktorun çobanlığını üzünə deyir. O elə bir mühit yaratmışdır ki, çobanlar çoban kimi hərəkət etdikdə, Səməndər deməsə də, onlar öz çobanlıqlarını hiss edirlər: ”Təkcə direktora yox, Hikmətə də elə gəldi ki, Səməndər sözünü deyib qurtarandan sonra bir ağız qoyun kimi mələdi. Bundan sonra direktor deməyə söz tapmadı.” Rəmzlərin, məcazların, istehza və məsxərənin kəskinliyini duymaq üçün romanın adına və bu adın mahiyyətinə diqqət yetirmək kifayətdir: Yasamal gölündə qayıqlar üzürdü. Göl var — bu, ”Qanlı göl”dür. Bəs qayıqlar? Müəllif bu göldə hansı qayıqlardan söz açır? Romanda bu göl epizodik şəkildə cəmi iki-üç dəfə xatırlanır. Həqiqi mə’nada qayıqlardan söhbət getsə idi, göldə qayıqlar təsvir olunmalı, həzin, lirik səhnələr yaradılmalı və bəlkə baş qəhrəman özü də bu qayıqlarla seyrə çıxmalı və ya onları—seyrə çıxanları müşahidə etməli idi. Lakin Sabirin fəlsəfəsi bu cür üzdə deyil, çox dərindədir. Bu müqayisə və qarşılaşdırmalar o qədər aralı, ağlagəlməz və incədir ki, əsərlə bilavasitə tanış olmadan ”qayıq”ların mahiyyətini anlamaq olmaz. Budur, Sabirin qayıqları bunlardır: ”Göl qəbiristan yamacının ayağını döyürdü. Oranın torpağını altdan-altdan oyur, bıçaq təki kəsir, tez-tez uçqun baş verir, təzə, köhnə tabutlar gölə tökülür, qayıq təki üzürdü. ”Qanlı göl” qəbiristanı yeyirdi. Xəzəlləşmiş qovaq yarpaqlarının acı tamı duyulan payız gecəsinin yarıdan ötdüyü vaxtda oralardan bir göyşək həniri sezilirdi.” ”Göyşək həniri sezilirdi”, ”qəbiristanı yeyirdi” kimi ifadələr bizdən asılı olmayan qüvvənin işini real, kədərli bir dil ilə əks etdirir. Və yenə: ”Gölün həniriydi, yamacın ayağını oyur, didirdi. Oradan, alçaqdan eşidilən bir şappıltı qopdu. Bu səslə bərabər daha nə baş verdiyi ağlına gəldi; torpağın böyük bir parçası yarıldı, ayrıldı, gölə aşdı. Arasından kolaz, qayıq təki uzun qutu düşüb suyun üzündə dolaylandı. Qutu da parçalanıb iki bölündü. İçindəki olan-olmaz dağılıb, selləyib qıraqları çığnayan gölün köpüyünə qarışdı... ” Göl də, qayıq da budur. Amma romanın üzərində həqiqi qayıq və qayıqda gənc sevgililər çəkilib. Bu, sarkazmdır, kinayənin, istehzanın ən yüksək formasıdır. Əsərə belə yüksək bir məharətlə ad verilib. Bu, həyatın o biri üzüdür. Bütün bunları insan görür, dərk edir, lakin dərs ala bilmir. Gəncliyində Hikməti dəlicəsinə sevən, lakin onun ”kəndçiliyini” bəyənməyən Billur tədricən ondan soyuyur, istehzaya keçir: ”Kənddə qırmızıyanaq qızlar var, Manqa başçısı!” və varlı, vəzifəli birisinin evinə köçür, ”şlyapalı ledi” kimi yaşayır, qızlarını ”kiçik ledi”, ”bir cüt qrafinya” kimi böyüdür, lakin bir neçə il keçməmiş, ürəyindəki dəhşətli boşluğu görüb, var-dövlət, cah-cəlal, brilyantlar içərisində son dərəcə yoxsul bir həyat keçirdiyini anlayır, ömrünü puç etdiyini dərk edir. Hikmət onunla görüşərkən başa düşür ki, ”bütün o dəbdəbə, təntənə, hərdən qəşşə çəkmək, dilavərlik onun bağrından qopub gələn ahın” o biri üzüdür. Romanda bir dəfə də olsun bilavasitə işarə edilməsə də, hiss olunur ki, mə’dəaltı vəzdəki şiş bu gözəl ”ledi”ni vaxtından əvvəl Yasamal gölündəki qayıqlara tərəf aparır. Sən eyş-işrət içərisində dolanasan, balaca qızlarının barmağındakı üzüyün qiymətinə ”əlli gəlini bəzəmək” mümkün ola, sənin qarşındakı adam — bir vaxt bəyənmədiyin, öz sevimli övladına bir velosiped ala bilməyən şəxs insanları və dünyanı yaşatmaq üçün dünyanın mö’cüzəsini yarada, — həyatın təəssüf dolu ziddiyyətləridir. S. Əhmədovun bu cür ümumiləşdirmə qabiliyyəti başqa romanlarında da özünü göstərir. Yazıçının belə geniş qarşılaşdırma və müqayisələri ilə yanaşı, konkret müqayisələri də təbii və sərrastdır; həm komik, həm də ciddi müqayisələrində obrazlı təfəkkür çox uğurludur: ”Şubanı dağının ətəyindən yenə qatar keçirdi, uğultu dərəyə düşürdü, elə bil, çay daşmışdı.” Yaxud, rəğbət bəsləmədiyi direktorun başının təsviri: ”O idi, direktor, Səlim Xəliloviç, başı açıqdı, yumurtanın içinə oxşayırdı: saralan daz, dövrəsi ağ. ” ” ... onun laboratoriyası Ema, direktoru Rozadı, filtri Zəminədi, sintezi də təzəcə gətirdiyi Zərifə.” Oxucu artıq sözə ehtiyac duymadan direktorun ”şəxsi” keyfiyyətləri ilə ətraflı tanış olur. Sabir Əhmədov həyatın hər üzünü, həm keçmişini, həm indisini, həm də gələcəyini, həm səbəbi, həm də nəticəni özünəməxsus bir üslubda ümumiləşdirməyi bacaran usta yazıçıdır. Onun əsərlərindən oxucular müasirlərimizin mə’nəvi-psixoloji aləmi barədə ensiklopedik mə’lumat ala bilərlər.
çap versiyası
poçtla göndər
© Lit.az
|