 |
Tofiq Abdin. Ad qovğası
Tənqidçi Yusifli qardaşlarından birinə - Cavanşirə rast gəlirəm metrodan çıxan kimi və həmən də ədəbiyyat haqqında söhbətə girişirik on-on beş addımlıq yolda. Mən ona deyirəm ki, Nərgiz xanımın sizin haqqınızda gözəl bir məqaləsini oxudum. "Asan deyil bu cür yazıları yazmaq" - deyirəm. Gülümsünür və "bir az düşüncə tərzimiz yaxın, bir az da onun özünün məlumatı və yanaşma tərzi maraqlı" - deyir Cavanşir Yusifli məmnunluqla. Açması bəlli: hər adam Nərgiz xanımın qələminə tuş gəlmir. Bu da var. Yazarlar Birliyinin qurultayı qabağı eynən əskilərdə olduğu kimi plenumlar... yox, bir az başqa formada, yenə ədəbi janrlar üzrə məruzələr edilir və bu məruzələrdəki fikirlər əskilərdən fərqli olaraq mən bilən heç kəs tərəfindən yoxlanılmır və hətta heç Yazarlar Birliyi İdarə Heyəti də bu məruzələrdə kimlərdən danışılacağını qabaqcadan bilmir və bunu da, heç şübhəsiz, mən Yazarlar Birliyindəki demokratik ortamla, ab-hava ilə bağlayıram ki, hələ də buna şübhə ilə baxanlar var və olacaq. Bu demokratik ortam, ab-hava az məsələ deyil. Məlumdur ki, o zamanlar hər bir məruzə (mən o ortamın içində olmamışam, amma eşidirdim bütün bunları) bir neçə əldən keçirdi və Mərkəzi Komitə kimi mötəbər bir yerdən keçəndən sonra o plenumlarda bu söhbətlər baş tuturdu. Və bir çoxları bir çox şeyləri qabaqcadan bildiyi üçün inciklik olurdusa da, bu qədər olmurdu. Mən olmamışam, öncə nəsr və dramaturgiya haqqında məruzəni Elçin Hüseynbəyli eləmiş, sonra da poeziya haqqında populyar tənqidçi Əsəd Cahangir ədəbi ortamın bir neçə günlük söz və söhbətinə nədən olan bir məruzə elədi. Ordan-burdan eşitdiklərimiz, bu məruzələr haqqında müxtəlif qəzetlərdə çıxan reportajlar və əsl həqiqət bir dava-dalaşa bağlanıb: NƏ ÜÇÜN MƏNİM ADIM YOXDUR. Bu motiv o qədər üstünlük təşkil edib ki, mən öz-özümə fikirləşdim ki, mənə bu məruzələr tapşırılsaydı, neylərdim: mən Yazarlar Birliyinin telefon kitabçasını qoyardım qarşıma, məsələn, poeziyada külüng çalan bütün şairlərin adını köçürərdim və "Eşq olsun sizə, hamınız sağ olun, hamınız yazıb yaratmısınız, hamınız hörmətə layiqsiniz!" - deyib tribunadan düşərdim. Vəssəlam. Bu məncə, ən ali və ən aqil bir məruzə olardı və bir az orijinal səslənərdi. Bir dəfə bir məclisdə bir şair dostumuz bu üsuldan bir balaca istifadə elədi, amma baxdıq ki, vallah adamlar qurcuxdular ora-bura. Ona görə mənim bu yolum da, orijinal bir yol olmasa da, bu ad çəkmək məsələsi o qədər interesan bir hal alıb ki, istedadlı tənqidçi Əsəd Cahangir bəlkə də mənim yazı-pozu ilə məşğul olduğum bu 50 ildə ilk dəfə idi ki, RƏSMİ BİR MƏRUZƏDƏ ADIMI ÇƏKİB və bədbəxtliyə bax ki, o zaman da mən özüm orda olmamışam. Bu vaxta qədər Azərbaycan Yazarlar Birliyinin heç bir janr üzrə müzakirəsində mənim adım və bir neçə, məsələn, mənim kimi yazarların - Azər Abdullanın və ya Əli Həsənli kimi yazarların adı keçməyib. Və inanın ki, mən bunu heç zaman keyfimə soğan eləməmişəm. Sağ olsun Əsəd Cahangir, mənim adımı anıb. İndiki halımda bu mənə heç bir şey verməsə də, amma bir az keyfli baxıram mən bu işə. Biz illər öncəsi də bu məsələ barədə danışırdıq öz aramızda və o zaman biz bunu başqaları üçün düşünürdük və o başqaları da bizim yanımızda gileylənəndə rəhmətlik Vidadi Məmmədov deyərdi: qardaşım, sənin adını da çəkiblər, bəs o VƏ BAŞQALARI nə deməkdir, sənin adın, bax, o VƏ BAŞQALARInın içərisində gedib. Vidadi Vidadi idi... Təbii, bu da bir xəstəlikdir. Olsun da. İnsanlar öz adlarını haradasa, kiminsə dilindən eşitməklə XOŞBƏXT olurlarsa, bunu onların əlindən almaq nəyə lazım?! Amma mən bu NƏRGİZ XANIM CABBARLI ilə ayrı bir "davanın qovğasındayam". Bu gözəl-göyçək tənqidçi Nərgiz xanım yenə o günlərdə bir xeyli insanın adını bir yerə yığıb və həqiqətən də o adlar hamısı maraqlı adlar və o maraqlı adlar içində mənim də adım. Nərgiz xanım "Mətbuat yazıçıları yeyir" və "İstedadlı sənət adamları KİV-in qurbanına çevrilirlər" yarımbaşlıqlı yazısında aşağıdakıları diqqətə çatdırır: "Müasir qələm sahibinin (sovet dövründə özü üçün gün-güzəran düzəltmiş yazarları nəzərdə tutmuram) dolanışıq yerlərindən xəbəriniz varmı? Heç şübhə etmirəm ki, var! Öz "bədii istehsalının" bəhrəsini görməyən yaradıcılıq sahibi mətbuata üz tutur. Nəticə? Acınacaqlıdır. Çünki mətbuat və bütünlükdə KİV istedadlı qələm sahiblərini yeyir. ...bizim mətbuatımız nə qədər istedadlı qələm sahibinin "axırına çıxıb" və çıxmaqdadır. Çünki hələ bizdə yaradıcılığı dəyərləndirmək ənənəsi formalaşmayıb... Müasir ədəbiyyatın KİV-də qonaq olan nə qədər nümayəndəsini tapmaq olar. Saysız-hesabsız. O qədər də dərinə getmədən üzdə olanları və imzası tanınanları sadalayaq. Elçin Hüseynbəyli, Salam, Qulu Ağsəs, İlham Qəhrəman, Qurban, Fəxri Uğurlu, Mahir Mehdi (artıq uzaqlaşıb), Zahir Əzəmət, Samir Sədaqətoğlu, Vaqif Yusifli, TOFİQ ABDİN (ayrıntı bizimdir), Həmid Herisçi, Əsəd Cahangir, Rasim Qaraca - yaradıcılıqlarını qəbul etdiyim və etmədiyim, amma imzaları kifayət qədər tanınan bu insanların hər biri ədəbiyyat adamıdır. Nəylə məşğuldurlar? Mətbuatda xərclənməklə..." Təbii, Nərgiz xanım mənim adımı da bu adlar arasında çəkib, amma bunu bilmədim: bu gözəl xanım mənim yaradıcılığımı (əgər belə demək mümkünsə) qəbul edir, ya etmir. Çünki özü də deyir: yaradıcılıqlarını qəbul etdiyim və etmədiyim, amma imzaları kifayət qədər tanınan bu insanların hər biri ədəbiyyat adamıdır. Təbii, Nərgiz xanımın bu adamların həyatına acımasını mən ürəkdən qəbul edirəm, amma... Belə bir sual çıxır: bu adamlar, içi mən qarışıq, elə Nərgiz xanımın özü də mətbatda yazılar ilə çıxış edirsə və hər biri zəhmətə qatlanıb qəzetlərə ədəbiyyat məsələlərilə bağlı bir şeylər yazırsa, nədən bunlar ədəbiyyat hesab olunmur? Baxın, budur, yenə də acı bir xəstəlik: ŞER VƏ NƏSR YAZAN CİDDİ ƏDƏBİYYAT ADAMI HESAB OLUNURMUŞ. Təbii, hər kəsin öz fərdi düşüncəsi var, bunu mən heç zaman inkar etmək iddiasına düşmədim, amma nə vaxta qədər ki, bizim gözəl tənqidçilərimiz həqiqi ədəbiyyatı şer və nəsrdə axtaracaqsa, o vaxta qədər də işimiz ağlamalı olacaq. Və inanın ki, bu xanım əfəndi mənim də adımı bu gözəl yazarlar sırasında çəkir və mən hələ də bu KİV deyilən şeyin nə olduğunu bilmirəm. Onu bilirəm ki, mən yazaram və yaşamım bu yazarlıqdan çıxır. BUNA GÖRƏ DƏ DURUB İLHAMIMIN NƏ ZAMAN GƏLƏCƏYİNİ GÖZLƏSƏM, O ZAMAN GƏRƏK ÖLƏM. Və o da var ki, heç bir şair indiki məqamda yalnız şer yazmaqla, nasir nəsr, roman uydurmaqla həyatını qura bilməz və biz buna artıq alışmalıyıq və ədəbiyyata geniş bir yelpazədən baxmalıyıq. Gözəl yazarımız Əkrəm Əylislinin bu günlərdə oxuyub bitirdiyim ƏYLİSDƏN ƏYLİSƏCƏN əsərini mən onun heç bir bədii yazısından əskik hesab eləmirəm və əsl ƏDƏBİYYAT nümunəsi sayıram. Yəni dediyiniz postmodern axınının özündə belə sənədlilik və günlük ədəbi yanaşma böyük üstünlük təşkil edir. Mən bu yazarın - Nərgiz xanımın yazılarını oxuyuram və mən onun yazılarının bəziləri barədə özüylə də söhbət edirəm, amma bu gözəl yazar da, mənim fikrimcə, bölgü məsələsində o birilərdən heç də geridə qalmır. O gün də halımızın pərişanlığı haqqında bir yazı yazmış (yuxarıda ondan sitatı oxudunuz) və ürək ağrısı ilə oxunur yazı, amma bununla barışmamağın özü artıq bizim heç birimizin qüvvəmizin daxilində deyil. Və mən yenə də düşünürəm: nədən bu gün məhz elə Nərgiz xanım Cabbarlının özünün yazdıqları ədəbiyyat deyil? Nədən ədəbiyyat yalnız şerdən və nəsrdən ibarət olur? Nədən? Təbii GÜNLÜK VƏ HƏFTƏLİK YAZI YAZMAQ hər adamın işi deyil və hər yazıdan da Amerika açılmasını gözləmək boş bir xülyadır. Bu qədər gözəl bir yanaşmanın içində məhz bir təəssüf hissinin gizlənməsinin səbəbi bu ki, indi ədəbiyyat yalnız ŞER VƏ HEKAYƏ, ROMAN yazmaq imiş. Hər nəysə, bu bir həqiqət ki, mən bu qədər yazarın adı arasında adımı görəndə sevindim: çünki Nərgiz xanım Cabbarlının qələminə hər adam tuş gəlməz. Təbii ki, bu içlər acısı fikirləri mən özüm də bir çox yazılarımda ifadə edirəm, amma bu gün ədəbiyyatın axını daha yalan-palan şeylər üstündə deyil, dəyirmanda kim kimlə pıçıldaşdı, kim kimlə sevişdi üstündə deyil. Daha bu cür uyduruq şeylərlə kimisə heyrətləndirmək zamanı keçib, məhz həyati məsələləri incə məqamları ilə yazıya gətirən bir incə publisistika üstündədir və bunun bizim ədəbiyyatımızda ən gözəl nümunələri var: Anarın SİZSİZ, Əkrəm Əylislinin ƏYLİSDƏN ƏYLİSƏCƏN kitabları... Amma bir həqiqət var ki, əgər Nərgiz xanımın fikrincə, bunun adını XƏRCLƏNMƏK qoysaq, o zaman DARAMB-DURUMB ŞER yazmaqdansa, bu cür xərclənmək bu xalqa daha çox şeylər gətirər, mənim fikrimcə.
çap versiyası
poçtla göndər
© Lit.az
|